“Neftçi”nin sabiq idman direktoru, hazırda agent kimi fəaliyyət göstərən Ceyhun Sultanov bir neçə gün öncə Belarusda olub. Veteran futbolçunun Minsk səfərinin təəssüratlarını, onu ora aparan səbəbi öyrənmək üçün özü ilə danışmağı lazım bildik.
Ceyhun bəy “Football-plus.az” saytına açıqlamasında bunları söylədi:
“Belarusa səfərimin məqsədi bəzi futbolçuları canlı izləmək idi. İstədiyimə nail olduğumu deyə bilərəm. Diqqətimi çəkən 2-3 oyunçu oldu ki, onlar da “Qarabağ”, “Neftçi” səviyyəsində olmasa da, başqa klublarımızda oynaya bilərlər. Açığı, istədiyim futbolçuları görə bilmədim. Ola bilsin gələcəkdə kimlərinsə yolu Azərbaycana düşə bilər, ancaq indiki vəziyyətdə məni qane edəcək səviyyədə oyunçu olmadı. Elə legioner gətirmək istəyirəm ki, komandasına fayda verəcək səviyyədə olsun”.
Hazırda Belarus futbolunda durğunluq yaşanır. Bu ölkənin nə klubları, nə də yığması beynəlxalq səviyyədə uğur qazana bilir. Sultanov bizimlə söhbətdə bunun nədən qaynaqlandığını da bildirdi:
“Səfər müddətində belaruslu futbol adamları ilə görüşlərim oldu. Bu gün Belarusda maliyyə problemi yaşanır. Klublarda çıxış edən legionerlərin də səviyyəsi əvvəlki illərdə olduğu kimi yüksək deyil. Bir vacib məqam kimi limit məsələsini də göstərmək olar. Bu faktorlar ölkədə futbolun inkişafının qarşısını alır. Qeyd etdiyim kimi səfər müddətində bəzi futbol adamları ilə görüşdüm, gələcəkdə əməkdaşlıq etmək yönündə razılıq əldə olundu”.
RƏŞAD