“Lex”in sabiq futbolçusu və məşqçisi Dariuş Skşipçak Çempionlar Liqasının I təsnifat mərhələsində keçirilən “Lex” – “Qarabağ” oyunu (1:0) haqda danışıb.
"Football-plus az" xəbər verir ki, Poznan təmsilçisinin keçmiş üzvü "Qarabağ"ın ilk hissədə üstün oynadığını deyib:
“İlk hissədə “Qarabağ”ın böyük üstünlüyü var idi. Lakin bu səviyyədə oynayanda qol vurmaq vacibdi. Hücum baxımından “Lex” daha effektli idi. Fasilədən sonra oyunun mənzərəsi dəyişdi. Məncə, iki məqam əsas oldu. Fasiləyə az qalmış vurulan qol və 62-ci dəqiqədə edilən iki əvəzetmə oyunun seyrini dəyişdi.
“Lex” ilk 15-20 dəqiqə qol buraxmaq istəmirdi. Müdafiəyə çəkilmişdilər. “Qarabağ” topa sahib olmuşdu. Rəqibi geridə qəbul etmək baha başa gələ bilərdi. “Lex” “Qarabağ”ın təzyiqinə dözdü və hesabı qoruya bildi.
“Lex” yüksək hədəflər uğrunda mübarizə aparır. Komandanın hara qədər gedəcəyini demək çətindi. “Qarabağ”ın fonunda komandanın imkanlarını və sərhədlərini bildik. Görünən odu ki, komandanın güclənməyə ehtiyacı var”.
“Qarabağ”la “Lex” arasındakı cavab oyunu iyulun 12-də Bakıda olacaq.