Azərbaycan çempionatı qaldığı yerdən davam edir.
Premyer-liqada qış fasiləsi bitdi, klublar həlledici ikinci dövrədə mübarizəyə başladı. Prinsip etibarı ilə mənzərənin qışdan əvvəlkindən ciddi mənada fərqləndiyini demək çətindi. 18-ci turdan ötən zaman kəsiyini də nəzərə almasaq, demək olar ki, heç uzun fasilə də olmayıb. Hər şey necə varsa, elə də qalıb.
Sözün düzü, mübarizə sözünü işlətməklə bir qədər mübaliğə və təşbehə yol verdiyimin fərqindəyəm. Çünki turun ilk iki oyununda, ümumiyyətlə, hesab açılmayıbsa, mükafatlar uğrunda mübarizə aparan komandalar qol vurmağı bacarmayıbsa, hansı futboldan danışaq?! «Sumqayıt”ın 3-cü pilləyə yüksəlməsiylə yekunlaşan Qəbələdəki görüşdə isə nəticəni şübhəli penaltidən sonra vurulan qol müəyyənləşdirdi. Ona görə də düşünürəm ki, bu tur komandaları meydana çıxaran məşqçilər və onların etimad göstərdiyi futbolçular qələbə qazanmaqdan daha çox məğlub olmamağa çalışırdılar.
Deyə bilərsiz ki, Qəbələdə keçirilən digər oyunda, yəni “Kəpəz”lə “Turan Tovuz”un qarşılaşmasında qarşılıqlı qollar izlədik. Hətta hakim cibindən qırmızı vərəqə də çıxardı. Amma vurulan üç qol da, hakimin birini verib, o birini vermədiyi qırmızı vərəqələr də Qəbələdəki görüşün maraqlı keçdiyini, azarkeşlərin keyfiyyətli mübarizə izlədiyini deməyə əsas vermir. Çünki meydanda taktiki gedişlərdən, futbolun adına layiq gözəl mübarizədən daha çox dava-dalaş, kobudluq var idi. Azı iki epizodda futbolçuların açıq ayaqla bir-birinə hücum çəkməsi isə sözün əsl mənasında futbol cinayəti sayıla bilər. Bu futbolçulara rəqibdən topu almağı, cərimə meydançasının həndəvərində hücumun kəsərini azlatmağı necə öyrədiblər? Onlara belə futbol oynamağı kim öyrədib? Bizimkilərin bacarıqları elə budusa, onda yaxın gələcəkdə hansısa azərbaycanlı futbolçunun Avropanın tanınmış çempionatlarında boy göstərəcəyinə ümid etməyək.
Hakim səhvlərinin yetərincə müzakirə olunması, ədalət təmsilçilərinin konkret bir neçə epizodda nəticəyə təsir edən səhvə yol verməsi artıq vərdiş etdiyimiz mənzərədi. Yavaş-yavaş qəbullanırıq. Elə hakimlərimizin səviyyəsində artımın olmamasının nəticəsidi ki, Əliyar Ağayevin davamçısı yoxdu. Bir vaxtlar Əliyara böyük ümidlər bəsləyirdik. Bu gün o da geriləyir, ümumi mənzərənin içində başqalarından xüsusi nə iləsə fərqlənmir. Hamı necədisə, o da elədi. Bu da təkcə Ağyevin günahı deyil. Ən pisi odu ki, Əliyardan sonra üzümüzü kimə çevirəcəyimizi, hansı hakimin uğurlarına sevinəcəyimizi də bilmirik. Çünki son illər AFFA-nın hakimlərin başına açdığı oyunun fəsadları özünü göstərir. Ədalət təmsilçilərinə gah Avstriyadan, gah da Türkiyədən başçı təyin olunanda bunun nəticəsini fikirləşmək lazım idi.
Sürətli eniş yaşayan hakimliyimizin və gününü yola verməklə məşğul olan klublarımızın fonunda «Qarabağ”ın öz səviyyəsini qoruyub saxlamağı bacarması sevindiricidi. Elə turun son oyununda «köhlən atlar”ın səviyyəsini ortaya qoyması, hamıya əzələ nümayiş etdirməsi göz qabağında idi. İlk dəqiqələrdən rəqibin cərimə meydançasını «işğal edən» «köhlən atlar» əvvəlcə «Araz Naxçıvan”ın müdafiəçilərini avtoqola məcbur etdi. Daha sonra da elə həmin müdafiəçilər acizanə surətdə Zubirin qollarını müşahidə etdilər. «Qarabağ”ın əzici üstünlüyü ilə keçən qarşılaşmanı soyuq havada izləyə-izləyə bəzi nəticələrə gəlmək mümkün idi. 90 dəqiqənin gedişində əsl səviyyə fərqini, bütün komponentlərdə rəqibini üstələyən «Qarabağ» gördük.
Bu gördüklərimizin əsasında da bəzi mühakimələr yürütmək mümkündü. O mühakimələrə əsasən də demək mümkündü ki, bu mövsüm kiminsə «Qarabağ”ın növbəti çempionluğa gedən yoluna əngəl törədə biləcəyi çətin görünür. Qalanları onsuz da taleyi ilə barışıb. Legioner bolluğunun fonunda klublarımızın səviyyəsinin aşağı düşməsi göz qabağındadı. Onlarla birlikdə hakimlərimizin də gerilədiyi acı reallıqdı. Ümid edək ki, bütün bunlar klubların və hakimlərin «qış yuxusundan oyanmamasının» fəsadlarıdı. Turlar irəlilədikcə onlar da oyanacaq, vəziyyət də yaxşılığa doğru dəyişəcək.
AMAL