Mayın 22-də Avropa Liqasının (AL) 2023/24 mövsümünə yekun vuruldu.
“Football-plus.az” xəbər verir ki, İrlandiyanın Dublin şəhərində keçirilən finalda “Bayer-04”ə heç bir şans verməyən “Atalanta” tarixində ilk dəfə avrokubokun qalibi oldu!
final
Atalanta - Bayer-04 3:0 (2:0)
Atalanta (Berqamo, İtaliya): Musso, Hin, Cimşiti, Kolaşinats (Skalvini, 46), Zappakosta (Hatebur, 84), Rucceri (Toloy, 90+1), Ederson, Koopmeyners, De Ketelare (Paşaliç, 57), Lukman, Skamakka (Ture, 84).
Bayer-04 (Leverkuzen, Almaniya): Kovarj, Frimponq (Tella, 81), Stanişiç (Bonifas, 46), Tapsoba, Ta, İnkapye, Qrimaldo (Andrix, 68), Caka, Palasios (Qlojek, 68), Adli, Virts (Şik, 81).
Qollar: Lukman, 12 (1:0). Lukman, 26 (2:0). Lukman, 75 (3:0).
Vərəqələr: Cimşiti, 22. Virts, 35. Skamakka, 35. Zappakosta, 60. Tapsoba, 67. Koopmeyners, 70. Andrix, 73 - sarı.
Hakim: İştvan Kovaç (Rumıniya).
22 may. Dublin. 47135 tamaşaçı.
oyunun statistikası
10 (7) qapıya (“çərçivə”yə) zərbə 10 (3)
2 künc zərbəsi 5
1 ofsayd 0
21 qayda pozuntusu 12
4 (0) sarı (qırmızı) vərəqə 3 (0)
42 topa sahibolma (faizlə) 58
“Atalanta” qitə kuboklarında ilk dəfə finala çıxmışdısa, “Bayer-04”ün avrokubok təcrübəsi kifayət qədər böyük idi. Leverkuzen klubu AL-in sələfi sayılan UEFA Kubokunun 1987/88 mövsümünün qalibi olmuşdu. Sözsüz, leverkuzenlilərin buna növbəti dəfə nail olmaq şansı yüksək dəyərləndirilirdi. Bukmeker kontorlarının Xabi Alonsonun komandasını finalın favoriti sayması üçün ciddi səbəblər vardı. Əvvəla, “Bayer-04” bu mövsüm tarixində ilk dəfə Almaniya çempionu olub. Ölkə kubokunun da finalına çıxan komanda mayın 25-də Berlində “Kayzerslautern” ilə qarşılaşacaq. Əlbəttə, bu faktı da vurğulamaq lazımdı: Alonsonun komandası sona çatmaqda olan mövsümdə çıxış etdiyi turnirlərdə məğlub olmamışdı: leverkuzenlilərin seriyası 51 oyuna çatmışdı! Tarixinin ən unudulmaz mövsümünü keçirən “Bayer-04”ün finaldakı rəqibi isə İtaliya çempionatından Çempionlar Liqasına vəsiqəni yalnız 37-ci turda təmin edə bilmişdi. Amma “Atalanta”nın finala qədər pley-off mərhələsində artıq Portuqaliya çempionu olan “Sportinq”i, “Liverpul”u və “Marsel”i mübarizədən kənarlaşdırması diqqəti cəlb edən faktlar sırasında idi. Can Pyero Qasperininin komandası AL-in cari mövsümündə finala qədər keçirdiyi 12 oyundan yalnız birində uduzmuşdu. Beləliklə, “Atalanta” qitə kubokunda ilk uğurunu qazanmağa, 1/8 finalda “Qarabağ”a çətinliklə üstün gələn (2:2, 3:2) “Bayer-04” isə mövsümü “trebl” ilə başa vurmağa çalışacaqdı.
