Futbolumuz üçün ağır həftəni geridə qoyduq. Çərşənbə axşamı “Qarabağ” Zaqrebdə gözlənilməz hesabla məğlub oldu. İndi bizi Çempionlar Liqasının qrupu ilə yalnız cüzi ümid bağlayır. Futbol ictimaiyyəti buna görə xeyli narahat idisə, srağagün “Zirə” baltanı kökündən vurdu. Nikosiyada 6 cavabsız qol buraxan “qartallar” üçün cavab görüşü formallığa çevrildi. “Omoniya” bizimkiləri əzib keçdi.
Təbii ki, xoşagəlməz nəticələr saf-çürük edilir. Bu sırada göstərilən səbəblərdən biri də həmin komandaların premyer-liqa matçlarının təxirə salınmasıdı. İddia olunur ki, futbolçuların meydandan kənar qalması oyun formalarına ciddi təsir edir. Belədə “Zirə”ni altı parça edən “Omoniya”nın baş məşqçisi Valdas Dabrauskasın matçdan əvvəl keçirilən mətbuat konfransında dedikləri yada düşür: “Böyük komanda olmaq istəyiriksə, həftədə 2-3 oyunda mübarizə aparmağı bacarmalıyıq. Heyətimizin potensialını praktikada görmədən uğura inana bilmərik. İnkişaf etdiyimizi hər kəs görməlidi. Futbolçuların arxayın olmasını istəmirəm. Əsas heyətdə olmaq istəyirlərsə, çox çalışmalıdılar. Həm də yayda yetərincə dincəlmişik. İndi istirahət etməyin vaxtı deyil”.
Göründüyü kimi, davamlı avrokuboklarda çıxış edən klubda çalışan mütəxəssis bizim bilicilərlə razılaşmır. Hətta bəhrəsini də görür. Bəs bizim problemimiz nədi? Niyə futbolçularımız həftədə iki matçda oynamaq iqtidarında deyil? İlk ağla gələn fiziki hazırlığın səviyyəsidi ki, bununla ikiəlli razıyam. Beynəlxalq matçlarda, xüsusilə əlavə vaxta ehtiyac duyulan oyunlarda buna şahidlik etmişik. Əlbəttə, siyahıda daha üstün görünən “Qarabağ”dı. Təsadüfi deyil ki, Xorvatiya mətbuatı, daha doğrusu, “germanijak.hr” ağdamlılardan bəhs edərkən həm də komandanın fiziki hazırlıq üzrə məşqçisi Çudomir Cakarovu qabardır: “O, hər dəqiqədən istifadə edir və futbolçular ancaq çalışır. Hətta oyun günü də!”
Ötən mövsüm “Sabah” “Partizan”la cavab oyunundan əvvəl “Sumqayıt”la matçın təxirə salınmasını istəmiş, PFL də bu istək qarşısında “yaşıl işıq yandırmışdı”. Səfərdə uduzan “bayquşlar” (0:2) mübarizəni dayandırdı. İndi də “Zirə”nin 0:6, “Qarabağ”ın 0:3 hesablı məğlubiyyəti bizə çox söz deyir. Təbii ki, dinləmək istəyənə. Əlbəttə, oyunların yerdəyişməsi müəyyən mənada keçərli ola bilər. Amma təxirəsalmalara “dayan” deyək. Birmənalı şəkildə... Hələ bunun digər komandaların hüquqlarını pozduğunu da etiraf etməliyik. Cari mövsüm üçün “Şamaxı”nı nümunə göstərmək olar ki, “şirlər” hələ təqvimə uyğun cəmi bir oyun keçirib. Klubun xeyirxahlığının fəsadları özünü büruzə versə, rəhbərlikdən və Ayxan Abbasovdan başqa məsuliyyət daşıyan olacaqmı? Bəs “Araz-Naxçıvan” necə? Öz aramızdı, dörd klubumuz pley-offa vəsiqə qazansa, 3-cü turda cəmi bir oyun keçiriləcəkdi? Ümumiyyətlə, uğura aparan yol təxirəsalmadan yox, əksinə, daha çox çalışmaqdan keçmirmi? O başqa məsələ ki, heyətlər çox kasaddı. Komandaların iki-üç cəbhədə mübarizə apara biləcək gücü yoxdu. Belədə problemin məcrası da böyüyür ki, məsələ çempionatımızın səviyyəsi, klubların maliyyə çatışmazlığı, infrastrukturun istənilən cür olmaması kimi söhbətlər gündəmə gəlir. Qısası, futbolumuzun halı yamandı.
Yeganə çıxış yoluna yenidən qayıdaq. Çalışmaq... Təəssüf ki, indiyə qədər inkişaf üçün ayrılan vəsaitin təyinatı üzrə xərclənməsi, uşaq, qadın və kişi futbolunun gələcəyi üçün etibarlı zəminin yaradılması, infrastrukturun ən müasir standartlara cavab verməsi məqsədilə işlərin görülməsi, düzgün strategiyanın hazırlanması tipli xeyli çatışmazlıqlar olub. Nə o birindən xeyir görmüşük, nə bu birindən! Bəs niyə nəticə çıxarmırıq başımıza gələnlərdən?
Bəli, nə “Sabah”ın, nə “Qarabağ”ın, nə də “Zirə”nin məlum uğursuzluqlarının yeganə səbəbi oyunların təxirə salınması deyildi. Amma səbəblərin ən kiçiyinə belə aman verməməliyik. Yoxsa yaxın gələcəkdə öyünməyə hansısa nəticə tapa bilməyəcəyik.
KƏNAN BAHADIR