Ötən həftəsonu Almaniya futbolunda mühüm bir hadisə baş verdi.
“Football-plus.az” xəbər verir ki, evdə Yaponiya ilə yoldaşlıq oyununda qeydə alınan 1:4 hesablı biabırçı məğlubiyyətdən sonra baş məşqçisi Hans-Diter Flik istefaya göndərildi. Flik Almaniya futbolu tarixində, yəni 1908-ci ildən bəri yığmadan qovulan ilk məşqçi oldu! Bundestim hələ ki gələn il keçiriləcək AÇ-yə rəsmi şəkildə vəsiqə qazanan yeganə komandadı. Təbii ki, almanlar bu hüquqa meydan sahibi qismində yiyələnib. Bəs görəsən, turnirin startına bir ildən də az qalmış Almaniya Futbol İttifaqı nə üçün belə radikal addım atdı?
Kimmixin münaqişələri
Yaponiya ilə oyundan bir gün oncə “Amazon” şirkətinin Almaniya yığması barədə çəkdiyi “All or Nothing” (hər şey və ya heç nə) adlı sənədli film ekranlara çıxdı. Real kadrlara əsaslanan bu film əsasən Qətərdəki mundialın gedişində bundestimin daxilindəki ab-havadan bəhs edir. Əslində hələ filmin ilk seriyasından sonra bəlli oldu ki, Yaponiya önündə 1:4 hesablı məğlubiyyət yaşanmasaydı belə, Flik vəzifəsində çox qalmayacaqdı. Çünki film yığmanın daxilində ab-havanın heç də qaydasında olmadığını və Fliklə oyunçular arasında dərin bir uçurumun olduğunu göstərdi.
İlk seriyada dərhal Coşua Kimmixlə Niklas Zyule arasındakı münaqişə diqqəti cəlb edir. Bu səhnə ötən ilin sentyabrında Millətlər Liqası çərçivəsində “Uembli”də İngiltərə ilə keçirilən oyundan (3:3) öncə çəkilib. Kimmixin “sən meydanda hansı haqla mənimlə bu cür danışırsan? Mən olan şeyləri deyirəm, sən isə məni təhqir edirsən” sözünə Zyule belə cavab verir: “Belə yalanları yığışdır. Mən bu komandada kimisə təhqir edəcək ən son insanam”. Bu məqamda ikilinin arasına Flik daxil olur və məsələni sakitləşdirməyə çalışaraq bir neçə dəfə Kimmixin belinə vurur. Daha sonra futbolçular barışır və hətta başverənlərə gülməyə başlayırlar. Bu, filmdə “Bavariya”lı yarımmüdafiəçinin iştirakı ilə yaşanan son münaqişə deyil. Məşqlərin birində onun Antonio Rüdigerlə də söz davasına çıxdığı görünür. Kimmix filmdəki bu sitatı isə diqqəti çəkir: “Bütün komandanın 11 Kimmixdən ibarət olmasını istəməzdim. Bu, yaxşı ideya deyil. Çünki hamı bir-biri ilə mübahisə edəcək”.
Ölkədə yığmaya maraq azalıb
Almaniyada yığmaya maraq getdikcə azalır. Başlıca mövzulardan biri yığmaya verilən dəstək və motivasiyadı. Xatırlayırsızsa, DÇ-də Yaponiyaya qarşı ilk oyunda ən çox müzakirə olunan mövzu siyasi rəmzlər və aksiyalar idi. Kapitan Manuel Noyerə “One Love” sarğısını taxmağa icazə verilməmişdi. Buna etiraz əlaməti kimi futbolçuların Yaponiya ilə oyundan öncə komanda halında şəkil çəkdirərkən əlləri ilə ağızlarını tutması birmənalı qarşılanmadı və futbol dünyasında böyük müzakirələrə səbəb oldu. Almanların yığmadan soyumasının əsası DÇ-2018-dəki fiaskodan sonra qoyulub. Rəsmi hesablamalara görə 2018-22-ci illərdə bundestimin auditoriyası 16 milyon azalıb! Flik mundialdan öncə oyunçularla keçirdiyi topantıda bu məqama da toxunmuşdu: “Gecə yaxşı yatmamışam. Çünki Almaniyada bizə dəstəyin azaldığını görürəm. Amma bu, bizi narahat etməməlidi. Vəziyyəti düzəltmək öz əlimizdədi. Nəticələrimiz yaxşılaşsa, hər şey çox tez dəyişəcək”. Yığma ilə bağlı ölkədə hökm sürən ümidsizlik sanki futbolçulara da sirayət etmişdi. Bundestimin təcridi, demək olar, filmdəki bütün seriyalarda hiss olunur.
