Hazırda Braziliya yığmasının düşərgəsində olan və həftəsonu start götürəcək mundiala hazırlaşan Rodriqo Qoes İspaniyanın ''Marka'' nəşrinə müsahibə verib. “Real”da 4-cü mövsümünü keçirən 21 yaşlı forvard ötən mövsüm vurduğu vacib qollarla fanatların sevimlisinə çevrildi. Yığmada isə o hələ ki özünü tam göstərə bilməyib. Mundial bu baxımdan Rodriqo üçün gözəl fürsət ola bilər.
- Son üç ildə həyatın çox dəyişib. Artıq ''Real'' kimi klubda aparıcı futbolçulardansan və dünya ulduzu sayılırsan. Yeni statusa alışmısan?
- Həqiqətən də həyatımda qısa müddətdə ciddi dəyişikliklər baş verib. Böyüdüyümü, daha təcrübəli olduğumu hiss edirəm. Amma xarakterim dəyişməyib. Elə həminki insanam. Bu cəhətdən heç kim dəyişdiyimi iddia edə bilməz. Karyeram çox dəyişsə də, insan kimi elə əvvəlki Rodriqoyam.
- 3 il öncə ''Real''a gələndə heç düşünürdünmü ki, Braziliya yığması ilə birlikdə Qətərdəki mundiala yollanacaqsan?
- Bəli, niyə düşünmürdüm?! Mən həmişə iddialı olmuşam və qarşıma böyük hədəflər qoymuşam. ''Real''a gələndə iki əsas hədəfim var idi. Biri ÇL-i qazanmaq idi və şükürlər olsun ki, artıq bunu bacarmışam. İkincisi yığmanın heyətində DÇ-də meydana çıxmaq idi. Bu hədəfə də çatmaq üzrəyəm. Açığı, bunlar gözlədiyimdən çox tez həyata keçdi…
- Özünü yığmada aparıcı oyunçulardan hesab edirsənmi?
- Bəli, vacib oyunçulardan biri olduğumu düşünürəm. Həmişə çalışıram ki, şans qazandımsa, komandaya mümkün qədər fayda verim. Həm yığmada, həm də oynadığım bütün klublarda belədi.
- ''Real''da olduğu kimi yığmada da irəlidə Vinisiusla tandem təşkil edə bilərsən. Ümumiyyətlə, Braziliyanın heyətində ''Real'' fanatlarına gözəl tanış olan oyunçular var. Sizin ikinizdən başqa Militao ilə Kazemironu da qeyd etmək olar. Bu məqamı nəzərə alsaq, ''Real'' fanatlarının İspaniyadan sonra ikinci komanda kimi Braziliyaya azarkeşlik edəcəyini düşünürsənmi?
- Ümid edirəm ki, bizim sayəmizdə ''Real'' fanatları Braziliya yığmasına xüsusi simpatiya bəsləyəcək. Çünki Madriddəki həyatımızda hər gün onların çox böyük dəstəyini hiss edirik və bundan məmnunluq duyuruq.
- Budəfəki mundialda aşkar favorit yoxdu. Amma Braziliya bir çoxları tərəfindən favorit göstərilir. Bu məqam və eyni zamanda formanızın üzərində 5 ulduzun olması təzyiq yaradırmı?
- Formanın üzərində 5 ulduzun olması bizi heç də favoritə çevirmir. Düzdü, güclülərdən və iddialılardan biriyik. Amma Qətərə çempionluq hədəfi ilə gələn başqa önəmli yığmalar da var. Biz əvvəlcə qrup mərhələsini uğurla keçməliyik. Diqqətli olmalıyıq. Çünki asan qrupa düşməmişik. Mundialı qazanmaq üçün Braziliya hər bir şeyə sahibdi!
- Bir çoxları üçün Messili Argentina da favoritdi.
- Argentina güclü rəqibdi. Amma az öncə dediyim kimi favorit yoxdu və güclü komandalar çoxdu. Hər şey baş verə bilər. DÇ çətin turnirdi. Amma Argentina son Amerika kubokunu qazanmaqla gücünü nümayiş etdirdi.
