“Sampdoriya”da vəziyyət getdikcə pisləşir. Komandanın A seriyasındakı uğursuz nəticələrindən təngə gələn azarkeşlər rəhbərliyə etirazını qeyri-adi şəkildə bildiriblər.
"Football-plus.az" xəbər verir ki, klubun sabiq prezidenti Massimo Ferrero və hazırkı vitse-prezident Antonio Romei ölümlə hədələnib.
“Sampdoriya” bu mövsüm ölkə çempionatda 24 oyuna yalnız 11 xal toplaya bilib və hazırda 20-ci yerdədi. B seriyasına düşmək təhlükəsi böyük olan genuyalıların azarkeşləri uğursuzluqların əvəzini Ferrero və Romeinidən çıxmaq qərarına gəliblər.
Belə ki, fanatlar ağlasığmaz bir aksiya təşkil edərək klubun ofisinin qarşısına içində kəsilmiş donuz başı olan qutu qoyublar. Qutunun üzərində isə bu cümlə yazılıb: “Növbəti sizin başlarınız olacaq!”
Polis araşdırmaya başlayıb. Təhqiqat prosesində klubun binasının yerləşdiyi rayonda videomüşahidə kameraları nəzərdən keçiriləcək. Aksiyanın yerli azarkeşlər tərəfindən təşkil edildiyi aydındı. Yəqin ki, rəhbərlik, məşqçilər korpusu və futbolçular bundan sonra əsas diqqəti aksiyanın təşkilatçılarının yaxalanmasına yox, çempionatdakı nəticələrin yaxşılaşdırılmasına yönəldəcək. Əks halda “Sampa” da əzəli rəqibi “Cenoa” kimi özünü yaxın gələcəkdə B seriyasında görəcək.
Komanda cari mövsümə Marko Campaolonun başçılığı altında başlamışdı. Amma ötən ilin oktyabrında onun istefaya göndərilməsi qaçılmaz olmuşdu. Baş məşqçi vəzifəsinə təxminən 5 ay əvvəl təyinat alan Deyan Stankoviçin dövründə vəziyyət heç də yaxşılaşmayıb. Bu səbəbdən hazırda vəziyyət kritikdi.
“Sampdoriya” A seriyasını tərk edəcəyi halda tifozinin buna reaksiyasını təsəvvür etmək belə qorxuncdu...