Bukmeker kontorlarının proqnozu doğru çıxmadı. Almaniya çempionu favoriti kimi göstərildiyi finalda rəqibi qarşısında aciz qaldı. Bəli, nəhayət, leverkuzenliləri məğlub edən tapıldı: amma finalda onlar üçün adi məğlubiyyət yaşanmadı, “Bayer-04” fiaskoya uğradı! “Atalanta” əvvəldən axıra qədər düzgün seçilən taktika və nümunəvi oyunla rəqibinə əsl futbol dərsi keçdi. Berqamolular ilk hissədə Alonsonun komandasını güclü pressinq və hücumlarla çox çətin vəziyyətlərə saldı. Mövsümü əla keçirən Virts ilə Qrimaldo, belə desək, radarlardan itmişdilər. Caka, Frimponq və Palasios ara-sıra fəallaşsalar da, onların canfəşanlığı komandasına ciddi üstünlük qazandırmırdı. Belə üstün oyunun fonunda Lukmanın vurduğu iki qol apenninlilərin fasiləyə əhəmiyyətli üstünlüklə yollanmasını təmin etdi.
Alonso ikinci hissəyə hücumçu Bonifası mübarizəyə qoşmaqla başladı. Lakin bu gediş leverkuzenlilərin oyununda dönüş yaratmadı. Əksinə, “Atalanta” topla az oynamasına baxmayaraq, oyuna nəzarət edən komandaya çox bənzəyirdi. Və həmin Lukman 75-ci dəqiqədə het-trik etməklə praktiki cəhətdən Almaniya çempionunun sonunu gətirdi. Azarkeşləri bu mövsüm dəfələrlə son dəqiqələrdə ya məğlubiyyətdən qaçmasında, ya da qələbə qazanmasında rol oynayan “Bayer-04”ün gücü heç təsəlli qolunu belə vurmağa çatmadı. Bütün Avropanın məğlubedilməz komanda kimi tanıdığı Alonsonun komandası darmadağından qaça bilmədi. Məğlubiyyətsiz seriyası qırılan leverkuzenlilərin mövsümü “trebl” ilə başa vurmaq planı baş tutmadı. 116 illik tarixi ərzində ilk dəfə bir avrokubokun qalibi olan “Atalanta” isə 61 illik titul həsrətinə son qoydu!
Bombardirlər: Obameyanq (Marsel) – 10, Lukaku (Roma) – 7, Skamakka (Atalanta), Joao Pedro (Brayton) - 6.
Həftənin ən yaxşı oyunçusu (UEFA-nın versiyası): Ademola Lukman (Atalanta).
Faktlar
* “Atalanta” qitə kuboklarında “Bayer-04”ə qarşı keçirdiyi 3-cü matçda da qalib gəldi. İtaliya komandası AL-in 2021/22 mövsümünün 1/8 finalında Berqamoda 3:2, bir həftə sonra isə Leverkuzendə 1:0 hesablı qələbə qazanmışdı.
* “Atalanta” tarixində ilk dəfə avrokubokun qalibi oldu.
* “Atalanta” ilk dəfə finalına çıxdığı avrokubokun qalibi oldu.
* “Atalanta” tarixində 2-ci titulunu qazandı. 1963-cü ildə İtaliya kubokunun qalibi olan komanda bu turnirin finalında 5 dəfə məğlubiyyətə uğrayıb. Bu uğursuzluqlardan sonuncusu mayın 15-də “Yuventus” ilə matçda (0:1) qeydə alınıb. Berqamoluların 1988-ci ildə Kuboklar Kubokunun yarımfinalına qədər irəlilədiklərini, A seriyasında isə ən yaxşı halda 3-cü yeri tutduqlarını da xatırladaq.
* “Atalanta” AL-də mövsüm ərzində keçirdiyi 13-cü oyunda 8-ci qələbəsini qazandı. Komanda əvvəlki 12 oyundan dördünü heç-heçə başa vurub və yalnız birində uduzub. Amma “Liverpul”a İngiltərədəki 3:0 hesablı qələbədən sonra evdəki minimalhesablı məğlubiyyət yarımfinala vəsiqə qazanmasına mane olmayıb.
* İtaliya klubu AL-də ilk uğurunu qazandı. Bu ölkəni təmsil edən “Parma” turnir UEFA Kuboku adlanarkən, 1999-cu ildə qalib olmuşdu. Xatırladaq ki, yarış bu adı 2010-cu ilə qədər daşıyıb.
* İtaliya klubu AL-də (UEFA Kubokunda) 10-cu uğurunu qazandı. Bu ölkə turnirdə qələbə sayına görə yalnız İspaniyadan (14) geri qalır. İngiltərədə 9, Almaniyanın hesabında isə 7 kubok var. İtaliyanın AL-də (UEFA Kubokunda) daha əvvəl qalib gələn klubları “İnter”, “Yuventus” (hər ikisi 3 dəfə), “Parma” (2) və “Napoli”di (1).