- Özünü DÇ-yə fiziki və psixoloji cəhətdən tam hazır sayırsanmı?
- Bu mövsümə də ötən mövsümkü kimi yaxşı başlamışam. Çoxlu oynamaq şansı qazanıram və bu da özünəinamı artırır. Bəli, özümü yaxşı və DÇ-yə tam hazır vəziyyətdə hiss edirəm. Dediyim kimi həmişə arzusunda olduğum an gəlib çatdı. Mundialın startını böyük səbirsizliklə gözləyirəm.
- Potensial rəqibləriniz arasında Karvaxal, Varan, Rüdiger kimi sənə “Real”da gözəl tanış olan müdafiəçilər var. İndidən onlardan birini uzaqlaşdırmaq fürsətin olsaydı, kimi seçərdin? Hansına qarşı oynamaq daha çətindi?
- Hamısı güclü müdafiəçilərdi. Amma birini seçməli olsam, Rüdigeri Almaniyadan kənarlaşdırardım. Fiziki cəhətdən çox güclüdü və onu keçmək çətindi. Hər gün məşqdə bunun şahidi oluram. Rüdigerlə toqquşmaq sanki təyyarə ilə toqquşmağa bənzəyir…
- DÇ mövzusunu davam etdirək. İspaniya yığması haqda nə düşünürsən?
- İspaniya həmişə bəyəndiyim komandalardandı. Çünki baxımlı və parlaq oyuna üstünlük verir. Topa nəzarətdə ən güclülərdən biridi. Mənim üçün İspaniya çox təhlükəli rəqiblərdəndi. Açığı, seçim imkanı olsaydı, pley-offda onlarla qarşılaşmaq istəməzdim.
- İspaniyanın heyətində ''Real''ın cəmi iki futbolçusu – Karvaxal və Asensio mundiala yollanacaq. Məsələn, Naço yığmaya çağrılmağa layiq deyilmi?
- Naçonun ''Real''da yaxşı mövsümləri olub. Şans qazandığı oyunlarda həmişə ümidləri doğrultmağı bacarıb. Onun yığmadan kənar qaldığını görmək bir qədər qəribədi. Amma bu mövzuda çox danışmağım düzgün çıxmır. Çünki İspaniya mənim ölkəm deyil.
- DÇ ərəfəsində yığmadakı göstəricilərin 7 oyun, 93 dəqiqə və 1 qoldan ibarətdi. Səncə, daha çox oynamaq şansı qazansan, məhsuldarlığın artacaq?
- Bəli, ümid edirəm ki, artıq daha çox oynayacam və qollarımın sayı da artacaq. Daha çox qol vurmaq mənim əsas hədəflərimdəndi.
- Bu mövsüm Benzemanın zədəli olduğu matçlarda həm də hücumun sivri ucunda oynamaq fürsətin olur.
- Özümü buna hazırlamışdım. Mərkəz hücumçusu oynamaq mənim üçün sürpriz deyil. Ümumiyyətlə, hücumun istənilən mövqeyində - həm cinahlarda, həm də mərkəzdə oynaya bilərəm. Hətta oyun qurucusu kimi də oynayaram. Məqsədim harda oynamağımdan asılı olmayaraq, komandalarıma yardım etməkdi.
- Səncə, Braziliya oyununu Neymarın üzərində qurmalıdı?
- Neymar ən yaxşı oyunçumuzdu və bunu hər kəs bilir. Elə etməliyik ki, Neymar meydanda özünü maksimum dərəcədə rahat hiss etsin. Çünki onun oyunu istənilən səviyyədə alınsa, bunun hamımıza və ilk növbədə komandaya böyük faydası dəyəcək.
- Son illərdə öz oyununa neçə qiymət verərdin?
- 10 ballıq sistemlə 7 verərdim. Çünki oyunumda hələ bir çox aspektdən inkişafa nail ola bilərəm. Bu həm ''Real'', həm də yığma üçün önəmli ola bilər.
ƏLİ RAUFOĞLU
Rodriqo DÇ-də hansı komanda ilə qarşılaşmaq istəməzdi? - MÜSAHİBƏ
Dünya futbolu