Qətərdə oyunçular hətta gündəlik həyatdan, primitiv şeylərdən də narazı qalırdılar. Məsələn, futbolçular onların qaldığı otelin, demək olar, səhranın ortasında yerləşməsindən narazı idilər. İlk məşqlərdən birində Serj Qnabrinin “maraqlıdı, buralara, ümumiyyətlə, kimsə gəlirmi” sualına komanda yoldaşları gülümsəməklə reaksiya verdilər. Niko Şlotterbek isə narazılığını belə dilə gətirir: “Mən alman mühitinə öyrəşmişəm. Bizdə evlər bir-birinin arxasında və ya magistral yolun yanında yerləşir. Burdakı yol isə kəndlərarası yola bənzəyir və faktiki bir ucu gedib səhraya çıxır. Yolda uzun müddət ətrafda heç nə görünmür. Sonda birdən-birə otel peyda olur”.
“Gəlin, qazlara baxaraq öyrənək və ən böyük uçuşumuzu həyata keçirək”
İndi isə keçək filmin ən absurd hissəsinə. Kadrarxası səs əvvəlcə Flikin kollektivi birləşdirmək bacarığından danışmağa başlayır. Komandanın baş psixoloqu Hans-Diter Hermann vurğulayır ki, oyunçularda ruh yüksəkliyi yaratmaq və onların psixoloji durumunu yaxşılaşdırmaq üçün xeyli düşünməli olublar. Bu hissədən sonra Flik oyunçulara ekranda bir səhnə göstərməyə başlayır. Xeyr, bu səhnə nə “Rokki Balbo” filmindəndi, nə də Almaniyanın əvvəlki uğurları haqdadı. Səhnə boz qazlar haqdadı! Bəli, düz oxuduz, boz qazlar. 58 yaşlı mütəxəssis ekranın qarşısında oyunçularına bu sözləri deyir: “Bizi DÇ-2022 gözləyir. Gəlin, qazlara baxaraq öyrənək və ən böyük uçuşumuzu həyata keçirək. Bir-birimizi dəstəkləməliyik. Biz birlikdəyik. Futbolda heç kim təkbaşına qalib gəlmir. Nəticəyə görə hər kəs cavabdehdi. Bir-birimizi qorumalıyıq. Qazlar birlikdə hərəkət etdikdə çox böyük məsafə qət edirlər. Biz də məhz bu cür, komanda şəklində hərəkət etməliyik”. Bu anda futbolçular çox düşüncəli görünürlər. Onlar nə üçün ekranda qazlara baxdıqlarını başa düşmürlər. Flikin “əfsanəvi” çıxışından sonra oyunçular əl çalmağa başlayır. Amma sifət cizgilərindən onların əslində nə düşündükləri bəlli olur... Qaz mövzusu ilə kifayətlənməyən Flik sonradan inəkləri də “işə salır”. O, hətta uzun illər yığmanı çalışdırmış Yoahim Lövdən sitat da gətirir: “Yoqi” bir dəfə maraqlı ifadə işlətdi. O dedi ki, bir inək gündə 10 litr süd verə bilər. Amma günün sonunda o, süd qabını quyruğu ilə vurub aşırırsa, belə inək kimə lazımdı?” Etiraf edək ki, komandası məğlub olan bir məşqçinin oyunçulara belə motivasiya verməsi ən azı qəribədi. Yığmanın baş meneceri Oliver Birhoff da öz üsullarını işə salırdı. O, tez-tez özünəinamın vacibliyindən danışır və kağız lampaları suyun içinə salırdı. Flik yaxın keçmişdə “Bavariya”nın başında 18 ay ərzində Çempionlar Liqası da daxil olmaqla 7 titul qazanmışdı. Bəlkə də onun bu cür parlaq bənzətmələri Münhen nəhəngində işə yarayırdı. Amma yığmanın düşərgəsində açıq-aşkar işə yaramadı.
