“Napoli” uzun illər İtaliya futbolunda aparıcı qüvvələrdən sayılsa da, heç cür belə demək mümkünsə, şeytanın qıçını qıra bilmirdi. Bu mövsüm adı tarixdə daha çox Dieqo Maradona ilə yanaşı hallanan Neapol təmsilçisi, nəhayət, 33 illik çempionluq həsrətinə son qoydu. Amma fanatlar və kluba könül verənlər bu tarixi uğuru doyunca qeyd etməmiş bir-birinin ardınca bəd xəbərlər gəlməkdədi. Bu gedişlə “qızıl” komandadan növbəti mövsüm əsər-əlamət də qalmayacaq. Yəni komandanın enişi yüksəlişindən də sürətli ola bilər...
Spalletti ayrılır!
İlk növbədə çempionluğun baş memarı, Karlo Ançelotti, Mauritsio Sarri, Rafael Benites kimi mütəxəssislərin bacarmadığını edən Luçano Spallettinin gələcəyi çox böyük sual altındadı. Hətta son xəbərlərə inansaq, artıq bu məsələ həll olunub və sonuncu turun ardından 64 yaşlı mütəxəssislə yollar rəsmi şəkildə ayrılacaq! Yerli mənbələrin yazdığına inansaq, artıq neçə vaxtdı Spalletti ilə klubun sahibi Aurelio De Laurentis arasında münasibətlər pozulub. Bugünlərdə De Laurentis bu məsələ ilə bağlı açıqlama verdi. Onun sözləri daha çox şayiələri təkzib yox, təsdiq etdi:
“Təbii ki, Spallettinin postunda qalmasını istərdik. Amma azadlıq bu həyatda ən dəyərli və heç nə ilə müqayisə olunmayan hissdi. Heç kimin qanadlarını kəsə bilmərəm. Eyni şəkildə heç kimin də mənim qanadlarımı kəsməyə haqqı yoxdu. Əsas odu ki, yaxşılığı unutmayasan. Bu, həm onu alan, həm də verən insana aiddi”.
Bəs problem nədədi? Bir müddət öncə “Corrierre dello Sport” iddia etmişdi ki, “Napoli” rəhbərliyi müqavilədəki xüsusi bənddən yararlanıb. O bənd şərti anlaşma ilə bağlıdı və klub məşqçinin müqaviləsini 2024-cü ilə qədər yeniləyib. Ən əsası bu barədə Spallettinin özünə məlumat verilməyib. Təcrübəli mütəxəssis isə məvacibi artırılmadan müqavilənin yenilənməsini qətiyyən istəmirdi. İndiki illik maaşı 2,8 milyon avro olan məşqçi klubdan 4,5 milyon avro tələb edirdi. “La Repubblica”nın versiyasına görə Spalletti ilə De Laurentis arasında maaş məsələsi ilə bağlı yalnız bir dəfə görüş olub. Klubun sahibi məşqçiyə illik 3,5 milyon avro maaş olmaqla 2025-ci ilə qədər müqavilə təklif edib. Bu təklif Spallettini qane etməyib! Ötən həftəsonu “İnter”ə məğlubiyyətdən sonra Spalletti özü də bu mövzuya toxunaraq sərt açıqlamalar verdi:
“Qərar artıq qəbul olunub. Hər gün qərar dəyişməzlər. Belə durumun yaranacağı çoxdan bəlli idi. Səhərdən axşama kimi işləyəndə bəzi şeyləri artıq beynində əvvəlcədən görə bilirsən. Sənə layiq olduğun dəyəri vermirlərsə, deməli, ciddi düşünmək lazımdı. İnsan belə vəziyyətdə hər şeyi ətraflı götür-qoy edir. Yəni bu, bir anın içində qəbul edilmiş qərar deyil”.
