Yanvarda ölkə futbolunun nəbzi Antalyada döyünəcək desək, yanılmarıq.
Premyer-liqada yaranan fasilədən maksimum istifadə etmək istəyən elita təmsilçiləri təlim-məşq toplanışı üçün 2023-cü ilin ilk ayının iki həftəsini qardaş ölkədə keçirməyi planlaşdırıb. Toplanış çərçivəsində təmsilçilərimizin hər biri minimum 2 yoxlama görüşü keçirəcək ki, aralarında 3 və ya 4 matç oynayan da olacaq. Bundan başqa, baş məşqçilər Antalyada olduqları müddətdə yeni transferləri də sınaqdan keçirməyi planlaşdırır.
Ötən illərdə klublarımızın iştirakı ilə keçirlən yoxlama oyunlarını PFL-in “yutub” səhifəsi vasitəsi ilə izləmək olurdu. Onu da qeyd edək ki, ötən ilin son günlərində PFL “İnsports” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzaladı. Adı çəkilən şirkət saytı vasitəsi ilə fərqli ölkələrin çempionatlarından da canlı yayın təşkil edir. Maraqlıdı, görəsən, bu dəfə qurum bu yöndə hansısa addım atacaq? Bu suala cavab tapmaq üçün PFL-in Media və Marketinq Departamentinin rəhbəri Sənan Abdullayevlə əlaqə saxladıq:
“PFL əvvəlki illərdən fərqli bu dəfə Antalyaya kiçik heyətlə yollanacaq. Daha dəqiq desək, 3 operator, 1 canlı yayın üzrə mütəxəssis, baş rejissor, vitse-prezident Aslan Şahgəldiyev, texniki-direktor Elgiz Abbasov və mən olmaqla 8 nəfərdən ibarət heyət səfərə çıxacaq. Yanvarın 8-də Antalyada olmalıyıq. Ayın 9-na ilk yayınımızı planlaşdırırıq. Günə ən azı bir, əksər hallarda isə iki oyun yayınlamağa çalışacağıq. Qarşılaşmalar PFL-in rəsmi “yutub” səhifəsi vasitəsilə göstəriləcək. “İnsports”la bu barədə danışıq olmayıb. Bu şirkətlə müzakirələr onların istəyinə əsasən sırf rəsmi oyunlarla bağlıdı”.
Son günlər ölkə mediasında ölkə kubokunun finalının Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçiriləcəyi ilə bağlı xəbərlər yayılıb. Xatırladaq ki, Sovet İttifaqı Qəhrəmanının adını daşıyan arena yenidən qurulsa da, hələ ki açılışı olmayıb. PFL rəsmisi bizimlə söhbətdə bu məsələyə də aydınlıq gətirdi:
“Ölkə kubokunun finalının Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilməsiylə bağlı konkret bir şey deyə bilmərəm. Çünki əvvəlcə arenanın açılışı olmalı və heç olmasa, bir-iki oyun keçirilməlidi. Yəni təftiş olunmalı, final üçün hazır olub-olmadığı tam müəyyənləşdirilməlidi”.
RƏŞAD