Son mövsümü 7-ci pillədə bitirən “Sumqayıt”da ayrılıqların baş verməsi təbiidi. Komanda əvvəlcə baş məşqçi Saşa iliç, daha sonra bir neçə futbolçu ilə yolları ayırdı. Bu oyunçulardan Mehdi Cənnətovun 1-ci liqa klubuna keçidi maraq doğurdu. “Gənclik şəhəri” təmsilçisi qolkiperlə müqaviləni yeniləməyib. Bu səbəbdən 34 yaşlı qapıçı “Səbail”ə üz tutub.
“Football-plus.az” xəbər verir ki, son mövsümdə 19 matçda forma geyən Cənnətov 29 qol buraxıb, 5 matçda qapısını toxunulmaz saxlayıb.
Bəs premyer-liqada həm “Sumqayıt”ın, həm də “Zirə”nin qapısını qorumuş Mehdinin 1-ci liqa komandasına keçidi nə dərəcədə doğru qərardı?
Ümumiyyətlə, futbolçular üçün yaş amili önəmli olsa da, qapıçılara münasibətdə bu məqam fərqlidi. Yəni 34 yaşlı qolkiperin hələ də premyer-liqada 2-3 il çıxış etmək potensialı var. Yerli oyunçu limitinin ləğvi onun elitada qalmaq şansını azaltdı. Yerli oyunçulara daha çox şans verən “Qəbələ” və “Kəpəz” kimi komandalar Cənnətov üçün doğru seçim ola bilərdi. “Şəfa”nın Məmməd Hüseynovu heyətinə qatması artıq paytaxt təmsilçisi variantını əldən çıxarmışdı. Cənnətov nədənsə “Qəbələ” ilə “Kəpəz”in də diqqətini cəlb etmədi. Belədə “Səbail” variantı önə çıxdı. Bu başqa məsələ ki, Mehdi belə seçim etməklə həm də yığmaya yolunu bağladı.
Xatırladaq ki, Cənnətov 2023-cü ildən “Sumqayıt”ın formasını geyirdi.
İSRAYIL XEYRULLAYEV