Namizədlər kimlərdi?Spaletti ilə “Napoli” arasındakı işbirliyinin bitməsi böyük ehtimalla tərəflərdən heç birinin xeyrinə olmayacaq. Yuxarıda qeyd etdiyimiz kimi, Spallettiyə qədər “Napoli” 1990-cı ildən, yəni Maradonanın dönəmindən bəri skudettonu qazana bilmirdi. Elə Luçano da buna qədər 30 illik məşqçi karyerası ərzində yalnız bir klubla – “Zenit”lə çempion olmağı bacarmışdı. Yəni zaman göstərdi ki, bu məşqçi ilə bu klub bir-birinə çox uyğun gəlir. Ona görə də ayrılıq çətin ki, onların ikisi üçün də faydalı olsun.
“Qazzetta dello Sport” artıq Spallettini əvəzləməyə əsas namizədlərin adlarını da açıqlayıb. De Laurentis Rafael Benitesin qaytarılmasının əleyhinə deyil. 2013-15-ci illərdə neapolluları çalışdıran məşhur ispaniyalı mütəxəssis klubun başında ölkə kubokunu və superkubokunu qazanmışdı. Digər namizədlər “Tottenhem”dən qalmaqallı şəkildə ayrılan Antonio Konte, “Atalanta”da uğurlu işi ilə seçilən Canpyero Qasperrini, “Fiorentina”nı Konfrans Liqasının finalına daşiyan Vinçentso İtalyano, “Brayton”u yeni səviyyəyə qaldıran Roberto De Zerbidi. Hətta PSJ-də ümidləri doğrultmayan Kristof Qaltyenin də adı hallanır. Bu məşqçilərdən daim yeni transferlər tələb edən Kontenin De Laurentislə yola gedə biləcəyi inandırıcı görünmür. Lap bu təyinat baş tutsa belə, “izdivac” uzaqbaşı birillik olacaq...
Osimhen kimə qismət olacaq?Liderlərin və aparıcı futbolçuların da klubu tərk etmək üzrə olması haqda xəbərlər səngimək bilmir. Bu oyunçuların başında Kim Min Çje gəlir. Koreyalı müdafiəçinin bu yay Neapolu tərk edəcəyi, demək olar, dəqiqdi. “Mançester Yunayted” həm rəhbərlik, həm də futbolçu ilə anlaşma əldə edib. Hətta deyilənə görə, hazırda futbolçu üçün Mançesterdə ev axtarılır. Düzdü, bu futbolçu uğrunda PSJ və “Liverpul” da mübarizə aparır. Amma deyilənə görə, “Yunayted” onu o qədər çox istəyir ki, müqavilədə qeyd olunan 45 milyon avroluq təzminatdan 15 milyon avronu artıq ödəməyə hazırdı! Xatırladaq ki, “Napoli” ötən yay 26 yaşlı futbolçunu cəmi 18 milyon avroya “Fənərbaxça”dan transfer etmişdi.
Təbii ki, Avropa nəhənglərinin əsas hədəfi Viktor Osimhendi. “Napoli” tarixinin ən bahalı oyunçusu olan nigeriyalı forvard uzun illər unudulmayacaq bir performans sərgiləyərək çempionluqda mühüm rol oynadı. Hazırda “transfermarkt”da onun dəyəri 100 milyon avro göstərilib. Amma De Laurentis bu mövsüm rəsmi oyunlarda 28 qol vuran 24 yaşlı futbolçuya görə daha böyük məbləğ tələb edir. Şayiələrə inansaq, “Napoli”nin sahibi Osimheni 150 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyil. Maraqlıdı ki, Osimhen uğrunda mübarizədə də “Yunayted” favorit sayılır. Amma burda rəqabət daha güclüdü. “Bavariya”, “Çelsi”, “Nyukasl” və PSJ də bu oyunçuya göz qoyub. Özü də daha öncə “Napoli”dən PSJ-yə keçən futbolçuların olduğunu nəzərə alsaq, De Laurentis ilə Nasser Əl- Xelayfi arasında gözəl münasibətlər var.
