Qaret Beyli əminliklə Britaniya futbol tarixinin ən güclü oyunçularından biri saymaq olar.
“Football-plus.az” xəbər verir ki, ''Tottenhem''in sol cinahında xarüqələr yaratması, ''Real''la 5 dəfə Çempionlar Liqasını qazanması, finallardan ikisində qələbə qollarını vurması, Mark Bartranın başına oyun açıb ''Barselona''nı məyus etməsi həmişəlik futbol tarixinin bir parçasına çevrilib. O həm də Uels yığması tarixinin ən çox oyun keçirən və ən məhsuldar oyunçusu statusundadı. Düzdü, bir qədər özünə qapalı və zədəyəmeyilli oyunçu olması, eləcə də Kriştiano Ronaldonun kölgəsində qalması üzündən ona münasibət heç vaxt birmənalı olmayıb. Amma Beyl futbolda öz tarixini yazandan sonra - 33 yaşında karyerasını bitirdi. O, 17 illik peşəkar karyerasına 665 oyun, 226 qol, 159 məhsuldar ötürmə və 18 titul sığışdırdı. Nadir hallarda müsahibə verən Beyl bugünlərdə karyerası ilə bağlı ürəyini ''Tayms'' nəşrinə boşaldıb.
Braziliyada doğulsaydım, hər şey başqa cür olardı
* Valideynlərimin verdiyi tərbiyənin keçdiyim bu çətin yolda mənə böyük faydası dəydi. Açığı, orta təbəqədən olan ailə idik. Pulumuz elə də çox deyildi. Amma əvəzində mənim yaxşı dostlarım var idi. Yaxşı insanların əhatəsindəydim. Sonradan özümə çox gözəl həyat yoldaşı tapdım və öz ailəm oldu. Özümü tərifləməyi heç vaxt xoşlamamışam. Biz uelslilər təvazökar millətik. Hətta inanılmaz bir iş gördükdə onun üzərində çox dayanmırıq. Bunu şişirtmirik. Sadəcə, bunu normal bir şey kimi qəbul edib həyatımızı davam etdiririk. Karyeramın hər dönəmində hiss edirdim ki, özümü yenidən sübut etməliyəm. Bəlkə də Braziliyada doğulsaydım, hər şey başqa cür olardı. Uels kimi kiçik bir ölkədən gəlirsənsə, həmişə özünü göstərməyə məcbursan. Bu cür ölkələrdən olanlar hədəfə çatmaq üçün həmişə daha çox çalışmalıdı. Bizə heç vaxt nəyisə qabda gətirib qabağımıza qoymurlar. Bu, həm də mənim üçün hər zaman motivasiya mənbəyi olub.
* Nənəm İngiltərədəndi və o, mənim İngiltərə yığmasını seçməyimi istəyirdi. Belə fürsətim həqiqətən də var idi. Yığma məsələsi gündəmə gələndə menecerim mənə iki ölkədən birini seçmək hüququmun olduğunu dedi. Amma seçim etməyimə ehtiyac yox idi. Mən uelsliyəm və heç vaxt başqa yığmada oynamaq istəməmişəm! İngiltərəni seçsəydim, adım mətbuatda daha çox hallanmağa başlayacaqdı. Mən isə belə şeylərdən qaçmağa çalışmışam. Ailəmi, özümü heç vaxt reklam etməmişəm, hay-küylü tədbirlərdən qaçmağa çalışmışam. Bu isə bəzən əks effekt verirdi və mətbuat məndən daha da çox yazmağa başlayırdı.
O matçdan sonra hər şey dəyişdi
* Bizim “Tottenhem”da həqiqətən də əla komandamız var idi. Harri Rednappın taktikası sadə idi. O, topun mümkün qədər tez ən yaxşı oyunçularımıza – mənə, Modriçə və ya Lennona çatdırılmasını istəyirdi. Bizdən isə ən yaxşı bacardığımız işi tələb edirdi. Bu sadə taktika özünü doğruldurdu. Bir tərəfdən Lennon öz cəldliyi və istiqaməti dəyişmək bacarığı, digər tərəfdən Modriçin mərkəzdə ağalıq etməsi bizə yardim edirdi. İrəlidə isə Krauçla Defo qərarlaşırdı. Biri göylə, digəri yerlə istənilən şəkildə qol vurmağı bacarırdı.
* Sözsüz, karyeramın qırılma anı 2010-cu ildə “İnter”ə qarşı oyunda sərgilədiyim performans oldu. Həmin het-trikdən sonra mənə maraq birəbeş artdı. Adımın ətrafında ajiotaj başladı. Özümə və hər kəsə sübut etdim ki, hətta dünyanın ən güclü sağ müdafiəçisinə qarşı da əla oynaya bilərəm. O matçdan sonra hər şey dəyişdi. Özümə inamım artdı. Bilirdim ki, hər həftə öz cinahımda kiminlə qarşılaşmağımdan asılı olmayaraq, onu üstələyəcəm. Sol cinahda oynadığım müddətdə qarşılaşdığım ən yaxşı sağ müdafiəçi kim idi? “Mançester Siti”li Mika Riçards. Düzdü, sürət baxımından onu üstələyirdim. Amma fiziki cəhətdən “əjdaha” idi. Mənə göz açmağa imkan vermirdi.
