“Bavariya”nın yeni transferi Matiys de Liqt Almaniya mətbuatına açıqlamalar verib.
Ulduzu “Ayaks”da parlayan və son üç mövsümü “Yuventus”da keçirən niderlandlı müdafiəçi bu yay 67 milyon avroya Münhen nəhənginə transfer olunub. Yeni klubunda artıq qol sevinci yaşamağa macal tapan 23 yaşlı futbolçu karyerasından, xarakterindən və başqa məqamlardan danışıb.
- Sadio Mane “Ayntraxt” üzərindəki 6:1-lik qələbədən sonra meydanın kənarındakı maneənin üstündən tullanaraq zəfəri fanatlarla birlikdə qeyd etdi. Səni də nə vaxtsa orda görə biləcəyikmi?
- (gülür) Bilmirəm. Amma Manenin hərəkəti xoşuma gəldi. Sadio həmin oyunu yüksək səviyyədə keçirdi. Qol vurdu və xoşbəxt olduğu hiss olunurdu. Bu üzdən sevincini fanatlarla bölüşmək istədi. Fanatlar belə şeylərə dəyər verir. Bu, yaddaqalan hadisə oldu. Özümə gəlincə, hələ ki bütün diqqətimi oyunuma yönəltmişəm. Fanatların yanına qalxıb-qalxmayacağımı isə zaman göstərəcək.
- Sənin adi həyatda çox danışan və fəal insan olduğunu deyirlər.
- Bəli, amma meydandan kənarda əsasən komanda yoldaşlarımla, həmkarlarımla vaxt keçirməyi, ünsiyyət qurmağı xoşlayıram. Ümumi götürəndə isə özümə qapalı insan olduğumu düşünürəm. Hadisələri kənardan izləməyi xoşlayıram. Müdaxilə etməli və nəsə deməli olduğumu düşünəndə bunu dərhal edirəm. Bunu etmək üçün göz önündə, efirdə olmaq vacib deyil. Meydanda isə komandanın mənafeyi naminə çalışıram ki, komanda yoldaşlarımla mümkün qədər çox ünsiyyətdə olum.
- Kənardan baxanda 30 yaşlı təcrübəli futbolçu təsiri bağışlayırsan. Amma sənin yalnız 23 yaşın var...
- Sanki həmyaşıdlarımla müqayisədə inkişafım daha tez başladı. Bundan başqa, gənc yaşda mənə güclü klublarda və çox təcrübəli oyunçularla birlikdə top qovmaq qismət oldu. 19 yaşımda “Yuventus” kimi kluba keçdim. Orda Kyellini, Bonuççi, Buffon, Ronaldo kimi məndən 13, 14, 15 yaş böyük oyunçular var idi. Onlardan çox şey öyrəndim. Bu baxımdan bəlkə də həmyaşıdlarımdan daha təcrübəliyəm. Amma bunda qeyri-adi bir şey görmürəm.
- Valideynlərindən biri hokkeyçi, digəri tennisçi olub. Yəni uşaq yaşlarından idman sənin həyatının ayrılmaz hissəsinə çevrilib. Elə deyilmi?
- Əlbəttə. Uşaq vaxtı o qədər idman növü ilə məşğul olmuşam ki... Əvvəl cüdo, sonra hokkey, ardınca tennis və sonda da futbol. Ümumiyyətlə, futbola gəlişimin çox məzəli tarixçəsi var. Çünki uşaqlıqda futbolu heç sevmirdim. Daha doğrusu, futbol məni maraqlandırmırdı. Heç oyunlara da baxmırdım. Topa ayağımla zərbəni ilk dəfə 6-7 yaşımda vurdum. Amma tədricən məndə futbola inanılmaz sevgi yarandı. Məktəbdə, eləcə də məktəbdən sonra həyətdə yalnız futbol oynayırdım. Yavaş-yavaş məşhur oyunçularla və futbolla bağlı hər şey ilə maraqlanmağa başladım.
- Hətta “Ayaks”ın tarixi barədə kitab da oxumusan.
- 16 yaşım olanda klubun tarixinə maraq göstərməyə başladıım. Həmin vaxt menecerim olan və 2020-ci ildə dünyasını dəyişən Barri Hyulshoff mənə “Ayaks”ın 60 ili” adlı kitab verdi. Hyulshoff vaxtilə “Ayaks”da Yohan Kroyffla birlikdə oynamışdı. Kitab məni özünə çox cəlb etdi və faktiki klubun bütün tarixindən məlumatım oldu. Şərəfini qoruduğun klubun tarixini, ənənələrini bilmək çox vacibdi. “Yuventus”un ənənələri “Ayaks”ınkından fərqlənsə də, orda da maraqlı idi. İndi isə daha bir nəhəng tarixə malik olan klubda, yəni “Bavariya”dayam. İndi də buranın fəlsəfəsini mənimsəməyə çalışıram.
- Mənimsəyə bilirsənmi?
