Robert Levandovski növbəti parlaq mövsümünü yaşayır.
Polşalı qoleador “Bavariya”nın heyətində bütün turnirlərdə keçirdiyi 41 oyunda artıq 47 qol vurub (ötən mövsüm bundan bir qol artıq idi). Münhen klubu srağagün Çempionlar Liqasından çəkilsə də, bundesliqada qələbə uğrunda mübarizəni davam etdirir. Ancaq… Çox güman, yayda Robertlə “Bavariya”nın məhsuldar əməkdaşlığı başa çatacaq. “Barselona” onunla yaxından maraqlanır, Levandovski özü də Kataloniyaya köçməyin əleyhinə deyil. Həftənin ilk günü Polşa mediası bu tip xəbərlərlə dolub-daşdı: hər şey həll olunub, 3 illik müqavilə razılaşdırılıb. Ancaq Avropanın əsas insayderləri hələ ki ehtiyatlı davranır. Təzadlı informasiyaları araşdırmağa çalışaq.
Levandovski “Barsa”ya keçmək istəyir, ancaq heç nə həll olunmayıb:
• Polşanın “Interia Sport” nəşrinin əməkdaşı Sebastyan Staşevskinin informasiyasına görə, 33 yaşlı hecumçu artıq “Barsa” ilə üçillik müqaviləni razılaşdırıb, PSJ, “Mançester Siti” və “Liverpul”un təkliflərini geri çevirib.
• Kataloniyanın “Sport” nəşri də bu versiyanı əsas götürüb – Levandovskinin şəklini hətta yeni sayın üz qabığına da yerləşdiriblər.
• “Sky Sport Deutschland”ın əməkdaşı Florian Plettenberq “Barsa” ilə Levandovski arasındakı gələcək müqavilənin detallarını da açıqlayıb. Ona inansaq, klub forvard üçün ildə 35-40 milyon maaşı (vergisiz) nəzərdə tutan 2-3 illik müqavilə hazırlayır. Xavi bu futbolçunun alınmasını çox istəyir və onu Kataloniya paytaxtına köçməyə inandırıb. Ancaq Robert hələ də “Bavariya”nın baş direktoru Oliver Kanla danışmayıb.
• İtaliyalı superinsayder Fabritsio Romano bəyan edir ki, müqavilə hələ razılaşdırılmayıb, “Bavariya” isə müqavilə müddəti 2023-ün yayında bitəcək ulduzunun qalmasını istəyir. Romanonun dediyinə görə, forvardın agentinin mövqeyi çoxdan “Bavariya”ya məlumdu: klub Robertə uzunmüddətli müqavilə təklif etməyə hazır deyilsə, onda polşalı gedir.
• İspan jurnalist Jerar Romero bildirir ki, “Barselona” hazırda Levandovskiyə görə “Bavariya”ya 60 milyon avro ödəmək variantını nəzərdən keçirmir.
• Alman həmkarımız Kerri Haunun versiyası: Münhen klubu əvəzedici tapacağı təqdirdə Levandovskini buraxacaq, ancaq hələ ki tapmayıb.
“Bavariya”nın bossları hətta forvardı müqavilə müddətinin sonuna qədər saxlayaraq, gələn il havayı da buraxa bilər.
• UEFA-nın saytı ilə əməkdaşlıq edən Petr Kozminski isə güman edir ki, futbolçunun agenti Pini Zahavi müştərisinin qiymətini qaldırmaq üçün qəsdən fəal pərdəarxası oyun aparır.
Levandovski nədən “Barsa”nı istəyir?
“Sky Sport Deutschland” iddia edir ki, “Bavariya”nın forvardı karyerası boyunca La Liqada oynamağı arzulayıb. Bundan başqa, Robert hesab edir ki, “Barselona”ya keçid onun “Qızıl top” almaq şansını artıracaq. Yuxarıda adını çəkdiyimiz “Sport”un xəbərində deyilir ki, Levandovski artıq “Bavariya”da bütün vəzifələri yerinə yetirdiyini düşünür. Polşa mediasının bir başqa iddiasına inansaq, futbolçu Münhen klubunun paltardəyişmə otağında o qədər də populyar deyil və taktika məsələlərində baş məşqçi Yulian Naqelsmann ilə dil tapa bilmir.
