“Qəbələ” premyer-liqanın növbəti mövsümünə və Konfrans Liqasında “Omoniya” ilə qarşılaşmaya hazırlaşır.
Bilindiyi kimi, bölgə təmsilçisi ölkə çempionatını 50 xalla 4-cü pillədə başa vursa da, büdcəsi nəticələrə uyğun deyil. Hazırda rəhbərlik və baş məşqçi əsas heyət üzvlərinin gedişindən sonra ortaya çıxan böhrandan xilas olmaq istəyir. Bu məqsədlə transferlər edilir, müqavilələr yenilənir və ötən “futbol ili”ndə Elmar Baxşıyevi qane etməyən futbolçular yola salınır. Gedənlər sırasında maliyyə problemləri üzündən razılığın baş tutmadığı oyunçuların olduğu da məlumdu.
Xatırladaq ki, klub indiyə qədər Məqsəd İsayev, Ramon Maçado, Səlahət Ağayev, Andrey Strijak, Rövlan Muradov, Felipe Santos, İsnik Alimi, Ruan Renato və Rafael Utziq ilə vidalaşıb. Rüfət Əliyev “Kəpəz”ə icarəyə verilib. İlkin Qırtımov, Urfan Abbasov, Murad Musayev, Emil Səfərov, Ülvi İsgəndərov, Kristof Atanqana, Asif Məmmədov və Omar Hani isə müqaviləsi yenilənənlərdi. Ahmed Ayzaya, Zurab Oçiqava, Lukas Afriko, Gilad Avramov, Osama Xalayla və Rauf Hüseynli heyətə yeni qatılıb. “Qəbələ” Raufun transfer xəbərini srağagün elan edib. Maraq üçün qeyd edək ki, “qırmızı-qaralar” 23 yaşlı müdafiəçi ilə birillik müqavilə bağlayıb. Futbolçu son klubu “Şamaxı”nın heyətində 37 matça çıxıb. Hesabında 1 qol və 1 məhsuldar ötürmə var. Karyerasına “Qarabağ”da başlayan Hüseynli “Zirə”də də forma geyib. U-19 və U-21 yığmalarımızın da şərəfini qoruyub.
Yeri gəlmişən, mətbuatda klubun büdcəsinin 1 milyon manat artırıldığı haqda xəbərlər yayılıb. “Qəbələ”nin mətbuat xidmətinin rəhbəri Anar Hacıyevdən məlumatın doğru olub-olmadığını soruşduq. Həmkarımız bildirdi ki, maliyyə heç 1 qəpik də artmayıb.
Bölgə təmsilçisi toplanışın ikinci mərhələsini Türkiyədə gerçəkləşdirəcək. Komanda Boluda məskunlaşacaq. Burda 3 yoxlama görüşü təşkil olunacaq. “Qırmızı-qaralar” iyulun 12-də Moldovanın "Sukleya", 15-də Rusiyanın "Orenburq" klubu ilə üz-üzə gələcək. Sonuncu matç isə 19-da keçiriləcək. Rəqibin yaxın günlərdə dəqiqləşəcəyi gözlənilir. “Qəbələ” 20-də vətənə qayıdacaq və “Omoniya” ilə görüşlərin hazırlığını ölkəmizdə yekunlaşdıracaq. Qeyd edək ki, bölgə təmsilçisi iyunun 24-də Qəbələdə məşqlərə start vermişdi. İki gün öncə 2023/24 “futbol ili” üçün nəzərdə tutulan hazırlıq prosesinin ilk mərhələsi başa çatdı.
"Football-plus.az" olaraq komandanın baş məşqçisi Elmar Baxşıyevlə əlaqə saxlayıb evdəki toplanış, heyət və bundan sonrakı planlar haqda məlumat aldıq. Daha öncə “Qəbələ” azarkeşlərinin narahatlığından yazmışdıq. Məlum oldu ki, təcrübəli mütəxəssis də bundan xəbərdardı və faktlara biganə yanaşmayacaq.
- İlk məşq prosesindən sonra heyət haqda təəssüratınız necədi? Futbolçuların durumu sizi qane edir?
