Futbol üzrə 23-cü dünya çempionatı davam edir. Komanda sayı 32-dən 48-ə çatdırıldığına görə hakim korpusu da genişləndirilib.
Təsəvvür edin ki, hazırda mundialın oyunlarının idarəçiliyinə 171 hakim cəlb olunub – 52 referi, 88 laysman və 31 videohakim. Turnirdəki hakimliklə bağlı AFFA Hakimlər Komitəsinin sabiq sədri Xaqani Məmmədovla danışdıq.
- Hakimlərin seçilməsi ilə bağlı nə düşünürsüz?
- Bildiyiniz kimi, bu turnirə rekord sayda - 171 hakim cəlb olunub. Hətta bu siyahida 6 qadın hakim də yer alıb. Avropalı hakimlər 55 nəfərdi, onlardan 15-i baş hakim kimi fəaliyyət göstərir. Turnirdə böyük yeniliklər var. Texnoloji yeniliklər, qaydalara əlavələr var. Seçimə gəlincə, Çempionlar Liqasının 1/4 finalının “Barselona” – “Atletiko” matçında kobud səhvlər edən İştvan Kovaçın bura cəlb olunması, səhvlərlə yadda qalan Şimon Marçinyakın bu mundiala cəlb olunması düzgün deyil.. Sevindirici bir hal da var ki, Rövşən İrmatovdan sonra Özbəkistanın bir başqa təmsilçisi İlgiz Tantaşev də DÇ-yə yollanıb. Vaxtilə SSRİ çempionatının yüksək dəstəsində Özbəkistanı təmsil edən bir nəfər də yox idi. Özbək futbolu nə qədər irəli gedibsə, hakimləri də bir o qədər irəliləyə bilib.
- Qrup mərhələsinin ilk turu arxada qaldı. Hakim qərarlarını necə dəyərləndirərsiz?
- Nəzərə alsaq ki, DÇ qısamüddətli turnirdi, hakimlər vərəqələri sağa-sola paylamırlar. Açılış qarşılaşmasında göstərilən 3 qırmızı vərəqədən biri ilə razı deyiləm. Həmin epizodu rəqibi aşkar qol vurmaq hüququndan məhrum etmək kimi qiymətləndirsələr də, hesab edirəm ki, o qərar düzgün deyil. İkinci insident İsveçrə - Qətər qarşılaşmasında baş verdi. Nominal ev sahiblərinin futbolçusu Embolonun cərimə meydançasında yerdə qalması və hakimin tərəddüdsüz penalti təyin etməsi mənə görə doğru deyildi. Penaltidən öncə həmin zonada ofsayd şübhəsi var idi. Təəssüf ki, həmin an VAR texnologiyası işləmədi. Sistemin mərkəzinin Mayami şəhərində yerləşdiyini nəzərə alsaq, çox güman, isti hava onu sıradan çıxarıb. Hakimlər epizodu VAR tərəfindən incələyə bilmədilər. Sonradan əl analizi ilə ofsayd olmadığı sübut olundu.
Xoşuma gələn məqamlar da var. Məsələn, autdan topun oyuna daxil edilməsi ilə bağlı 5 saniyə məsələsini bəyəndim. Lakin bəzi oyunçuların topu götürüb yerə vurması və sayımın yenidən başlanması təzad yaradır. 10 saniyədə əvəzləmə qərarına ciddi şəkildə əməl olunur. Ümumilikdə hakimliyi bəyənirəm.
- Su fasiləsinin bu qədər olması oyunun axarına xələl gətirir?
- Düşünürəm ki, oyunun gedişinə təsir etmir. Bəzən 4-5 dəqiqə fasilə verirlər. Maksimum 2 dəqiqəlik olmaqla hər hissədə bir dəfə kifayət edir. Bu su fasiləsindən məşqçilər istifadə etməyə çalışırlar. Hesab edirəm ki, su içmək üçün saniyələr və dəqiqələr kifayət edir.
- Söhbətin əvvəlində xatırlatdığınız 171 nəfərlik siyahida azərbaycanlı hakimlərin olmamasının səbəbini nədə görürsüz?
