İlqar Nadiri: “AFFA-dan maddi yardımın ödənilməsi ilə bağlı hələ də bir xəbər gəlməyib”

12.07.2023 12:16 1 103
Ölkə futbolu / Manşet
Premyer-liqanın növbəti mövsümünün başlamasına təxminən bir ay qalıb.

Klubların heyətin komplektləşdirilməsi istiqamətində atdığı addımlar yavaş-yavaş bəlli olur. Prosesi bitirmək üzrə olan komandalardan biri də “Kəpəz”di. Gəncəlilər məşqləri bərpa edib. Olimpiya İdman Kompleksində trenajorda çalışan komanda yeni istifadəyə verilən təbii örtüklü meydanda məşq edib. Klub bu ərəfədə qapıçı Kamran İbrahimovla müqavilənin müddətini artırıb. Redaksiyamıza daxil olan məlumata görə, aparıcı oyunçulardan Mate Kvirkviya da daha 1 il gəncəlilərin uğurları üçün çalışacaq.

Klubun maliyyə sıxıntıları ilə mübarizə apardığı da məlumdu. Növbəti mövsümün gərgin keçəcəyini nəzərə alsaq, komanda üçün həyəcan siqnalının çalındığını demək olar. Bununla yanaşı, Azər Məmmədov bir neçə legioner transferi gerçəkləşdirməkdə maraqlıdı. Görəsən, məsələ necə həll olunacaq? Heyətlə bağlı daha hansı addımlar atılacaq? Klub maliyyə problemlərindən yaxa qurtara biləcəkmi?

"Football-plus.az" olaraq bu sualları “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiriyə ünvanladıq:

“Düzdü, maliyyə problemi davam edir. Klubun sponsorsuz qalması hədəflərimizə mane olur. Lakin əlimizdə olan gücü düzgün dəyərləndirsək, nəticələr istədiyimiz kimi ola bilər. Heyətdə hər şey yaxşıdı. Demək olar ki, bütün transferlər həll olunub. Bəzi sənədləşmə işləri bitdikdən sonra hər biri ictimaiyyətə açıqlanacaq. Əsas futbolçularımızın yarısını itirsək də, baş məşçi Azər Məmmədovun yeni seçimlərinə güvənirik. AFFA-dan maddi yardımın ödənilməsi ilə bağlı hələ də bir xəbər gəlməyib. Bəzi nöqsanlar tapıb ümumi məbləğdən də kəsiblər. Əlbəttə, səhvsiz klub olmur. Amma tək dayağımız o vəsait olduğuna görə çətinliklərlə üzləşirik. İndiki şəraitdə mətanətli olmalıyıq. Ötən mövsüm də çoxları deyirdi ki, “Kəpəz” elitanı tərk edəcək və s. Şükür Allaha, qalmağı bacardıq. Ona görə indidən növbəti mövsümün hədəfləri haqda danışmaq istəmirəm. Məqsəd bacardığımız qədər yüksək pillələrdə qərarlaşmaq olacaq. Dediyim kimi, ümidliyik, lakin sponsor tapılsa, maliyyə dayağımız artsa, “Kəpəz” daha güclü ola bilər”.


KƏNAN BAHADIR