“Dədə Qorqud” dastanı əsasında çəkilən eyniadlı filimdə sevə-sevə izlədiyimiz bir səhnə var.
Qazan xan sarayında sərkərdələrini başına toplayır və bu zaman oğlu Tural daxil olur, əlində də çiçək dəstəsi. Oğlunun bu görüntüsünə Qazan xan əsəbləşir, Turalı qınamağa başlayır. İttihamı da belə olur ki, Tural onun sarayına istədiyi vaxt daxil olub, sərkərdələrini tapdalayıb yuxarı başa keçir. Amma xanın oğlu baş kəsib, qan töküb, ad çıxarmaq bir yana, ov ovlamağı da bacarmırmış. Atasının bu qınağına Tural özünəməxsus və fəlsəfi cavab verir. Deyir ki, baş kəsib, qan tökmək hünər sayılmır, ov ovlayıb, quş quşlamağı isə atası ona öyrətməyib. Onun bu sözlərindən atası da təsirlənir. Qazan xanın adlı-sanlı sərkərdələrinin “Tural düz söylədi” təsdiqindən sonra isə qərara gəlirlər ki, ata-oğul ova çıxsınlar.
İndi bu əhvalatı ona görə xatırlayıram ki, ellikcə veteran futbolçu Vüqar Nadirovu qınamağa başlamışıq. Səbəb də onun “Tik-Tok” platformasında keçirilən bir şou proqrama qatılması və orda maşın qazanmaq üçün mübarizə aparmasıdı. Hər kəs fikir söyləməkdə azaddı. Şəxsən mən həmin şouya qatıldığına görə Vüqarı qınamaq fikrindən uzağam. “Tik-Tok”un günümüzdə necə populyar olduğu heç kimə sirr deyil. Sosial şəbəkələr çoxdan televiziya və radionu üstələyib. İnsanlar istər xəbəri, istərsə də əyləncəni məhz orda axtarır. Orda yayınlanan videolar milyonların maraq dairəsinə düşür, böyük izləyici kütləsi toplayır. İkincisi, sosial şəbəkələr həm də ona görə sevilir ki, orda insan azaddı, asanlıqla özünü ifadə edə bilir. Televiziyadakı kimi sərt senzura yoxdu, kiminsə diqtəsiylə danışmalı olmursan. Bir sözlə, “Tik-Tok” günümüzün tələbi, sosial sifarişdi. Düzdü, bu hüdudsuz azadlığın da mənfi tərəfləri var. Amma nə etmək olar? Proses gedir və bunun qarşısını almaq, insanların seçimini əngəlləmək sənin-mənim iradəmiz xaricindədi. Kütlənin seçiminə hökm etmək olmaz.
Bütün bunlar öz yerində. Qayıdıram Vüqar Nadirovun məsələsinə. Onu qınamasam da, qınayanları da başa düşürəm. İnsanlar Azərbaycan futbolunun yaxın keçmişinin tanınmış simalarından birini, Sent-Etyenin məşhur “Joffrua Qişar” stadionunda bizə hədsiz sevinc bəxş edən qolun müəllifini daha səviyyəli yerlərdə görməyi arzulayır. İstəyirik ki, onun yeri analitik futbol proqramları, azyaşlıların futbolun sirlərini öyrəndiyi məşq meydanları olsun. Azərbaycan futbolunun istedadlı yetirməsi, onun problemlərini yaxşı bilən biri təhlillər etsin, futbolumuzun səhvini-düzünü desin, uşaqlara top oyununun sirlərini öyrətsin. Amma Qazan xanın oğlu Tural demişkən, biz nə vaxt Vüqar Nadirovu ov ovlamağa, quş quşlamağa apardıq ki, o da gəlmədi?
Telekanallarda efirə gedən futbol proqramları müstəqil analitiklərin, tənqidi fikir söyləyənlərin, acı həqiqətləri dilə gətirənlərin üzünə qapısını bağlayıb. Heç kim ağrımayan başına dəsmal bağlamaq istəmir. Lap elə bir-iki verilişə qonaq kimi dəvət almaq da ciddi məsələ deyil. Buna görə heç kim sənə pul ödəməyəcək. Uşaq məşqçilərinə verilən məvaciblərin məbləği də hamımıza bəllidi. Həmin pulla, loru dillə desək, bala başı saxlamaq olmur. Məcbursan ki, hansısa yollarla özünə əlavə gəlir yeri axtarasan. Belədə gördüyün işdən həzz və effekt almağın da çətin məsələdi.
Lətifəyə çevrilmiş bir deyim var. Deyirlər Azərbaycan yeganə yerdi ki, burda işdə oturursan, pul qazanmağın yollarını fikirləşirsən. İndi bizim uşaq futbolunda çalışan məşqçilərinin də günü belədi. Adamlar özlərini inkişaf etdirmək, azyaşlılara nəsə öyrətmək dərdində yox, güzəran qurmaq, ailələrinə çörəkpulu qazanmaq hayındadı. Ona görə də tanınmış futbolçuların bir çoxu karyerasını bitirəndən sonra uşaq futboluna üz tutmaq istəmir. Yuxarılarda isə vəziyyət bir qədər mürəkkəbdi. Klub sayı azdı, namizədlərin sayı çox. Özü də elita təmsilçilərinin çoxu AFFA-nın birbaşa nəzarətindədi. Orda hansısa vəzifə tutmaq üçün məlum şəbəkəyə yaxın olmalı, onların adamı sayılmalısan. AFFA-dan xeyir-dua (oxu: tapşırıq) gəlməsə, kimdi sənə premyer-liqada çalışan klublarda hansısa vəzifə verən? Birinci divizionla Region Liqası isə heç bir ciddi perspektiv vəd etmir. Orda çalışmaq elə uşaq futbolunda gün keçirmək kimi bir şeydi.
Dağdan ağır futbol veteranlarının hazırkı durumu məşhur təmsildə deyildiyi kimi, dərisi boğazından çıxarılan canavarı xatırladır. O boyda Vəli Qasımovu AFFA illərdi formal fiqur kimi ora-bura atır. Ondan da ağır kişi Nazim Süleymanovu o həddə çatdırdılar ki, başını götürüb ölkədən getdi. Məşqçilər Komitəsinin üzvlərinin günü-güzəranı da məlum. Odu ki, Vüqar Nadirovu qınamağa tələsməyək. Adam özünə gün ağlamağa çalışır, günah onda deyil.
AMAL