- Plana uyğun inkişaf edirik. Qəbələdəki toplanışda məşqlər istədiyim tempdə və intensivlikdə keçdi. Nəzərdə tutulan detalların üzərində çalışdıq. Futbolçuların istəkli olması sevindiricidi. İndiki mərhələdə əsasən yükləmələrin üzərində çalışırıq. Türkiyədə daha çox toplu çalışmalara üstünlük veriləcək və istiqamət matçlara yönələcək. Bununla da heyət oyun ritminə qayıdacaq. Oyunçular hələlik formadan uzaqdı. İyunun 24-dən məşqlərə başlayanlar müqayisədə daha hazırlıqlıdı. Türkiyə toplanışında bu boşluqları dolduracağıq. Yeni oyunçuların bəziləri həmişə olduğu kimi, həm fiziki forma, həm də heyətə uyğunlaşma baxımından tez hazır oldular. Sadəcə, fiziki durumlarını qaydaya salmaq lazımdı. Bizim verdiyimiz fiziki yükləmələrlə oyundakılar fərqli olur. Məqsədim futbolçuların oyun yükünə uyğunlaşmasıdı. Qarşıda üç yoxlama görüşü var. Bu matçlar komandanı daha da gücləndirəcək.
- Yeni “futbol ili”nin başlamasına 1 aydan az, “Omoniya” ilə görüşə isə 17 gün qalıb. Komanda, demək olar ki, yenidən formalaşdırılma dönəmindədi. Qarşıdakı matçlarda “Qəbələ”dən nə gözləyə bilərik?
- “Omoniya” Cənubi Kipr çempionatında sabit çıxış edən, daim iddialı və köklü klubdu. Yetərincə ciddi rəqibdi. Hazırda qarşı tərəfi təhlil edirik. Bildiyim qədər yaxın günlərdə yoldaşlıq oyunları keçirəcəklər. Həmin matçları izləyib nəticə çıxarmağa çalışacağıq. Bizi “Omoniya” ilə çətin qarşılaşmalar gözləyir. Əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə adlayaq. Ölkə çempionatına gəlincə, qalan hazırlıq dönəmini ən yüksək şəkildə dəyərləndirəcəyik. Bəzi çatışmazlıqların bizi ruhdan salmasına, hədəflərimizdən yayındırmasına imkan vermək doğru olmaz. Hər klub üçün vacib amildi ki, əvvəlki mövsümdən daha iddialı və daha güclü çıxış etsin.
- Bəzi azarkeşlər narahatdı. Düzdü, ötən mövsüm onlar “Qəbələ” məğlub olsa belə, qəbul edirik, əsas odu ki, meydanda mübarizə apardıqlarını hiss edək” deyirdilər. İndi isə transferlərdən narazı olanlar var. Statistikanı araşdıranlar həmin futbolçuları uğursuz sayır. Xüsusilə Osama Xalayla və Gilad Abramovu...
- Məncə, yeni gələnlər haqda fikir bildirmək üçün tezdi. Hər oyunçu uğursuz çıxışla yadda qala bilər. Lakin potensialı varsa və bu düzgün yönləndirilsə, yenidən formaya düşüb özünü yaxşı tərəfdən göstərəcək. İnanıram ki, seçdiyim futbolçular azarkeşlərimizi yaxşı mənada təəccübləndirəcək.
- Komandanın önəmli fiqurlarından Feras Abu Akal bir neçə gün öncə əməliyyat olundu. Hazırda durumu necədi? Yaşıl meydanlara nə vaxt dönəcək?
- Feras yaxşı futbolçudu. Ümid edirəm ki, tezliklə əvvəlki sağlamlığına qovuşacaq. Təəssüf ki, həkimlər 6 ay futbol oynaya bilməcəyini deyir.
- “Qəbələ” hələ də sponsorsuzdu. Ötən mövsüm böyük işlərlə yadda qaldız. Növbəti “futbol ili”ndə rəqabətin artacağı gözlənilir. Klub belə şəraitdə tab gətirə biləcək?
- Mən baş məşqçi kimi vəzifəmi yerinə yetirməyə davam edəcəm. Çalışacam ki, mümkün olanın maksimumunu əldə edək. Sponsor axtarışı davam edir. Lakin hələ hansısa anlaşma əldə olunmayıb.
KƏNAN BAHADIR