- Həm UEFA, həm də FİFA etiraf etmişdi ki, Çempionlar Liqasının finalı son 10 ildə ən yaxşı idarə olunub. Lakin həmin oyunun hakimi Daniel Zibert DÇ-də yoxdu. Azərbaycanlı hakimlərlə bağlı sualın cavabı çox genişdi. 2017-ci ildə UEFA ilə çox yaxşı əlaqələrimiz var idi. Qurumun hakimlər komitəsinin üzvü - fransalı Mark Bata Əliyar Ağayevin 21 yaşlılar arasında Avropa çempionatının final mərhələsində idarə etdiyi oyunları görmüşdü. Şəxsən Pyerluici Kallinanın dəstəyi ilə Ağayev dəvət almışdı. Böyük perspektivlər vəd edirdi. Onu DÇ-2022-də görmək istəyirdilər. 2017-ci ildə AFFA hakimlər komitəsinə təyin olunan avstriyalı Frits Stuxlik Elxan Məmmədovun himayəsi altında Azərbaycan hakimliyinin məhvinə başladı. Nəinki dəstəkləmədilər, UEFA ilə iş görmədilər, əksinə, Əliyar Ağayevin etdiyi səhvləri bloq şəklində UEFA-ya göndərib, “kimi irəli çəkmək istəyirsiz?” mesajını ötürdülər.
Həmçinin onun dövründə FİFA referilərimizin sayıda azalmışdı. Heç bir iş görmürdü. Ondan sonra gələn Barış Şimşək yalnız özünü fikirləşir, özünü matçlara inspektor kimi təyin edirdi. Hansısa hakimə baxmaq istəyirsənsə, gərək pul qazanasan? Rəhim Həsənov ondan heç də geri qalmır. Çox utandırıcı vəziyyətdi. Aşağı yaş qruplarının oyunlarına da inspektor kimi gedir. Pul qazanmaq, yoxsa hakimliyin inkişaf etməsini istəyirsən? Frank De Blekere çox gözəl işlər görməyə başladı. İslahatlar aparılmasa da, hakimlərimiz səviyyəli turnirlərə təyinatlar almağa başladılar. Çox böyük əziyyəti var. Onun gördüyü çox böyük işlər olmasa da, yaxşı işlər görə bildi. Təəssüf ki, baş katibin müşaviri olsa da, bu gün De Blekereni yaxına buraxmırlar. Onun dəstəyi ilə Əliyar Ağayev, Elçin Məsiyev və digər hakimlər yaxşı təyinatlar almağa başladı.
Bu gün hakim yetişdirmək ən vacib məsələlərdən birincisidi. Azərbaycanda futbol o vaxt inkişaf edəcək ki, bölgələlərdə hakimlər yetişəcək. Bunu etmək üçün böyük işlər görmək lazımdı. Onların üzə çıxması üçün regionlarda oyunlar olmalıdı. Vaxt gələcək bəzi ölkələrdəki kimi hər oyunu fərqli regiondan hakimlər idarə edəcək. “Real” - “Barselona” oyununu madridli referinin idarə etməsi nə dərəcədə doğru olar? Bəs bizdə bölgə hakimi var? Yoxdu. Hakimin inkişafı üçün təlimatçılar lazımdı. UEFA standartları ilə uyğunlaşan cəmi bir-iki təlimatçı var. UEFA və FİFA ilə birgə işlər aparılmalıdı. Hakimi inkişaf etdirmək lazımdı. Əvvəl hakimləri olmayan Sloveniya artıq DÇ-də yetərincə təmsil olunur. UEFA-nın prezidenti Çeferin sloveniyalıdı. Öz hakimlərinin önünü açır. Əvvəl cəmi bir FİFA referisi olan Maltada Mifsud UEFA Hakimlər Komitəsinin sədri olandan sonra bu say 5-ə çatdı. Rəhbərlikdə olan hər kəs öz ölkəsinin hakimlərini irəli çəkmək istəyir. Belə misallar çoxdu. Bu səbəbdən mütləq FİFA və UEFA ilə birgə işləmək lazımdı.
İSRAYIL XEYRULLAYEV