Bir il əvvəl baş məşqçi vəzifəsinə qayıdanda çoxları Massimiliano Alleqridən uğurlu nəticə gözləyirdi.
Lakin “Yuventus” İtaliya çempionatında yenə 4-cü yeri tutdu. Mövsüm mükafatsız başa vurulsa da, rəhbərlik təcrübəli mütəxəssislə yola davam etməyi zəruri saydı. İndi Alleqri bu yay sıralarında çoxsaylı dəyişikliklər olan komandanı uğura daşıyacaq oyun modeli müəyyənləşdirməlidi. Əlbəttə, liqanın ən iddialı başqa klubları da gücləndiyindən don Massimilianonun işi daha çətin olacaq. Onun daha əvvəl 2014-19-cu illərdə ardıcıl 5 dəfə çempionluğa daşıdığı komandası yeni mövsümə “Sassuolo” üzərində inamlı qələbə (3:0) ilə başlayıb. Avqustun 11-də 55 yaşını tamamlayan baş məşqçi ilk turun oyunundan sonra klubun rəsmi saytına müsahibə verib.
- “Sassuolo” ilə oyunda xoşunuza ən çox və az gələn nə oldu?
- Oyun xətlərinin yaxşı müəyyən edildiyi yaxşı oyun idi. İlk hissədə özünəinam hissini bir qədər itirdik və rəqib dərhal bundan yararlanmağa çalışdı. İstənilən halda oyun bizim üçün yaxşı keçdi. Komandamızın çıxışından razı qaldım.
- Di Mariyanın komandaya hansı təsiri var?
- O çempiondu. Futbol ictimaiyyəti onun fərdi və komanda oyunu planındakı çıxışına valeh oldu.
- Anxelin zədəsi nə dərəcədə ciddidi?
- Hələ ki elə bir ciddi problemi yoxdu. Müayinənin nəticəsini sabah öyrənəcəyik (artıq argentinalı futbolçunun təxminən 10 günlüyə sıradan çıxdığı məlum olub – red.). Onun daha əvvəl belə problemi olmuşdu. Əslində Anxeli daha tez əvəzləməliydim. Amma ilk rəsmi oyununda özü də sona qədər meydanda qalmaq istəyirdi.
- Bəs Perinin oyunu haqda nə deyə bilərsiz?
- Ona görə sevinirəm, Perin əsas heyətdə oynamağa layiqdi. Əla qapıçı, həm də oğlandı. Üstəlik paltardəyişmə otağımız üçün vacib oyunçudu.
- Komandanın ilk yarının gedişində yenidən təşkilatlanmasının səbəbi nə idi?
- Rəqib müəyyən zaman kəsiyində qapımıza həddən artıq zərbə endirdi. Bu səbəbdən boşluqları doldurmaq üçün oyun planında dəyişikliyə əl atmalı oldum. Bundan sonra yaxşı oynamağa başladıq.
- Komandanın ümumi vəziyyəti necədi?
- Son bir ayda yaxşıca işləmişik. Amma zədəlilərimiz var. Akenin kiçik baldır sümüyü qırılıb. Şçensnı zədəsini sağaltmaqla məşğuldu. Poqbanın sıraya mümkün qədər tez dönəcəyinə ümid edirik. Kyezaya gəlincə, optimal formasına yalnız gələn ilin yanvarında nail ola biləcək. Arturun topuğunda problem var. Yeri gəlmişkən, transfer bazarında onunla bağlı şayiələr səngimir. Kayo da zədəlidi.
- Bəs komandada əhval-ruhiyyə necədi?
- Azarkeşlərin əhvalını yaxşı anlayıram. Ötən mövsümdəki yüksəliş və enişlər… Sonuncu yoxlama oyunumuzu “Atletiko”ya qarşı keçirdik. Nəticə bizim üçün çox pis oldu (“Yuventus” 0:4 hesabıyla məğlub olub – red.). Rəqib yeni mövsümə bizimlə müqayisədə daha yaxşı hazır olduğunu göstərdi. Yeni mövsümdə daha çox qələbə qazanmağa borcluyuq. Ona görə ki, rəqiblərimiz heyətini daha da gücləndirib. Bu mövsüm çempionluğa 4-5 iddiaçı olacaq və biz də onların sırasındayıq. Sakit mühitdə çalışmalı və komandanı hər baxımdan gücləndirməliyik. Gəlin, indi çempionata köklənək. Çünki mövsümün yay “transfer pəncərəsi”nin sonuna qədərki ilk dörd oyunundan üçünü evdə, birini isə səfərdə keçirəcəyik. Gərək həmişə başqa komandalara hörmətlə yanaşasan. Son bir neçə sınaq matçında qapımızdan ümumilikdə 8 top buraxmışıq. Və bunun üzərində yaxşıca işləməliyik. Komandamız mövsümün ilk oyunlarına böyük istəklə çıxacaq.
