A seriyasında 23-cü tura fevralın 2-3-də keçirilən oyunlarla yekun vuruldu.
"Football-plus.az" xəbər verir ki, Udinedə ev sahibləri, Bolonyada isə qonaqlar qalib gəldi.
“Roma” bu mövsüm evdə “Udineze”ni iki cavabsız qolla məğlub etmişdi. Praktiki olaraq Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan paytaxt təmsilçisinin bu turnirə iddia edən rəqibləri kifayət qədərdi. “Yuventus”un son iki ayda xal ehtiyatını əhəmiyyətli dərəcədə artırması və “Komo”nun sabit çıxışını davam etdirməsi romalılar üçün heç də sərfəli olmayan faktlardı. 12-ci turdan sonra çempionatda vahid lider olan Can Pyero Qasperininin komandası son iki ayda qeyri-sabit çıxışla daha çox yadda qalıb. Udinedəki matçdan əvvəl lider “İnter”dən 12 xal geri düşən “Roma” üçün qələbə vacib idi. Lakin “canavarlar” “Daçiya Arena”da bir xal belə qazana bilmədilər. Dibalanın növbəti dəfə zədələnməsi onların hücum potensialını əhəmiyyətli dərəcədə zəiflətmişdi. Qonaq komanda topa böyük ölçüdə (64 faiz) sahib olsa da, bundan yararlana bilmədi. Əslində romalıların qapıya yol tapmaq üçün real imkanı da olmadı. Meydan sahibləri isə fasilədən sonra bir qol vurmaqla qələbə qazandılar. Bu mövsüm A seriyasında 8-ci dəfə uduzan Qasperininin komandası 5-ci yerdə qaldı.
Son vaxtlar enişdə olan “Bolonya”nın “Milan”la ev oyununda nəyə nail olacağı maraq doğururdu. İtaliya kubokunun sonuncu finalında ölkə nəhənginə qalib gələn (1:0) Vinçentso İtalyanonun komandası bu mövsümün ilk dövrəsində Milanda minimal hesabla uduzmuşdu. Bolonyalılar bu dəfə milanlılarla qətiyyən rəqabət apara bilmədilər. Baxmayaraq ki, qonaqlar meydana Pulişiç və Leao kimi aparıcı hücumameyilli oyunçularsız çıxmışdı. Massimiliano Alleqrinin komandası artıq ilk hissədə iki cavabsız qol vurmaqla qalan vaxtda işini böyük ölçüdə asanlaşdırdı. Hesabı açan Loftus-Çikə ötürmə verən Rabyo ikinci hissənin əvvəlində fərqi üç topa çatdırdı. Qapıçı Ravalyanın ev sahiblərini bir neçə epizodda qoldan xilas etdiyini də vurğulayaq. Beləliklə, finaldakı məğlubiyyətin əvəzini artıqlamasıyla çıxan “Milan” lider “İnter”lə 5 xallıq fərqin artmasına imkan vermədi. Lombardiyalıların çempionatdakı məğlubiyyətsiz seriyası 22 oyuna (14 qələbə, 8 heç-heçə) çatdı. Cari mövsümə evdə “Kremoneze”yə uduzmaqla (1:2) başlayan Alleqrinin komandası 2022-ci ildən sonra ən uzun məğlubiyyətsiz seriyanı yaxalayıb. “Milan” həmin il də ardıcıl 22 matçda heç bir rəqibinə boyun əyməmişdi.
23-cü tur
Udineze – Roma 1:0
Ekkelenkamp, 49. (23698)
Roma: Svilar, Mançini, Ndika, Ermoso (Qilardi, 70), Çelik (Simikas, 79), Əl-Aynaui (Pizilli, 78), Fransa, Kristante, Lorentso Pelleqrini (Venturino, 67), Sule (Vaz, 78), Malen.
Bolonya – Milan 0:3
Loftus-Çik, 20. Nkunku, 39-p. Rabyo, 48. (30932)
Bolonya: Ravalya, Zortea, Kazale, Heggem, Miranda (Likoyannis, 78), Fröyler (Moro, 68), L.Ferqyuson, Orsolini (Bernardeski, 54), Odqor, Rou (Kambyaqi, 63), Kastro (Dallinqa, 54).
Milan: Menyan, Pavloviç, De Vinter, Atekame (Tomori, 67), Qabbya, Bertezaqi (Estupinyan, 84), Fofana, Modriç (Yaşari, 72), Rabyo, Loftus-Çik (Riççi, 67), Nkunku (Füllkruq, 72).
Turun digər oyunlarının nəticələri: Latsio – Cenoa 3:2 (Pedro, 56-p. Teylor, 62. Kataldi, 90+10-p. – Malinovski, 67-p. Vitinya, 75), Napoli – Fiorentina 2:1 (Verqara, 11. Qutyerres, 49 – Solomon, 57), Komo – Atalanta 0:0, Kremoneze – İnter 0:2 (L.Martines, 16. Zyelinski, 31), Parma – Yuventus 1:4 (Kambyazo, 51-öz qapısına - Bremer, 15; 54. Makkenni, 37. Devid, 64), Piza – Sassuolo 1:3 (Ebişer, 51 – Berardi, 25. Karaççolo, 51-öz qapısına. İ.Kone, 58), Kalyari – Verona 4:0 (Matsitelli, 36. Kılıçsoy, 45+2. Sulemana, 84. İdrissi, 90+1), Torino – Leççe 1:0 (Adams, 29).
1. İnter – 55, 2. Milan – 50... 5. Roma – 43… 8-9. Latsio, Udineze - 32, 10. Bolonya – 30…
Bombardir: L.Martines (İnter) - 13.
Turun rəqəmi
22 - “Fiorentina”ya 2:1 hesabıyla qalib gələn “Napoli” klub rekordunu təkrarladı. İtaliyanın son çempionu ölkə çempionatında evdə artıq 22 oyundu uduzmur. Antonio Kontenin komandası Neapolda sonuncu dəfə 2024-cü il dekabrın 8-də “Latsio”ya məğlub olub (0:1).
Turun ulduzu
Marko Karnesekki (Atalanta) - “Atalanta” üçün Komo səfəri çox çətin keçdi. Berqamolular 8-ci dəqiqədə Ahanorun qırmızı vərəqə almasına görə azlıqda qalsalar da, evə xalla qayıtmağı bacardılar. Bunda oyunboyu bir neçə dəfə real qol vəziyyətində inamlı oyunu ilə yadda qalan, son dəqiqədə isə Pasın penalti zərbəsini dəf edən qapıçı Karnesekki böyük rol oynadı.
Turun sitatı
Emil Audero, “Kremoneze”nin qapıçısı: