Gənc yaşda ulduzu “Tottenhem”də parladıqdan, İngiltərə yığmasının əsas oyunçularından birinə çevrildikdən və dəyəri 100 milyon avroya qədər yüksəldikdən sonra Dele Allinin karyerasında sürətli eniş davam edir.
“Football-plus.az” xəbər verir ki, onun artıq 27 yaşı var. Yarımmüdafiəçi ötən mövsüm Türkiyəyə yollanaraq her şeyə yenidən başlamaq istəsə də, “Beşiktaş” macərası da uğurlu keçmədi. Alli mövsüm bitməmiş vətəninə qayıtdı. Onun həyatının və uşaqlığının çətin keçdiyi bəlli idi. Amma Alli bu vaxta qədər heç vaxt detalları açıqlamırdı. Bu futbolçu srağagün “The Overlap” layihəsi çərçivəsində “Mançester Yunayted” və İngiltərə yığmasının sabiq üzvü Qari Nevillin suallarını cavablandırıb. Alli bu dəfə ürəyini boşaltmaq qərarına gələrək olduqca səmimi etiraflar edib.
İnsan gərək bununla bağlı qərarı özü versin
* Fikrimcə, indi həqiqəti danışmaq üçün ən ideal zamandı. Əslində bu haqda danışmaq çətindi. Çünki hər şey bu yaxınlarda baş verdi. Bir tərəfdən danışmağa qorxuram. Digər tərəfdən bunu etməli olduğumu düşünürəm. Türkiyədən qayıtdıqdan sonra məlum oldu ki, əməliyyata ehtiyacım var. Yenidən psixoloji cəhətdən dərin bir quyunun içinə düşdüm. Belə qərara gəldim ki, psixoloji problemlərdən və narkotikdən asılılıqdan qurtulmaq üçün reabilitasiya mərkəzinə yollanmalıyam. Artıq vaxtı çatmışdı. Əslində bir insana bunu məsləhət görmək düzgün deyil. İnsan görək bununla bağlı qərarı özü versin. Bəzən elə bir an gəlir ki, sənə artıq heç nəyin kömək etməyəcəyini başa düşürsən. Mən belə desək, pis əməllərin içində sanki dairə vururdum. Mənə ziyan vuracaq şeylər edirdim.
Daxilimdə bu mübarizəni hər dəfə uduzurdum
* Hər səhər oyanıb məşqlərə gedirdim. Gülməyə və ətrafdakı insanlara her şeyin qaydasında olduğunu göstərməyə çalışırdım. Bu mübarizədən qalib ayrılmağa çalışdığımı göstərirdim. Əslində isə daxilimdə bu mübarizəni hər dəfə uduzurdum! Sonuncu dəfə zədələnəndə və həkimlər əməliyyata ehtiyacımın olduğunu dedikdə hiss etdim ki, nəsə məni yenə pis əməllərə tərəf dartır. O an özüm üçün dəqiqləşdirdim ki, klinikaya yollanmalı və 6 həftəlik müalicə kursu keçməliyəm. “Everton” məni həmişə dəstəkləyib. Gələcəkdə nə olmasından asılı olmayaraq, həmişə onlara minnətdar olacam. Həyatımın ən mühüm qərarını verdikdə “Everton” rəhbərliyi mənimlə çox açıq, dürüst və səmimi idi. Bu, mənim üçün çox vacib idi. Şadam ki, sonda bunu edə bildim. İnsanlar belə dispanserləri neqativ qəbul edirlər və ora getməyi faciə kimi qiymətləndirirlər. Mən bu müalicə kursunun mənə nə qədər fayda verəcəyini heç ağlıma da gətirmirdim. Həqiqətən də çox bərbad durumdaydım.
Başqaları da görəcək ki, kömək istəmək zəiflik əlaməti deyil
* Uşaq vaxtı mənimlə çox şey baş verib. Pis işlərə baş qoşduğumu heç vaxt dərk və ya özümə etiraf etmək istəmirdim. Amma zamanı geri çevrimək imkanım olsa... Heç də hər şey mənim nəzarətimdə deyildi. Bunu anlamaq və bundan nəticə çıxarmaq başqa şeylərdə mənə yardım etdi. Təxminən 3 həftə öncə reabilitasiya mərkəzindən çıxdım. Düzünü desəm, ictimaiyyətə bu barədə belə tez danışacağımı gözləmirdim. Amma bunu etmək üçün indi özümü yetərincə yaxşı və güclü hiss edirəm. Biz elə bir dünyada yaşayırıq ki, jurnalistlər, hər kəs haqda hər şeyi öyrənə bilirlər. Onlar mənim komandama da zəng vurmuşdular. Mənim harda olduğumu, keçmişdə nələr etdiyimi bildiyimi söylədilər. Amma mənim vecimə də deyil. İstədikləri şeyi yaza bilərlər. Amma orda həqiqət payı çox az olacaq. Mənim etiraflarım digər insanlara da yardım edə bilər. Onlar görəcəklər ki, yalqız deyillər. Görəcəklər ki, kömək istəmək zəiflik əlaməti deyil!