- Yeni oyunçulardan Kostiçin ilk dəqiqələrdən oynamaq şansı nə vaxt yetişəcək?
- O, çox sayda krossların oyunçusudu. Filipp Frankfurtdan sıralarımıza bir neçə gün əvvəl qoşulub. O, Kuadrado və Makkenni arasında seçim etməliyəm. Kostiçin transferindən çox razıyam. Hə, onun gəlişi Vlahoviçin də işinə yarıyacaq.
- Vlahoviçin işləri nə yerdədi?
- Duşanın işləri qaydasındadı. Vlahoviç ötən mövsümün sonunda onu narahat edən problemdən qurtulub. Komandamıza gələndən sonra onun oyununda böyük inkişaf görürəm. Duşan əla mövsüm keçirə bilər və buna nail olacağına inanıram.
- Şənbə günü keçirilən oyunlara baxmısız? Çempionatla bağlı təsəvvürlər necə dəyişir?
- Əsas rəqiblərimiz mövsümə qələbə ilə başlayıb. Ənənəvi favoritlər öz yerindədilər. “Roma” indi çox cəlbedicidi və bu komandanın çempionatdakı intriqanı daha da gücləndirəcəyini düşünürəm. Çünki Mourinyo bu yay rəhbərliklə birlikdə effektli işlər görüb, komanda düşünülmüş oyunçularla gücləndirilib. Mövsümün ilk mərhələsi noyabrın 13-də sona çatacaq. Həmin vaxta qədər A seriyasında ilk “dördlük”də olmalı və Çempionlar Liqasında optimal nəticə göstərməliyik. Bizi dünya çempionatına qədər 21 oyun gözləyir. Həmin matçlarda yaxşı nəticələrə nail olmalıyıq. Mundialdan sonra isə mövsümün ikinci mərhələsini keçirəcəyik. Komanda üzərində işləmək üçün vaxtımız getdikcə azalır. Sentyabrdan başlayaraq hər üç gündən bir meydana çıxacağıq və belə qrafik əladı.
- Transfer bazarından nə gözləyirsiz?
- Ötən il transfer əməliyyatlarını 99 faiz başa vurmuşduq, avqustun son günlərində Ronaldo sıralarımızı tərk etdi. Halbuki onun həmin məqamda getmək ehtimalı 1 faizə bərabər idi. Transfer bazarı ilə klub məşğul olur. Bu yay gedən oyunçuları uğurla əvəzləmişik. İndi yalnız komanda oyunu haqda düşünməliyik.
- Pelleqrininin gedişindən sonra onun yerində hansı müdafiəçini görürsüz?
- İndi heyətdə dörd cinah müdafiəçisi var. Bəxtimiz gətirib. Ona görə ki, Danilo ilə De Şilyo həm solda, həm də sağda oynamağı bacarırlar. Ötən mövsümdəki çıxışına görə Pelleqriniyə təşəkkür etmək istəyirəm. Komandada beş cinah müdafiəçisi saxlamağın mənası yox idi, ona görə də Luka sıralarımızı tərk etməli oldu.
- Di Mariya mərkəz hücumçusuna daha yaxın mövqedə oynaya bilər?
- Biz ondan xarakteristikasına görə yararlanacağıq. Anxel bu baxımdan açıq-aşkar orta səviyyədən üstün durumdadı. Ona məhsuldar ötürmələr vermək imkanı yaratmaq lazımdı.
- “Yuventus” üçün qələbələr seriyası yaxalamaq nə dərəcədə vacibdi?
