Məlum olduğu kimi dünən İrlandiyanın paytaxtı Dublində Avropa Liqasının qalibi müəyyənləşdi.
Finala qədər bu mövsüm keçirdiyi 51 rəsmi oyunda uduzmayan və (avrokuboklarda iştirak edən klublar arasında) yeni rekord müəyyənləşdirən ''Bayer-04''ün bu möhtəşəm seriyasına ''Atalanta'' son qoydu. Ademola Lukmanın 12, 26 və 75-ci dəqiqələrdə vurduğu qollar sayəsində Berqamo təmsilçisi 61 illik titulsuzluğa son qoydu və tarixində ilk dəfə avrokubok qazandı! Bu turnirdə qalib gələn son İtaliya təmsilçisi 1999-da ''Parma'' olmuşdu. O vaxt turnir UEFA kuboku adı ilə keçirilirdi.
Lukman bu mükəmməl performansla tək ''Bayer-04''ün ''trebl'' arzusuna son qoymadı. O həm də adını tarixə yazdırdı. Nigeriyalı vinger avrokuboklar tarixində final matçında het-trik edən son 49 ildə ilk, ümumilikdə isə 6-cı futbolçu oldu!Sonuncu dəfə bu uğuru 1975-də UEFA kubokunun finalının cavab oyununda Yup Haynkess Münhenqladbax ''Borussiya''sının heyətində səfərdə ''Tvente'' ilə oyunda (5:1) yaşamışdı. Bundan başqa Lukman İtaliya təmsilçisinin heyətində avrokubokun finalında 3 qol vurmuş cəmi 2-ci futbolçu oldu. Daha öncə bunu 1968/69-da Çempionlar Kubokunun finalında Pyerino Prati ''Milan''ın heyətində ''Ayaks''la oyunda (4:1) etmişdi.
ƏLİ