Azərbaycan futbolu üçün vacib gün idi.
“Qarabağ” yunanlara növbəti dərsini verib Avropa Liqasının qrupundan pley-offa vəsiqə qazana bilərdi. Hamı buna hazırlaşmışdı. Lakin həm ictimaiyyətdə, həm də mediada bir narahatlıq var idi. Səbəb isə bəlli deyildi. Ola bilərdi ki, yenidən dirçəlmək istəyən “Olimpiakos” “Qarabağ”ı doğma meydanda məyus etmək arzusunda olsun. Lakin bu o qədər də asan olmayacaqdı.
Oyunun başlamasına 1 saatdan çox qalmış tribunalar dolmağa başladı. Azarkeşləri stadionun ətrafında sürpriz gözləyirdi. Klub rəhbərliyi komandanın heyətinin maketini arenanın qarşısında düzmüşdü. Fanatlar sevimli futbolçularının və məşqçilərinin adları yazılan sütunlarla şəkil çəkdirə bilirdi. Bu yenilik çoxlarının sevincinə səbəb olmuşdu. UEFA-nın da “Qarabağ” fanatlarına sürprizi var idi. Avropanın ali futbol qurumunun rəsmi saytı “Bizim kvartet” fanklubu ilə bağlı videoreportaj hazırlamaq istəyirdi. Bu səbəbdən də qurumun əməkdaşları stadiona təşrif buyurmuşdu. Yəqin tezliklə bu video izləyicilərin ixtiyarında olacaq. Maraqlı məqamlardan biri də klubun sabiq mətbuat katibi Nurlan İbrahimovun uzun müddət sonra “Qarabağ”ın oyununa təşrif buyurması idi. Onu yenidən “Tofiq Bəhramov”da görmək media mənsubları üçün xoş sürpriz oldu.
Matçın başlamasına 5 dəqiqə qalmış tribunalarda boş yer qalmamışdı. Azarkeşlərin “Qarabağ” sədaları asimana bülənd olurdu. Yunan fanatların gəlməməsi də üstünlük idi. Tribunalarda çoxlu Türkiyə bayrağı da görünürdü. Komandalar meydana çıxanda nəhəng uy-ulduzlu bayraq VİP sektorda dalğalanmağa başladı. Maraqlıdı ki, sonradan həmin bayrağı qapıarxası tribunada gördük. Amma nəhəng bayraq kiminsə qəzəbinə tuş gəldi, yoxsa sadəcə, yerini dəyişdi – bunu dəqiqləşdirə bilmədik. VİP sektoruna yaxın yerdə Şəmkirdən gələn qonaqlar əyləşmişdi. Rayonun İcra Hakimiyyətinin təşkilatçılığı ilə 25 şəhid ailəsinin övladları qarşılaşmanı izləmək üçün Respublika stadionuna təşrif buyurmuşdu.
Oyunla bağlı hər şeyi reportajda diqqətinizə çatdırmışıq. Bu yazıda isə stadiondakı ab-havanı sözlə ifadə etməyə çalışacağıq. Marselo sevgisi ilə oyuna gələnlərdən tutmuş, həqiqətən “Qarabağ”a dəstək olanlara kimi hamı birağızdan komandamızın adını səsləndirirdi. Görüşün ərzində tez-tez Türkiyə sədalarını da eşitmək mümkün olurdu. Hələ “Qarabağ Ordu” fanklubu “Mehtar marşı”nı ifa edirdi. Meydanda isə gərgin mübarizə getsə də, ilk hissədə hesab açılmadı.
Fasilədən sonra Kadinin zədələnib meydanı yarımçıq tərk etməsi azarkeşlərin üzüntüsünə səbəb oldu. Lakin braziliyalı oyundan çıxan zaman hamı “Kadi, Kadi” deyib, yarımmüdafiəçini ayaqüstə alqışladı. “Qarabağ Ordu”nun “Mehtər marşı” sevgisi isə bitmirdi. Onlar yunanların acığına osmanlıların İstanbulu və başqa şəhərləri fəth edərkən səslənən himni ifa edirdilər. Bu da avropalıları daha da qıcaqlandırırdı. Lakin “Olimpiakos”un buna qarşılıq verməyə gücü çatmırdı. “Qarabağ” meydanda söz sahibi idi. Sadəcə, fürsətlərdən yararlana bilmirdilər. 31200 azarkeşin izlədiyi qarşılaşmada qol sevinci yaşanmadı. Bu nəticə ilə ağdamlılar ən azı Konfrans Liqasının pley-offunda çıxış edəcək. Lakin hədəf daha böyükdü. Təbii ki, yola Avropa Liqasında davam etmək daha yaxşı olardı.
İLKİN SULTANLI