- Klub əla transfer əməliyyatları həyata keçirib: gedənlərin yerinə layiqli oyunçular gətirilib. Ötən mövsümün bizim üçün müsbət nəticələndiyini düşünürəm. Biz hər il qalib olmalıyıq? Bu, belə deyil. Komandada nəsildəyişmə prosesi gedir. Bundan sonra isə hər kəs vəziyyəti istədiyi kimi təfsir edir. Hər şey çox sadədi. Təvazökarlıq nümayiş etdirmək və mövcud vəziyyəti qəbul etməyi bacarmaq lazımdı. Ötən mövsüm “Milan”dan 16 xal az topladıq. Çempionluq yarışını ilk növbədə düşüncədə uduzduq. İndi bu fərqi səbr və əməli işlə tədricən aradan qaldırmaq lazımdı. Rəqiblərin son mövsümdə bizdən yaxşı çıxış etdiyini nəzərdə tutaraq yenidən qələbələr seriyası yaxalamaq lazımdı. Bizim üçün ən yaxşı stimul bu olacaq: başqaları ilə müqayisədə daha yaxşı oynamaq. Həyatda praktiki cəhətdən hərəkət etmək faydalıdı. Yüksək hədəfə çatmaq üçün yaxşıca işləməliyik və yalnız tər tökməklə hədəflərimizə nail ola bilərik. Biz skudettoya can atmalıyıq.
- Miretti komandada qalacaq?
- Gənclərə gəlincə, rəhbərliklə aramızda bu planda tam fikir bərabərliyi var. Amma hələ ki kimin gedəcəyinə və hansı gənc oyunçunun əsas komandada qalacağına qərar verilməyib. Hər şey bazarda hadisələrin necə inkişaf edəcəyindən asılı olacaq. Gənc oyunçularımızı səviyyəsi məni qane edir və mən buna şadam. Vacib olan məsələ onlar üçün doğru yolu müəyyənləşdirməkdi. Hamısının oynamaq praktikası olmayacaqsa, çox sayda gənci saxlamaq mənasızdı.
- İndiki “Yuventus” ötən mövsümdəki komandadan güclüdü?
- Bu suala cavab verə bilmirəm. Biz bir neçə əla oyunçunu başqa əla oyunçularla əvəzləmişik. Yenə deyirəm, rəhbərlik çox yaxşı transfer əməliyyatları həyata keçirib. Bir də ki, klub hər gün kimisə alıb kimisə sata bilməz və bu normaldı. Bremer, Poqba və Di Mariyanın gəlişi əla transfer kampaniyasından xəbər verir. Bu siyahıya Qattini əlavə edirəm. Hərçənd o, hələ gəncdi, amma artıq potensialını göstərməyə başlayıb. Doğrudu, Poqba hazırlıq oyununda aldığı zədəyə görə bir neçə həftə futbol oynaya bilməyəcək. Baxarıq, görək sonra nə baş verəcək. Heyətimiz rəqabətədavamlıdı, çempionatdakı rəqabət isə bir qədər də artıb. Belə deyək, başqa komandalar da heyətini gücləndiriblər. “Roma” çox güclənib. “İnter” də güclənib. “İnter”, “Roma” və “Milan” hazırda son mövsümlə müqayisədə daha güclüdülər. Bu səbəbdən çempionatda qalib gəlmək çox çətin olacaq. Çox çalışmalıyıq və yeni mövsüm fərqli olacaq. Bayaq dediyim kimi, mövsümün ilk üç ayında özünəməxsus mini-çempionat keçirəcəyik.
- Poqbanın seçimindən razısız?
- Bu haqda heç nə deyə bilmərəm. Ona görə ki, mən həkim deyiləm. Mənə verilən məlumatla kifayətlənirəm. Artıq qərar verilib. Polun sağ dizində əməliyyat aparılmayacaq. Futbolçunun menisk problemi konservativ əsasda aradan qaldırılacaq. Bu proses isə 5 həftə vaxt aparacaq. Biz Polun sıraya mümkün qədər tez qayıdacağına ümid edirik.
- Bu ili yeni gələnlərin çoxluğuna görə sizin üçün keçid dövrü də adlandırmaq olar. Bununla belə, çempionluğa oynayacağınızı iddia etmək olar?
- Belə təyin etməyi heç xoşlamıram. Komanda ötən mövsümdə də kifayət qədər qələbə qazanıb. “Yuventus” hər il ən yüksək hədəflərə can atmalıdı. Bizi çox güclü rəqabət gözləyir. A seriyasında ümumi səviyyə bir qədər də yüksəlib.
- Bəs hazırkı “Yuventus”dan nə gözləyək?
- Addım-addım irəliləyəcəyik, bu halda hər şey dəyişəcək. Ötən mövsüm ikinci dövrəni “İnter”lə oyuna (komanda aprelin 4-də evdə milanlılara minimal hesabla uduzmuşdu – red.) qədər əla keçirmişdik. Amma sonda uğursuz startın əzabını çəkdik və mükafatçılar sırasına düşə bilmədik.