- “Bavariya” mənim üçün intizam, işgüzarlıq və qələbə deməkdi. Bu üç məqama burda çox böyük önəm verilir. Meydandan kənarda isə “Bavariya” böyük bir ailəni, ənənələri və sosial məsuliyyəti xarakterizə edir. Meydanda “Ayaks”la müəyyən bənzərliklər var. Hər iki klub ilk növbədə hücum etməyə çalışır. “Bavariya” həmişə maraqla izlədiyim klublardan olub. Lui van Qalın 2010-da ÇL-in finalına yüksələn, Yupp Haynkesin 2013-də ÇL-i qazanan, eləcə də Xosep Qvardiolanın möhtəşəm “Bavariya”sın izləmişəm. Bu klubun oyun tərzi çox xoşuma gəlir.
- “Ayaks” barədə oxuduğun kitabda əfsanəvi Yohan Kroyffa böyük yer ayrılıb.
- Bəli. Təəssüf ki, onunla görüşmək mənə qismət olmadı. Bu, həyatdakı ən böyük arzularımdan biri idi. “Ayaks”ın əsas komandasına 2016-cı ilin yayında qoşuldum. Məhz elə bundan bir neçə ay öncə Kroyff dünyasını dəyişdi. O, futbol üçün çox önəmli, tarixdə iz buraxmış və insanları ruhlandıran bir şəxsiyyət idi.
- “Ayaks” tarixinin ən gənc kapitanı statusunu daşımaq necə hissdi?
- Bu, mənə çox də çətin bir iş kimi görünmədi. Çünki yaşca böyük oyunçuların dəstəyini hiss edirdim. Komandada Tadiç, Şöne, Blind kimi nüfuzlu oyunçular var idi. Onların hər biri bu funksiyanı daşıya bilərdi. Vacib oyunçular idi və sarğısız da böyük rol oynayırdılar. Sadəcə, baş məşqçi məni bu ada layiq gördü. Üzərimə daha böyük məsuliyyət götürməyimi istəyirdi. Bu vəzifənin öhdəsindən heç də pis gəlmədim. Çünki mən özüm də komandanı arxamca aparmağı, məsuliyyətin altına girməyi xoşlayan insanam. Belə şeylər mənə çətinlik yox, əksinə, məmnunluiq verir.
- “Yuventus”da dünya ulduzlarının arasında özünü necə hiss edirdin?
- Orda keçirdiyim üç il mənim üçün əvəzsiz təcrübə oldu. Tək futbolçu yox, insan kimi də çox şey öyrəndim. O cür çempionları hər gün görəndə, öz orqanizmlərinə necə qulluq etdiklərinin şahidi olanda və məşqlərdə izləyəndə istər-istəməz sən özün də motivasiyalanırsan. Bu baxımdan Kriştiano Ronaldonu xüsusi fərqləndirərdim. Dəfələrlə “Qızıl top”u, 5 dəfə ÇL-i qazanmasına, AÇ-nin qalibi olmasına baxmayaraq, daxilində yenə sanki bir aclıq hiss olunurdu. Bəzən mənə elə gəirdi ki, o, karyerasına yenicə start verən, 19 yaşlı bir gəncdi.
- “Bavariya”da və burdakı oyunçularda da bu aclıq hiss olunur?
- Əlbəttə. Təkcə çempionluq sayına diqqət yetirmək kifayətdi. Komanda ardıcıl 10 ildi çempion olur. Amma yenə də növbəti çempionluğa can atır. Müller, Noyer, Kimmix, Koman kimi burda bütün titulları qazanmış futbolçuların məşqdəki tempini, coşqusunu görməyə dəyər. Onlar işə yanaşma tərzləri ilə həqiqətən də bütün komandaya gözəl örnəkdilər. Hər gün hiss olunur ki, bu oyunçular ardıcıl 11-ci çempionıuğa köklənib!
- Almaniyada “yol göstərən işıq” ləqəbi hansı futbolçuya verilib?
- Bundan məlumatım var. Çünki az öncə də dediyim kimi futbolun tarixi ilə çox maraqlanıram. Bu, gəlmiş-getmiş ən güclü müdafiəçilərdən sayılan Frants Bekkenbauerin ləqəbidi. Düzdü, o tam fərqli dönəmdə oynayıb. Amma onun oyun tərzi indiyə qədər də xoşuma gəlir. Çempionlar Liqasını ardıcıl 3 dəfə qazanmış həmin möhtəşəm “Bavariya”nın önəmli bir parçası idi. Bekkenbauer əsl əfsanədi.
- Uzunmüddətli müqaviləyə imza atdığını və mərkəz müdafiəçisi olduğunu nəzərə alsaq, “Bavariya”nın yeni Bekkenbaueri ola bilərsən.
- Özümü indidən onunla müqayisə etmək düzgün olmaz. Bekkenbauer uzun illər “Bavariya”da çox uğurla çıxış edib. Amma bəli, mən də onun kimi burda uzun müddət oynamaq və çoxlu titul qazanmaq istəyirəm.