Fabritsio Romano “yutub” kanalında Robertin “Bavariya”ya yönələn daha bir iradını dəqiqləşdirib. Almaniya klubu ötən yay onu PSJ-yə satmaqdan imtina edib. Belədə forvard münhenlilərdən yeni müqavilə ilə bağlı təklif gözləsə də, almayıb. Bundan başqa, yayda 34 yaşını tamamlayacaq Levandovski üçün maaş yox, yeni müqavilənin müddəti önəmlidi. O, 3 illik müqaviləyə nail olmaq istəyir.
“Barsa” ilə bağlı şayiələr nə vaxtdan yayılır?
Yarımbaşlıqdakı sualı dərhal cavablayaq: təxminən martın ortalarından. Xronologiyanı bərpa edək.
• “Barsa”nın Levandovskiyə maraq göstərməsinə dair ilk xəbər “Diario Sport”a məxsusdu. Bu qaynaq martın ortalarında xəbər yaydı ki, Robert kataloniyalıların qısa siyahısında yer alıb, ancaq onu almaq hədsiz çətin olacaq. Paralel şəkildə informasiya yayıldı ki, “Bavariya” yeni müqavilə mövzusunda polşalı ilə anlaşa bilmir. Dünya ulduzu klubun ona 25 milyon avrodan artıq maaş təklif edə bilməməsindən narazı qalmışdı.
• “Diario Sport” martın sonuna yaxın yazdı ki, Levandovski “Barselona”ya keçmək istəyir, klub isə onun üçün “Bavariya”ya 60 milyon avro ödəməyə və 4 illik müqavilə təklif etməyə hazırdı. Klub daxilində maaşa qoyulan limitdən yan keçməklə.
• Elə həmin vaxt “Sportitalia” yazdı ki, Robert artıq Kataloniya klubuna keçidə prinsipial razılıq verib – yalnız “Bavariya”dan xeyir-dua almaq qalır. Ardından Goal.com və “Spox” bu informasiyanı təkzib edərək bildirdilər ki, polşalı hələ gələcəyinə dair qərar verməyib.
• Aprelin əvvəlində şayiələrin intensivliyi daha da artdı. “Diario Sport” xəbər yaydı ki, “Bavariya” “Barsa”dan 65 milyon tələb edir, ancaq sövdələşməyə başqa futbolçular da daxil olarsa, məbləği aşağı sala bilər. Robertlə bağlı mümkün sövdələşmədə adı keçən əsas futbolçu Serjinyo Dest idi.
• Ola bilsin, bu iş bircə Destlə məhdudlaşmayacaq. ESPN bildirir ki, Kataloniya klubu transferi həyata keçirmək üçün bəzi oyunçularından yaxa qurtarmalıdı. Bunsuz keçidi gerçəkləşdirmək çətin olacaq.
Biz imkan daxilində daha geniş bilgi verməyə çalışdıq. Bütün bunları oxuyandan sonra qədim atalar sözümüz yada düşür: od olmayan yerdən tüstü çıxmaz!
Reaksiya
Oliver Kan: “Bavariya”nın baş direktoru: “Görünür, jurnalistlər yarışa giriblər ki, kim Levandovski ilə bağlı ən axmaq tarixçəni düşünəcək. Ağılsız deyilik, indi sizlə mövsümdə 30-40 qol vuran futbolçunun transferini müzakirə edirik. Bu mümkünsüzdü. Enində-sonunda onunla müddəti bir ildən sonra bitəcək müqaviləmiz var. Nəsə elan etmək lazım olsa, edəcəyik. Robert “Bavariya”nın ona nə verdiyini bilir, biz də onun kluba. Baxaq görək bundan sonra necə olacaq”.
ORXAN