Səssizlik və vecsizlik
Mundialın ilk oyununda yaponlara uduzan almanları 2-ci turda İspaniya ilə çətin qarşılaşma gözləyirdi. Flikin həmin matçdan öncə dediyi sözlərə diqqət yetirək: “Düzünü desəm, sözə məhz bu məsələ ilə başlamağın vacib olub-olmadığını bilmirəm. Amma məsələ belədi ki, bazargünkü oyun bizim turnirdə mübarizəni davam etdirməyimiz üçün son şansdı. İnanıram ki, bu şansdan yararlanacağıq. İlk oyunda başverənləri artıq unudun. Sizin hər biriniz döyüşçüyə çevrilməli və oyunun taleyini həll etməyə cəhd göstərməlisiz. Braziliyalılara və onların necə ruh yüksəkliyi ilə oynadıqlarına baxın”. Bu toplantının sonunda Flikin yığmadakı nüfuzunun nə qədər aşağı olduğunu göstərən bir hadisə ekranlara yansıdı. Yulian Brandtın gec gəlməsi üzündən Flik sözünü belə bitirdi: “Eyni zamanda toplantıya vaxtında gəlmək lazımdı. Hamıya aydın oldu?” Bu sualın cavabı səsszilik və oyunçuların vecsizliyi oldu. Bunu görən Flik yenidən komandaya müraciət etdi: “Siz heç olmasa, belə bir məqamda emosiyalarınızı göstərib “bəli, aydındı” deyə bilərsizmi?” Oyunçuların bu sual qarşısında da susması diqqəti çəkdi. Flikin son sözü “okey” oldu və o, toplantını başa vurdu.
Tənqidi qəbul etməyən məşqçi
Filmin 3-cü seriyasında baş məşqçi ilə oyunçular arasındakı anlaşmazlıq yenidən özünü büruzə verir. Flikin tənqidə və kənardan edilən göstərişlərə heç də yaxşı reaksiya vermədiyi məlum olur. Düzdü, təcrübəli məşqçi müsahibələrində qeyd edirdi ki, oyunçularla birlikdə problemi həll etməyi, eləcə də onların fikirlərini dinləməyi xoşlayır. Reallıq isə başqa cür imiş. İspaniya ilə oyunöncəsi taktikaya həsr olunmuş toplantı zamanı Flik oyunçulardan hər şeyi anlayıb-anlamadıqlarını, əlavə suallarının olub-olmadığını soruşur. Bu zaman Kimmixlə Tomas Müller söhbətə müdaxilə edir. Kimmixin narazılığı Yaponiya ilə oyunun ikinci hissəsi ilə bağlı idi. O, rəqibin 5 müdafiəçili sistemini yarmaqda çətinlik çəkmələrindən və dayaq yarımmüdafiəsi zonasına yardımın az olmasından gileylənir. Bu narazılığı Flik anlamır və qəbul etmir: “Kişilər, bəlkə mən alman dilində danışmıram və ya nəyisə başqa cür izah edirəm? Axı biz artıq bu mövzunu müzakirə etdik!”. Məşqçinin bu sözlərindən sonra yenə sakitlik çökdü və sanki oyunçuların əhval-ruhiyyəsi pisləşdi. Bundan sonra heç kim artıq Flikə narazılığını bildirməyə cürət etmədi. Onun “daha kiminsə sözü varmı” sualına heç kim cavab vermədi.
Filmdə daha bir qeyd olunası məqam Kosta Rikaya qarşı qrupun son oyununun fasiləsində yaşanır. Almanlar hesabda öndə olsalar da, məşqçi sərgilənən futboldan kəskin narazılığını bu sözlərlə ifadə edir: “Kişilər, rəqibi sanki biz özümüz yaxşı oynamağa məcbur edirik. Onların gözü görmür. Amma biz onları daha da güclü edirik. Bu gördüklərimə inana bilmirəm”. Onun bu sözlərinə üzgün görünən oyunçular tərəfindən heç bir dəstək verilmir. Flik taktiki göstərişlər verərkən səsinin tonunu yüksəldir və oyunçulardan xarakter nümayiş etdirməyi tələb edir. Ümumiyyətlə, filmdən çıxan əsas nəticə odu ki, Hans-Diter Flik bir məşqçi kimi böhranlı vəziyyətin öhdəsindən gəlməkdə çətinlik çəkir.
Son mundialda Almaniyanın “faciəvi nağılının” yeganə işıqlı tərəfi Niklas Füllkruq olur. O, bəlkə də yığmanın düşərgəsində yer almaqdan böyük zövq və məmnunluq duyan yeganə futbolçu təsiri bağışlayır. İspaniya ilə oyundan öncə onun komanda yoldaşlarını motivasiyalandırması barədə yayılan video böyük alqış toplamışdı. İspanlarla matçda almanları məhz bu futbolçu məğlubiyyətdən xilas etmişdi. Filmdə Füllkruq həm də yığmaya dəvət aldıqdan sonra uşaq vaxtı yazdığı məktubu həyat yoldaşına göstərməsindən bəhs edir. Futbolçu həmin məktubda arzularını qeyd edib. Onların arasında yığma ilə dünya çempionu olmaq da yer alır. Amma bu komanda ilə bu arzu, çətin ki, həyata keçsin...
ƏLİ RAUFOĞLU