“Tottenhem” premyer-liqanın 32-ci turunda səfərdə “Sanderlend”ə uduzdu. “Mahmızlar” növbəti məğlubiyyət üzündən artıq düşmə zonasındadı: 18-ci yerdə qərarlaşan komanda mövsümün sonunda elitadan getmək təhlükəsi ilə üzləşib.
“Tottenhem” 32-ci tur ərəfəsində 17-ci yerdə idi. Komandaya qələbə lazım idi, ancaq londonlular çox zəif oynadı. Meydan sahibləri daha çox hücum etdi, müdafiədə etibarlı təsir bağışladı və Nordi Mukielenun 61-ci dəqiqədə vurduğu qolla qələbə qazandı. Qalan vaxt ərzində məğlubiyyətdən qurtula bilməyən “mahmızlar”ın hesabında hazırda 30 xal var. Onların elitada qalmaq uğrundakı mübarizədə əsas rəqibi olan “Vest Hem” isə cümə günü “Vulverhempton”u darmadağın etməklə (4:0) xalını 32-yə çatdırdı.
“Tottenhem” “Sanderlend”lə oyunun gedişində əsas müdafiəçisi Kristian Romeronu da itirdi. Argentinalı öz qapıçısı Antonin Kinski ilə toqquşmada zədələndi. Belə görünür ki, “mahmızlar”ın bəxti heç nədə gətirmir.
Bu, “Tottenhem”in Roberto De Zerbinin rəhbərliyi altındakı ilk oyunu idi. Martın sonunda “sükan arxasına” keçən italiyalı mütəxəssis, təbii ki, London karyerasına belə başlamağı planlaşdırmırdı. Amma o, nikbində də hadisələrin axarını dəyişə biləcəyinə inanır:
“Yaxşı oynadıq, xüsusən də ilk yarıda. Üç aşkar qol imkanımız oldu. Düzdü, qələbə üçün kifayət edəsi səviyyədə oynamadıq, ikinci hissədə əziyyət çəkdik. Daha yaxşı oynaya bilərik... Hə, indi vəziyyətimiz çətindi, mən oyunçulara meydanda nəyə qadir olduqlarını göstərmək baxımından yardım etmək istəyirəm. Mənim vəzifəm indi oyun üslubunu dəyişmək deyil. Əsas köklənmə, əhval-ruhiyyədi. Qələbələr qazanmaq üçün keyfiyyətlərimiz var, bir qələbə qazanandan sonra hər şey dəyişəcək”.
Hər şeydən belə görünür ki, De Zerbi “Tottenhem” düşərgəsindəki yeganə nikbin adamdı. London klubunun fanatları arasında başqa əhval-ruhiyyə hökm sürür. Azarkeşlərdən biri sosial şəbəkədə belə yazıb:
“Çempionşip, biz gəlirik!”. Digəri bunu əlavə edib: “Bizə premyer-liqada yer yoxdu. Əlvida, premyer-liqa”.
Əksər fanatların fikrincə, “Tottenhem”in uğursuzluqlarının səbəbi məşqçi amilində gizlənmir. De Zerbi mövsümün əvvəlindən bəri iş başında olan 4-cü məşqçidi. “2026-cı ildə 0 qələbə. Biz daha məşqçiləri günahlandıra bilmərik – problem yalnız futbolçularla bağlıdı” – bu da azarkeş fikridi.
Media da bir tərəfdən “Tottenhem”i ruhdan salır. “Sky Sports” nəşri “mahmızlar”ın elitadan mümkün gedişini premyer-liqa tarixinin ən səs-küylü hadisəsi sayır. Səbəb sadədi: heyətin dəyəri 800 milyon avrodu, belə komandada elitadan getməməlidi. Müqayisə üçün deyək ki, autsayderləe zonasında qərarlaşan “Bernli” ilə “Vulverhempton”, uyğun olaraq, 252 və 277 milyon avro dəyərindədi.
Adı çəkilən nəşr belə hesab edir ki, elitadan getmək “Tottenhem” üçün əsl faciə olacaq. Klub heç bir parametrə görə çempionşipdə oynamağa uyğun gəlmir: 62 min yerlik yeni stadionu, illik 700 milyon avro qazancı, nəhəng maaş cədvəli və transfer büdcəsi var. Təbii ki, komanda çempionşipə yuvarlanarsa, bütün bu göstəricilər iflas edəcək. “Sky Sports” yazır:
“Bütün göstəricilər üzrə nəhəng rəqəmlərdi. Və “Tottenhem” premyer-liqanı tərk edərsə, yaranacaq problemin miqyasını göstərir”.