Türkiyənin ABŞ-ni 3:2 məğlub etdiyi və DÇ-ni qələbə ilə tamamladığı oyuna sabiq ulduzlar da biganə qalmayıb. Hazırda şərhçi kimi çalışan sabiq fransalı ulduz Tyerri Anri bunları deyib:
''Türkiyə ilk iki oyunda baş verənlərə bir reaksiya göstərməli və cavab verməli idi. Dünya çempionatını başladıqları kimi, yəni 0 xalla bitirmələri inandırıcı görsənmirdi. ABŞ qarşısında özlərini göstərmək üçün son bir fürsətləri var idi və bundan yararlandılar''.
Zlatan İbrahimoviç isə Türkiyənin qələbəsini ABŞ üçün oyunun formal xarakter daşıması ilə əlaqələndirib:
''ABŞ üçün bu oyunun heç bir önəmi yox idi. Qrupda hər komandanın bir dəfə uduzmaq limiti olur. Bu oyun daha çox ehtiyat qüvvəyə şans vermək baxımından önəmli idi. Nəticə heç bir şeyə təsir etməyəcək. ABŞ yoluna davam edir. Onlar üçün əsas mübarizə indi - Bosniya və Herseqovinaya qarşı pley-off oyunu ilə başlayır. Çünki uduzdunsa, mübarizəni dayandırırsan. Bosniyaya qarşı oyun tamam fərqli ab-havada keçəcək''.
Ötənlərin tanınmış ispaniyalı yarımmüdafiəçisi, bir dönəm ''Qalatasaray''da da top qovmuş Xuan Mata isə Arda Gülərə tərif yağdırıb. Xatırladaq ki, Türkiyə üçün geridönüşün əsasını qoyan Arda matçın ən yaxşı oyunçusu seçildi. Matanı dinləyək:
''Arda nəhayət, bu turnirdə bir oyunda fərq yarada bildi. İstedadını və səviyyəsini ortaya qoydu. Türkiyə tarixinin DÇ-də qol vuran ən gənc oyunçusu oldu. Ən azı bu baxımdan mundialda iz buraxdı. Ümumiyyətlə onun oyununu izləməyi sevirəm. Vurduğu qolda cəsur şəkildə hərəkət etdi və müdafiəçi onun qarşısını kəsə bilmədi. Qolda ən həlledici məqam onun sağ ayağı ilə topu bir toxunuşla önünə atması oldu. Top düz önünə düşdü və yaxşı zərbə ilə qol vurdu. Türkiyənin tempini və hücumlarını o müəyyənləşdirirdi. Bu da çox xoşuma gəldi. Elə ikinci qolu hazırlayan da Arda oldu. Amma yenə də matçın ən yaxşı hərəkəti onun qol vurarkən sağ ayağı ilə topu gözəl şəkildə ram etməsi oldu''.