Tanınmış jurnalist Rövşən Binnətli “İdman TV”nin direktoru vəzifəsinə təyin olunub.
O, bu təyinata qədər telekanalda direktor vəzifəsini icra edirdi. "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov bununla bağlı əmr imzalayıb.
Təyinatı ilə bağlı fikirlərini öyrənmək üçün tanınmış jurnalistlə əlaqə saxladıq. Rövşən Binnətli məlumatın doğru olduğunu dilə gətirdi: “Mən bu vəzifəni müvəqqəti də olsa, icra edirdim. Direktorun 1-ci müavini idim. Artıq rəhbər olaraq fəaliyyətimi davam etdirəcəm”.
Yeni direktor tamaşaçıların telekanaldan gözləntilərinin yüksək olduğunu söylədi:
“Yeniliklərin olması üçün çalışırıq. Xeyli planlarımız var. Tamaşaçılar da bizdən müəyyən yayınların efirdə olmasını istəyir. Biz də bu istiqamətdə fəaliyyətimizi genişləndirəcəyik. Düzdü, bura qədər də işlər görmüşük. Lakin indi daha da intensivləşəcək. Konkret planlarımız bəllidi. Düşünürəm ki, qarşıdakı hədəflərimizə çata biləcəyik. Avropa ölkələrinin çempionatlarını yayınlamaq da nəzərdən keçirilir. Başqa böyük yarışları göstərmək də planlarımıza daxildi. İstəyirik ki, “İdman TV” gözləntiləri qarşılasın. Biz tamaşaçıların istəyini artıqlamasıyla həyata keçirmək istəyirik. Vallah, sosial şəbəkələri də izləyirəm. Bizdən gözləntilər yüksəkdi. Ayrı-ayrı insanlar bu istiqamətdə fikirlər səsləndirir. Düşünürəm ki, haqlı olaraq bizdən nələrsə tələb edirlər. Biz də bütün gücümüzü səfərbər edib çalışacağıq ki, həqiqətən də onların istədiyi kimi olaq”.
İLKİN SULTANLI