* “Bayer-04” qitə arenasında sonuncu məğlubiyyətini (0:1) AL-in yarımfinalında ötən il mayın 11-də İtaliyanın digər təmsilçisi “Roma”dan almışdı.
* “Bayer-04”ün bu mövsüm bütün turnirlərdəki məğlubiyyətsiz seriyası qırıldı. Leverkuzenlilər Almaniya çempionatı, Almaniya kuboku və AL-də keçirdikləri son 51 oyunda 42 qələbə qazanmış və 9 dəfə heç-heçəyə razılaşmışdılar. Maraqlıdı ki, onlar sonuncu dəfə 2023-cü il mayın 27-də bundesliqada “Bohum”a da 0:3 hesabı ilə uduzmuşdular. “Bayer-04”ün məğlubiyyət üzü görmədiyi müddət 361 günə bərabər oldu. Almaniya klubu bu müddətdə avrokubokların təşkil edildiyi dövrdə qitə rekordu müəyyən etdi.
* “Bayer-04” 3-cü dəfə oynadığı avrokubokların finalında 2-ci məğlubiyyətini aldı. Almaniya klubu Çempionlar Liqasının 2001/02 mövsümünün son oyununda “Real”a 1:2 hesabıyla uduzmuş, UEFA Kubokunun 1987/88 mövsümünün finalında isə “Espanyol”a qalib gəlmişdi (0:3, 3:0, penalti seriyasında 3:2).
* Qasperini məşqçi kimi əsas komandalarla ilk titulunu qazandı. O, buna qədər gənclər arasında turnirdə qalib gəlmiş, A seriyasında isə ən yaxşı halda bürünc mükafatçı olmuşdu.
* Qasperini avrokubokların finalında ilk cəhddə qələbə qazanan ən yaşlı məşqçi kimi tarixə düşdü. O, mayın 22-də 66 yaş 117 günlüyündə olarkən qitə arenasında ilk ciddi sınağını uğurla başa vurdu.
* İtaliyalı mütəxəssislər Qasperininin simasında AL-də (UEFA Kubokunda) 11-ci uğurunu qazandıar. Əvvəllər bu turnirdə onun həmyerliləri Covanni Trapattoni (1977 və 1993-cü illərdə “Yuventus”, 1991-ci ildə “İnter” ilə), Ottavio Byanki (1989-cu ildə “Napoli” ilə), Dino Zoff (1990-cı ildə “Yuventus” ilə), Campyero Marini (1994-cü ildə “İnter” ilə), Nevio Skala (1995-ci ildə “Parma” ilə), Luici Simoni (1998-ci ildə “İnter” ilə), Alberto Malezani (1999-cu ildə “Parma” ilə) və Mauritsio Sarri (2019-cu ildə “Çelsi” ilə) qalib gəlmişdilər. AL-də (UEFA Kubokunda) ən çox qələbə qazanan mütəxəssislər isə ispaniyalılardı (14).
* Lukman AL-in (UEFA Kubokunun) finalında 3 qol vuran ilk oyunçu kimi tarixə düşdü.
* Lukman İtaliya klubunun avrokubokların finalında 3 qol vuran ikinci oyunçusu kimi tarixə düşdü. Ondan əvvəl Çempionlar Kubokunun 1968/69 mövsümündə “Milan”ın oyunçusu Pyerino Prati “Ayaks” ilə finalda (4:1) het-trik etmişdi.
* Lukman XXI əsrdə avrokubokların finalında 3 qol vuran ilk oyunçu oldu. qitə arenasında indiyədək 6 futbolçu final matçında azı bu qədər qol vurub. Sonuncu belə hal UEFA Kubokunun 1975-ci ildə keçirilən həlledici matçında qeydə alınıb. Onda Münhenqladbax “Borussiya”sının oyunmusu Yupp Haynkes 5:1 hesabıyla nəticələnən ikinci final oyununda “Tvente”nin qapısına 3 dəfə yol tapıb.
Oyundan sonra
Can Pyero Qasperini, “Atalanta”nın baş məşqçisi: