Mövsümlərarası dövrdəki ilk yoxlama oyununu iyunun 20-də Bakıda – “Zirə” ilə keçirən “Qarabağ” bu gün Avstriya toplanışı çərçivəsində meydana çıxacaq. Saat 19.00-da başlayacaq oyunda ağdamlıların rəqibi “Wattener Sportgemeinschaft Tirol” olacaq. Bəs Avstriya bundesliqasında çıxış edən klub nə dərəcədə güclüdü?
“Football-plus.az” xatırladır ki, Avstriyada mövsüm iki mərhələdə keçirilir. 22 turu əhatə edən 1-ci mərhələdən sonra ilk 6 pillədə qərarlaşan komandalar çempionluq, 7-12-ci yerləri tutanlar isə elitada yerini qorumaq uğrunda mübarizə aparır. “WSG Tirol” müntəzəm çempionatı 7-ci yerdə bitirsə də, 2-ci mərhələdə uğursuz çıxış edib. Tirol təmsilçisi sonda 12 komanda arasında 11-ci yer tutmaqla elitada yerini çətinliklə qoruyub.
1930-cu ildə yaranan klub 2019-cu ildə bundesliqaya yüksəlib. Komanda tarixi boyunca avrokuboklara vəsiqə qazana bilməyib. Ev oyunlarını əvvəlcə 5500 yerlik “Qernot Lanqes” stadionunda keçirirdi. Sonradan stadion bundesliqanın standartlarına cavab vermədiyindən rəqiblərini İnnsbrukdakı, 16 min yerlik “Tivoli” stadionunda qəbul etməyə başlayıb. “Transfermarkt” saytında klubun dəyəri 10,8 milyon avrodu.
İSRAYIL XEYRULLAYEV