Özüm uzun müddət bunun səbəbini tapa bilmirdim
* Reabilitasiya mərkəzi mənə həyatımda baş verən bəzi şeylərin səbəblərini tapmağa yardım etdi. Halbuki özüm uzun müddət bu səbəbləri tapa bilmirdim. Məsələn, evimdə dostlarımla keçirdiyim yeyib-işmək məclislərini götürək. Başa düşdüm ki, bu məclislər vaxtilə anamın evdə keçirdiyi məclislərə bənzəyir. Bu, mənim üçün sanki bir komfort zonası idi. Klinika ABŞ-da yerləşirdi. Orda fərqli həyat yolları olan və fərqli peşələrə sahib olan bir çox insanla qarşılaşdım. Bu, mənim tərkibində olduğum ən yaxşı komandalardan biri idi!
Dərmanlardan asılı vəziyyətə düşdüyümü boynuma almaq istəmirdim
* Hər şey çoxdan başlayıb. Özümü çarəsiz vəziyyətə salmaqla uzun müddət nə etdiyimin fərqinə varmırdım. Adətən, insanlar həzz almaq üçün içir. Mən isə problemlərdən qaçmaq və ya başqa məqsədlərlə içirdim. Amma bu, mənə daha da böyük zərbə vururdu. Bir ara yuxu dərmanından asılı vəziyyətə düşdüm. Fikrimcə, bu problemlə qarşılaşan tək mən deyiləm. Hətta göründüyü kimi, peşəkar futbolçu üçün də bunlar qaçılmaz olur. Futbolçu hər səhər tezdən oyanmalı və məşqə getməlidi. Günboyu yaşanan adrenalinin təsirindən bəzən vaxtında yatmaq çətin olur. Ona görə də ertəsi gün səhər oyanmaq üçün dərman atmaq normaldı. Amma sənin dofamin sistemin qırılıbsa, dərman əks effekt verməyə başlayacaq. Yuxu dərmanı ancaq ondan yuxuya getmək üçün istifadə etdikdə yararlı olur. Mən isə ifrata varmağa başladım! Düzdü, elə günlər olurdu ki, heç nə qəbul etmirdim. Bəzən düşünürdüm ki, problemim o qədər də ciddi deyil. Əslində isə hər şeyin nə dərəcədə pis olduğunu anlamırdım. Problemin kökü uşaqlıqda aldığım psixoloji zərbələrə gedib çıxır. Həmişə bunun öhdəsindən tək gəlməyə çalışırdım. Həyatıma heç kimi buraxmırdım. Düzdü, ögey anam dəfələrlə məni öz otağımda ağlayan görürdü və nə baş verdiyini soruşurdu. Amma ona heç nə demirdim. Dərmanlarla problemimin olduğunu bəzən eşidirdilər. Amma onlara and içirdim ki, artıq dərman atmıram. Mən heç cür dərmanlardan asılı vəziyyətə düşdüyümü boynuma almaq istəmirdim.
Həyatımda nəsə baş verən kimi köməyə içki və narkotik gəlirdi
* Heç nə qəbul etməyib bir neçə gün ayıq olduğum vaxtlar olurdu. Amma həyatımda bir balaca nəsə baş verən kimi köməyə içki və narkotik gəlirdi. Onlar mənə reallıqdan, problemlərdən qaçmağa yardım edirdi. Sanki problemsiz bir dünyaya düşürdüm. Bu zəhrimarları həqiqətən də çox qəbul edirdim. Rəqəm açıqlamaq istəmirəm. Amma lap çox olurdu. Bəzən dəhşətli şeylər baş verirdi. Dərman yatmaq üçündü. Amma mən onları başqa şey üçün qəbul edirdim. Bəzən elə olurdu ki, səhər saat 11-dən axşama qədər dərman atırdım. Oyun günləri bunu etmirdim. Dərmanları hardan götürürdüm? Əvvəlcə həkimdən. Sonra onlarsız yaşaya bilmədiyimi görəndə daha çox dərmana ehtiyac duymağa başladım. Bu, sənə lazımdısa, sən onu əldə etmək üçün həmişə bir variant tapacaqsan.
Futbolda hər şey göründüyü qədər sadə deyil
* Çoxları düşünür ki, futbol asan pul qazanmaq növüdü və futbolçuların həyatı cənnətdi. Düzdü, futbol sayəsində yüksək səviyyəli həyat yaşamaq mümkündü. Çünki pul çox olur. Amma hər şey bu qədər sadə deyil. İşin psixoloji tərəfinin necə çətin olduğunu futbolun içində olmayan insanlar anlamaz. Bir komandanın səndən üz döndərməsi, əvvəlki qədər güclü olmamağın haqda gəzən söz-söhbət, hər gün özünü sübut etməli olmağın... Bütün bunlar çox güc aparır. Hətta adi bir məğlubiyyət də psixoloji cəhətdən pis təsir göstərə bilir. Amma növbəti gün səhər yenə də hamıya gülümsəmək məcburiyyətində olursan..
24 yaşımda karyeramı bitirmək barədə düşündüm
* Karyeramın nə zaman “sındığını” söyləmək, konkret bir məqam seçmək çətindi. Amma ən üzücü anım Joze Mourinyonun “Tottenhem”i çalışdırdığı dönəmdə yaşandı. Səhv etmirəmsə, 24 yaşım var idi. Bir gün səhər oyandım və güzgünün qarşısında uzun müddət özümə baxmağa başladım. Mourinyo o dönəmlərdə məni, demək olar, oynatmırdı. Güzgüyə baxa-baxa özümə “bəlkə karyeramı başa vurum” sualını verdim. Sonra düşündüm ki, cəmi 24 yaşım var və belə tez sevimli işimdən ayrı qala bilmərəm. Amma 24 yaşımda karyeramı bitirmək barədə düşünməyin özü artıq məni incidirdi. Bu, özümlə birlikdə daşımalı olduğum daha bir ağır yük idi. Məhz həmin ərəfədə həyatımda bəzi şeylər nəzarətdən çıxmağa başladı. Bəzən nə üçün meydanda olduğumu, nə üçün məşq etdiyimi bilmirdim. Mourinyonu və ya başqa birini günahlandırmaq istəmirəm. Futbol mənə həyatda yaşamağa təkan verən və tutuna biləcəyim yeganə iş idi.
6 yaşımda anamın dostu mənə qarşı əxlaqsızlıqlar edirdi
* Bir qədər uşaqlığım haqda da danışmaq istəyirəm. 6 yaşım olanda anamın dostu mənə qarşı bəzi əxlaqsızlıqlar edirdi. Anam içki aludəçisi idi və dostu tez-tez evimizə gəlirdi. Sonra məni intizam öyrənmək adı ilə Afrikaya göndərdilər. Tez-tez polislərlə münaqişə yaşayırdım. Çünki mənim üçün qayda-qanun anlayışı yox idi. Mən bu anlayışsız böyümüşəm. Anam həqiqətən də çox içirdi. Amma onu günahlandırmaq istəmirəm. İndi-indi həqiqətləri dərk etməyə başlayıram. Doğma atam Afrikada yaşayırdı. Məni əslində Afrikaya onun yanına göndərmişdilər. Ora dəhşət idi və orda yaşamaq istəmirdim. 6 aydan sonra atam məni geri göndərdi. 7 yaşımda siqaret çəkməyə, 8 yaşımda narkotik maddələr satmağa başladım. Böyüklərdən kimsə mənə demişdi ki, polislər velosiped sürən uşağı saxlayıb yoxlamırlar. Ona görə də belimdə top ola-ola, bütün günü ora-bura sürürdüm. Topun altında isə narkotiklər var idi. 11 yaşımda qonşuluqdakı bir kişi məni körpüdən aşağı salladı. 12 yaşımda həyatımda ən mühüm şeylərdən biri baş verdi. Çox gözəl bir ailə məni uşaqlığa götürdü. Bundan yaxşı bir şey heç arzulaya da bilməzdim. Bu insanların mənim üçün etdikləri, sadəcə, inanılmazdı. Amma həyatımda başverənləri onlara danışa bilmədim. Çünki məndən üz döndərəcəklərindən qorxurdum. Sadəcə, onlar üçün yaxşı övlad olmağa çalışdım.
Həm futbolçu, həm də insan kimi daha yaxşı olmağa can atıram
18 yaşım olanda doğma valideynlərim jurnalistləri başlarına toplayaraq ögey valideynlərimi gunahlandırmağa başladılar. Guya onlar mənə doğma valideynlərimlə görüşməyimə mane olurdular. Amma qətiyyən belə deyildi. Əksinə, ögey anam həmişə mənə deyirdi ki, doğma valideynlərimlə görüşməli və onları unutmamalıyam. Sadəcə, özüm bunu istəmirdim. Onları görmək istəmirdim! Həm futbolçu, həm də insan kimi daha yaxşı olmağa can atıram. Ümid edirəm ki, etiraflarım bəzi insanlara yardım edəcək. Şəxsən mənə bunun çox böyük faydası dəyəcək. Çünki bunu artıq etməli, insanlara həqiqəti danışmalı idim. Müalicə kursunun tam başa çatması üçün bir neçə həftə də gözləməliyəm. Ondan sonra futbola qayıdacam. “Everton”un heyətində yeni mövsümün startını böyük maraq və həvəslə gözləyirəm.
ƏLİ RAUFOĞLU