A seriyasında mövsümün əsas sualına 33-cü turda cavab tapılandan sonra əsas diqqətlər Çempionlar Liqasına (ÇL) ayrılan digər 3 vəsiqə uğrunda mübarizəyə yönəlib. Təsadüfə bax ki, hesabat turunda bu turnirə iddialı 6 komanda 3 oyunda üz-üzə gəldi.
“Napoli” çoxdan gözlənilən çempionluğu “Udineze” ilə səfər oyununda (1:1) rəsmiləşdirəndən sonra mayın 7-də doğma stadionunda meydana çıxdı. Rəqib möhkəm ortabablardan sayılan “Fiorentina” idi. Luçano Spallettinin komandası minimal hesabla qalib gəldi. Halbuki yeganə qolun müəllifi olan Osimhen iki penaltidən birini boşa verdi.
Liderin əsas izləyicisi şənbə günü meydana çıxdı. “Latsio” səfərdə “Milan”a ciddi müqavimət göstərə bilmədi. Qapıya bir dəqiq zərbə belə endirə bilməyən paytaxt komandası sonda iki cavabsız qolla uduzdu. Qələbəyə hava və su qədər ehtiyac duyan son çempion ÇL-ə vəsiqə uğrunda mübarizədə əsas rəqiblərindən birini büdrətdi. Artıq 9 oyundu uduzmayan (4 qələbə, 5 heç-heçə) Stefano Pyolinin komandası 6-cı yerdən 5-ə çıxa bildi.
“Latsio” isə 3-cü yerə düşdü. Ona görə ki, “Yuventus” əsas rəqiblərindən birini məğlub edib liderin izləyicisinə çevrildi. “Atalanta” ardıcıl 3 qələbədən sonra turinlilərə evdə boyun əydi. Matçın ən yaxşı oyunçusu Aylinq oldu. 19 yaşlı ingilis yarımmüdafiəçi A seriyasında qol hesabını açdı.
Maraqlıdı ki, paytaxtın eyniadlı komandası Milanın daha bir təmsilçisi ilə qarşılaşdı. “Roma” öz meydanında “İnter”dən iki cavabsız top buraxdı. Başqa sözlə, Milan - Roma rəqabəti lombardiyalıların 4:0 hesablı qələbəsi ilə nəticələndi. Simone İnzaqinin komandası ÇL-in növbəti mövsümündə iştirak üçün sonuncu vəsiqəni verən 4-cü, hədəfdən bir qədər də geri düşən “canavarlar” isə 7-ci yerdə qaldı.
Turun rəqəmi
47 – “Fiorentina” ilə oyun Osimhen üçün əlamətdar oldu. “Napoli”nin nigeriyalı hücumçusu İtaliya çempionatının yüksək liqasında ən çox qol vuran afrikalı futbolçu oldu. İndi hesabında 47 top olan Viktor liberiyalı Corc Veanı (46) arxada qoyaraq vahid rekorda sahib çıxdı. 3-cü yerdə Keyta Baldedi (41).
Turun ulduzu
İsmael Bennaser (Milan) - əlcəzairli futbolçu “Latsio” ilə matçda “Milan”ın ən təhlükəli oyunçusu idi. 17-ci dəqiqədə hesabı açmaqla komandasının vacib qələbəsində böyük rol oynadı. Qapıya ən çox zərbə vuran futbolçu məhz Bennaser oldu. Milanlıların bütün təhlükəli hücum əməliyyatları onun iştirakı ilə quruldu.
Turun sitatı
Simone İnzaqi, “İnter”in baş məşqçisi: “Hər bir futbolçumuzu aprelin 1-dən başlayaraq etdiklərinə görə qucaqlamalıyıq. Biz böyük güc sərf edirik. Ona görə ki, biz “İnter”ik. Mövsümün həlledici mərhələsini ən yaxşı formada keçirmək istərdik. Sözün düzü, bir sıra çətinliklərin fonunda Çempionlar Liqasının yarımfinalına və İtaliya kubokunun finalına çıxacağımızı gözləmirdik. İndi çıxış etdiyimiz hər bir turnirdə sona qədər irəliləmək istəyirik. Bu, sıx qrafikə görə nə qədər çətin görünsə də, niyyətimiz belədi”.