Kvaratsxeliya qalır, yoxsa gedir?“Napoli” fanatlarının sevimlisi Xviça Kvaratsxeliya isə böyük ehtimalla gələn mövsüm də heyətdə olacaq. Baxmayaraq ki, ona da Avropanın bir sıra top-klubunun ciddi marağı var. Jurnalist və insayder Nikolo Skiranın məlumatına görə, gürcüstanlı vinger müqaviləni yeniləyəcək. Onun indiki müqaviləsinin müddəti 2027-ci ilə qədər nəzərdə tutulub. Yeni müqavilədə 2028-ə qədər uzadılacaq. Amma burda, təbii ki, müddət prinsipial rol oynamır. Əsas məsələ məvacibin artırılmasıdı. Hələ ki Xviça illik 1,1 milyon avro qazanır. Yeni müqaviləyə imza atandan sonra isə onun qazancı 3 milyon avroya bərabər olacaq. Düzdü, 22 yaşlı futbolçu “Napoli”nin yığma fasiləsindən bəri keçirdiyi 11 rəsmi oyunun heç birində məhsuldar hərəkətlə fərqlənə bilməyib. Yəni martın 19-dan bu yana onun hesabında nə qol var, nə də məhsuldar ötürmə. Bu müddətdə o, 811 dəqiqə meydanda olub. Amma gürcünün çempionluqdakı rolu danılmazdı.
A seriyasındakı ilk mövsümdə 12 qol, 10 məhsuldar ötürməlik (bütün rəsmi oyunlarda 14 qol, 14 məhsuldar ötürməlik) performans postsovet məkanından olan bir futbolçu üçün mükəmməl göstəricidi. Həm də statistikaya əsaslansaq, onun oyunu zəifləməyib. Sadəcə, bəzi epizodlarda ya özü, ya da komanda yolaşları son zərbəni qoya bilməməklə şanssızlıq yaşayıb. Elə ən son “İnter”lə oyunda onun asmasından sonra Covanni Simeonenin vurduğu qol ofsayd üzündən qeydə alınmadı. Kvarastxeliyanın faydalılığının aşağı düşməsini “Napoli”nin böyük fərqlə irəlidə olmasından və ya sadəcə, onun Maradona ilə müqayisədən təngə gəlməsi ilə də əlaqələndirmək olar. Amma istənilən halda bu çempionluqda hər zaman onun da adı xatırlanacaq.
İdman direktoru da əldən çıxırGələn il müqavilə müddəti bitəcək futbolçulardan biri də Pyotr Zelinskidi. “Napoli”nin aparıcı mərkəz yarımmüdafiəçilərindən olan çexiyalını Mauritsio Sarri öz yanına – “Latsio”ya aparmaq istəyir. Sarri vaxtilə neapolluları çalışdırdığı üçün Zelinskinin potensialına gözəl bələddi. Amma bu keçid daha çox Sergey Milinkoviç-Saviç “Latsio”nu tərk edəcəyi halda baş tuta bilər. Çünki romalılar serbiyalını məhz Zelinski ilə əvəzləmək istəyir. Bundan başqa, De Laurentis “Napoli”də icarə əsasında top qovan Covanni Simeone və Tanqay Ndombele ilə bağlı da qərar verməlidi. Böyük ehtimalla onların heç biri klubda qalmayacaq. Baxmayaraq ki, çempionluqda az-çox əməkləri oldu. “Atletiko”nun baş məşqçisinin oğlunun məhsuldarlığı aşağıdı. O, bu mövsüm yalnız 3-ü A seriyasımda olmaqla 8 qol vurub. Ndombelenin dəyəri isə oyunu ilə müqayisədə çox bahadı.
Və nəhayət, “Napoli” çempionluğun daha bir memarını – gizli qəhrəmanlardan olan idman direktoru Kristiano Cuntolini də itirə bilər. “Qazzetta dello Sport”un yazdığı xəbərə inansaq, bu futbol adamı “Yuventus”un yeni rəhbərliyinin əsas hədəfidi. Amma Cuntoli hələ yekun qərarını verməyib. Həm də o, İngiltərə nəhənglərinin – “Yunayted”, “Tottenhem” və “Çelsi”nin də maraq dairəsindədi.
Bir məqam dəqiqdi ki, bu proqnozlar doğrulsa və Spalletti, Osimhen, eləcə də başqa oyunçular Neapolu tərk etsə, bu, artıq tam başqa komanda olacaq. Halbuki bu “Napoli”ni daha bir neçə il izləmək maraqlı olardı...
ƏLİ RAUFOĞLU