''Mançester Yunayted'' və Niderland yığmasının üzvü Mattiys De Liqt ilə bağlı məsələ nəhayət, ölü nöqtədən tərpənib.
"Football-plus.az" xəbər verir ki, klubun rəsmi sosial şəbəkə səhifəsi bu futbolçu ilə bağlı paylaşım edib. Zədə üzündən uzun müddətdi, yaşıl meydanlara həsrət qalan müdafiəçi ilə bağlı son dönəmlərdə qəribə və hətta sensasiyon iddialar ortaya atılmışdı.
2025-in yayında həyat yoldaşından ayrılan De Liqt dekabrda zədələnərək uzun müddətə sıradan çıxdı. Bir müddət öncə isə bir jurnalist 26 yaşlı futbolçunun cinsiyyətini dəyişdirməyə qərar verməsi barədə çılğın iddia ortaya atdı.
''İks''də bununla bağlı bir səhifənin paylaşımı 20 milyondan çox baxış toplamışdı. Guya De Liqt çoxdan qadın olmağa meyl edirmiş və bunun üçün sadəcə uyğun zaman gözləyirmiş. Onun hətta bundan sonra kişilər arasında futbol oynaya bilməyəcəyi də iddia edilmişdi. De Liqtin dekabrdan bu yana ''instaqram''da heç bir paylaşım etməməsi də söz-söhbətləri alovlandırırdı. Yəni ondan heç bir dəqiq məlumat yox idi.
Dünən nəhayət, susqunluğa son qoyuldu. ''Yunayted'' De Liqtin məşqdəki şəkillərini paylaşaraq ''davam et, Matta, hamımız sənin arxadayıq'' sözlərini yazdı. Elə müdafiəçi özü də həmin şəkilləri öz səhifəsində paylaşdı. Düzdü, De Liqt hələ də rəsmi şəkildə iddialarla bağlı heç bir açıqlama verməyib. Amma onun məşqdə iştirakından belə qənaətə gəlmək olar ki, həyatı və karyerası əvvəlki axarda davam edir.
Futbolçu klubun həkimlərinin ciddi nəzarəti altındadı. Onun meydana dönüşü ilə bağlı konkret tarix qeyd olunmayıb.