Muslera Uruqvayı məhv etdi - Byelsa özünü yıxıb-sürüdü!

27.06.2026 11:54 19
Dünya futbolu
Dünya çempionatında qrup mərhələsi başa çatmaq üzrədi. Uruqvay yığması üçün bu mundial çox uğursuz alındı.

Maraqlıdı ki, komandanın əsas antiqəhrəmanı Fernando Muslera oldu. Halbuki 5-ci mundialında iştirak edən və kapitan sarğısını daşıyan 39 yaşlı təcrübəli qapıçıdan daha inamlı çıxış gözlənilirdi.

Kabo Verde ilə qarşılaşmada (2:2) məhz Musleranın çıxışda yol verdiyi kobud səhv üzündən Uruqvay qələbəni əldən verməli olmuşdu. İspaniyaya qarşı qrupun son oyunu yenə ''Qalatasaray''ın sabiq qapıçısı üçün uğursuz alındı. Fasilə ərəfəsində Aleks Baenanın o qədər də qüvvətli olmayan zərbəsi zamanı Muslera qəribə şəkildə üzərinə gələn topu qaytara bilmədi və çox kobud bir səhvə yol verdi. Onun fasilədə əvəzlənməsi diqqət çəkdi. Məhz bu qol komandaya baha başa gəldi. Minimal hesabla uduzan Cənubi Amerika təmsilçisi sensasiyon şəkildə Kabo Verdeni özündən irəli buraxdı və qrupu yalnız 3-cü pillədə tamamladı!

Oyundan sonra təbii olaraq çox əsəbi görünən Uruqvayın təcrübəli çalışdırıcısı Marselo Byelsa özünü sərt sözlərlə tənqid edərək bunları dedi:

''Muslera çox üzgün görünürdü. Fasilədə özü oyundan çıxmaq istədi. Çox təəssüf ki, fərdi cəhətdən istedadlı oyunçulara malik olsaq da, onlardan güclü bir komanda yarada bilmədim. Ümumiyyətlə, Uruqvay futboluna heç nə vermədim. Bu nəticələrdən sonra dünya çempionatına qatılmağımızın, Amerika Kubokunda 3-cü pilləni tutmağımızın heç bir dəyəri qalmadı. Mən hər zaman Uruqvay futbolu tarixində uğursuz və heç nəyə nail olmayan bir baş məşqçi kimi xatırlanacam''.