Niderland fanatları bu mundialda öz yığmalarından çox şey gözləyirlər.
Düzdü, DÇ-2018-dən sürpriz şəkildə kənar qalan “narıncılar” qarşıdakı turnirin favoritlərindən sayılmır. Amma trəcrübəli və istedadlı oyunçulara malik komanda DÇ-2010-dakı kimi bir xeyli irəliləyərək sürpriz etməyə qadirdi. Niderlandın və “Barselona”nın aparıcı yarımmüdafiəçilərindən olan Frenki de Yonq mundialın startı ərəfəsində FİFA-nın rəsmi saytına müsahibə verib.
- Bu, sənin DÇ-də ilk təcrübən olacaq. AÇ-2020-də qazandığınız təcrübənin sizə faydası dəyəcəkmi?
- İlk mundialımın gözəl və yaddaqalan alınacağına ümid edirəm. Çox həyəcanlıyam və ilk oyunu səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, fanatlarımızın etimadını doğruldacağıq. Uşaq vaxtı DÇ-də oynamaq həmişə ən böyük arzularımdan biri idi. Elə indi də belədi. Ümumiyyətlə, fikrimcə, DÇ-də oynamaq hər futboçu üçün unudulmaz anlardan biridi.
- Seçmə mərhələ sizin üçün uğursuz başladı və ilk oyunda Türkiyəyə 2:4 hesabı ilə məğlub olduz. Ancaq sonrakı 9 oyunun heç birində uduzmadız və 33 qol vurduz. Türkiyəni isə cavab matçında 6:1 hesabıyla darmadağın etdiz.
- Açığı, Türkiyə və Norveçlə birlikdə heç də asan qrupa düşməmişdik. Qarşısına DÇ-yə vəsiqə qazanmaq hədəfi qoyan 3 komanda var idi. Üstəlik dediyiniz kimi ilk oyunda məğlub olduq. Amma bu uğursuzluq çıxışımıza təsir etmədi. Türkiyə ilə cavab görüşünə çox motivasiyalı çıxmışdıq. Onları nəyin bahasına olur-olsun, yenməliydik. Digər tərəfdən seçmə mərhələyə məğlubiyyətlə başlamaq bəlkə də bizim xeyrimizə oldu. Çünki uzun müddət gerilərdən gəlmək və hər oyuna yüksək konsentrasiya ilə çıxmaq məcburiyyətində qaldıq. Türkiyədəki məğlubiyyətdən düzgün nəticə çıxardıq və komandamız o vaxtdan bəri yüksəlişdədi.
- Komandanın başında Lui van Qal kimi təcrübəli bir ismin olması sizə əlavə üstünlük verirmi?
- Əlbəttə. Futbolda mümkün olan ən yüksək səviyyədə onun çox böyük təcrübəsi var. Dəfələrlə bir çox çətinliklərin öhdəsindən gəlməli olub. Nəhəng turnir ərəfəsində təzyiqin necə olduğunu və bunun öhdəsindən gəlməyi gözəl bilir. Komandadan konkret nə istədiyini bilən məşqçidi. Bizi oyunlara çox gözəl hazırlayır və hər bir futbolçunun potensialından düzgün faydalanmağı bacarır.
- Mərkəzdə sizin Klaassenlə duetiniz çox effektli alınır. Komanda sizin birlikdə meydanda olduğunuz 17 qarşılaşmanın yalnız birində məğlub olub. Klaassenlə anlaşma səviyyəniz komanda üçün vacib rol oynaya bilərmi?
- Konkret iki futbolçunun bir-biri ilə anlaşmasının o qədər də mühüm əhəmiyyət kəsb etdiyini düşünmürəm. Meydanda olan bütün futbolçular bir-birini yaxşı anlamalıdı. Hər kəs işinin nədən ibarət olduğunu bilməli və ən əsası komanda yoldaşına etibar etməlidi. Belə olan halda komanda şəklində güclü oynamaq mümkündü. Amma sualınıza cavab olaraq bildirim ki, Klaassenlə birlikdə oynamaq şəxsən mənə böyük zövq verir. O, komanda üçün çox vacib futbolçudu və seçmə mərhələdə də bunu göstərmişdi.
- Yəqin müdafiənin mərkəzində Vircil van Diyk kimi bir futbolçunun olduğunu görmək bütün komandaya inam aşılayır.
- Van Diyk bu yığma üçün ən önəmli oyunçuların başında gəlir. Digər müdafiəçilərdə olmayan bir çox özəllikləri var. Əsl liderdi və meydanda olanda komandanın səviyyəsini bir qədər də qaldırır. Arxadan oyunu gözəl “oxuyur” və hücumları çox yaxşı başlayır. Heç kimi vaxtından əvvəl rahatlaşmağa qoymur. Vircil birlikdə məşq etdiyim və oynadığım ən güclü futbolçulardandı. Həm də çox yaxşı insandı.
- Bir çoxlarının fikrincə, Niderland bu qrupdan asanlıqla çıxacaq. Sən necə düşünürsən?
- Bu fikirlə razı deyiləm. Asan qrupa düşdüyümüzü deməzdim. Bəli, fanatlarımız püşkün nəticəsindən sonra sevinməyə başladı. Amma unutmayaq ki, bu, elə-belə turnir yox, DÇ-di. Bura vəsiqə qazanan hər komanda güclü və iddialıdı. İrəliləmək istəyiriksə, belə fikirləri yaxın buraxmamalıyıq. Hər rəqibə ciddi yanaşmaq lazımdı.
- Memfis Depay seçmə mərhələni 12 qolla tamamladı. DÇ-də də onun qollarının davamını görə biləcəyikmi?
- Bəli, Memfis qolları ilə komandaya çox fayda verir. O, tək bitiricilik yox, həm də digər funksiyaları yerinə yetirir. Kreativ futbolçudu və lazımi anda gözəl ötürmə vermək qabiliyyəti də var. İrəlidə onun oyunundan çox şey asılı olacaq.
- Narıncı rəngə boyanmış niderlandlı fanatlar həmişə nəhəng turnirlərə xüsusi rəng qatır. Onların dəstəyini arxanızda hiss etmək sizə əlavə ruh yüksəkliyi verirmi?
- Bəli, həqiqətən də möhtəşəm fanatlarımız var. Xüsusilə nəhəng turnirlərdə minlərlə insanın narıncı rəngə boyanıb stadiona gəlməsi çox gözəl görünür. Şəxsən mənim hər dəfə onları görəndə tüklərim biz-biz olur. Bu mənzərəni izləyəndə öz ölkənin şərəfini qorumağınla daha çox fəxr edirsən. Təbii ki, bu dəfə də onların böyük dəstəyinə ümid bəsləyirik.
- Niderland DÇ-2010-da finala yüksələrkən sənin 10 yaşın var idi. Həmin turnir xatirəndə necə qalıb?
- O turniri çox gözəl xatırlayıram. Evdə televizordan hər oyunu böyük həyəcanla izləyirdim. Qələbələr məni inanılmaz dərəcədə sevindirirdi. Bütün ölkə kimi məni də üzən yeganə oyun final oldu. Amma ümumilikdə Niderlandın o turniri çox yüksək səviyyədə keçirdiyini düşünürəm. Bu ölkə hələ də DÇ-də qalib gəlməyin sevincini dadmayıb. İnsanlarımıza bu sevinci yaşatmaq üçün əlimizdən gələni edəcəyik.