Ətrafdakılar məni bir insan kimi yaxşı tanıya bilmədi
* 2013-də ''Real''a keçidimin səbəblərindən biri o idi ki, ulduzlarla birlikdə oynamaq istəyirdim. Xüsusilə Kriştiano Ronaldo və Benzema, eləcə də Modriç və Xabi Alonso kimi ulduzlarla. Sonradan heyətə Toni Kroos da cəlb olundu. Hiss edirdim ki, belə möhtəşəm oyunçulara malik olan kluba transfer olunmaq karyeramın yeni səviyyəyə qalxması baxımından gözəl fürsətdi. Mətbuatın mənə fərqli, daha dəqiq desək, pis yanaşmasının səbəblərindən biri də o idi ki, mənə ''qalaktikos''un bir üzvü kimi baxırdılar. ''Real'' məni məhz belə statusda transfer etmişdi. Ona görə də hər yerə gedəcəyimi, hamı ilə qaynayıb-qarışacağımı gözləyirdilər. Mən isə tam əks xarakterli insanam. Sadəcə, meydana çıxıb öz işimi görmək və sonra kölgəyə çəkilib yoxa çıxmaq istəyirdim. Bəlkə də lap çox istəsəm, ispan dilində danışa bilərdim. Amma bunu etmək istəmədim. Çünki sakit həyat yaşamaq arzusundaydım. Özümə qarşı maraq, adımın ətrafında hay-küy yaratmaq istəmirdim. Bəlkə də bu cür xarakterimə görə əlavə təzyiqə məruz qalırdım. Çünki danışmağı sevmirəm, ümimiyyətlə, çox danışan adam deyiləm. Jurnalistlərə əlavə informasiya vermirdim. Buna görə də ətrafdakılar məni bir insan kimi yaxşı tanıya bilmədi.
Madriddə bəzən özümü yalqız hiss edirdim
* Başımı aşağı salıb bu gözəl ağ formada bu gözəl klubun şərəfini qorumaq istəyirdim. Həqiqətən də Madriddəki karyeramda bir çox unudulmaz anlarım oldu. Amma eyni zamanda çətin vaxtlarım da az olmadı. Bəzən özümü çox yalqız hiss edirdim. Hamı mənə qarşı idi və fitə basılırdım. Xüsusilə də ''Bernabeu''da ilk dəfə fitə basılanda hələ gənc idim. 24 yaşım var idi. Ona görə də bu təzyiqin öhdəsindən necə gəlməli olduğumu bilmirdim. Amma komanda yoldaşlarımla münasibətlərim qaydasında idi. Bilirəm ki, insanlar bu mövzuda da çox şey danışırdılar. Tam əminliklə deyə bilərəm ki, ''Real''ın daxilində heç kimlə hətta xırda münaqişəm də olmadı. Çətin vaxtlarımda belə paltardəyişmə otağında özümə qarşı yaxşı münasibət hiss edirdim. Bəzi çətin anları nəzərə almasaq, ''Real''da keçirdiyim dönəmdən razı qaldım. Heç nəyə görə peşman deyiləm. Madridə yollanmaqla çox düzgün addım atdım.
Bartra ilə olan epizodda topu atıb qaçmaqdan başqa çarəm yox idi
* 2014-də İspaniya kubokunun finalında “Barselona” ilə oyun da mənim üçün unudulmazlar arasındadı. Bu, “Real”ın heyətində ilk finalım idi. Matçdan öncə mətbuat “artıq Beyl özünü göstərməlidi” kimi şeylər yazırdı. Halbuki mən orda cəmi 7-ci ayımı keçirirdim. Amma xarakter nümayiş etdirdim və təzyiqin öhdəsindən gələ bildiyimi göstərdim. Həmin məqamda topu Bartranın yanından atıb qaçmaqdan başqa çarəm yox idi. Bilirdim ki, məni yıxmaq üçün əlindən gələni edəcək. Buna görə uzaqbaşı sarı vərəqə alacaqdı. Ona görə də yıxılmamağa və ayaqda qalmağa çalışdım. Görürdüm ki, Bartra son maneədi və onu keçəndən sonra qapıçı ilə təkbətək çıxacam. Hər şey istədiyim kimi oldu.
Zidanla bəzi məqamlarda baxışlarımız üst-üstə düşmürdü
* Sözsüz, karyeramın ən gözəl qolu 2018-də ÇL-in finalında “Liverpul”a vurduğum qoldu. Marselo sol cinahdan asma edərkən qərar vermək üçün maksimum 3-4 saniyə vaxtım var idi. Bəlkə də həmin asma belə zərbə üçün nəzərdə tutulmamışdı. Amma belə finallarda qalib gəlmək üçün bəzən risk və gözlənilməz şeylər etmək lazımdı!
* Zidan? Onunla münasibətlərimiz mətbuatın yazdığı qədər pis deyildi. Bizim aramızda heç vaxt ciddi münaqişələr olmayıb. Ünsiyyət zamanı heç vaxt bir-birimizə səs tonumuzu qaldırmamışıq. Sadəcə, bəzi məqamlarda baxışlarımız üst-üstə düşmürdü, vəssalam. Amma Zidan baş məşqçi kimi “Real”da mühüm işlər gördü və ardıcıl 3 dəfə ÇL-i qazandı. İndiyə qədər də onu tarixin ən yaxşı oyunçularından biri sayıram. Onun meydanda etdiklərini, topla hərəkətlərini izləmək adama böyük zövq verirdi.
Uzaqbaşı həftədə bir dəfə qolf oynayırdım
* Qolfa olan marağıma gəlincə, bu məsələ şox şişirdildi. Madriddə mənim bu oyuna həddən çox bağlı olduğumu düşünürdülər. Amma mən uzaqbaşı həftədə bir dəfə oynayırdım. 2019-cu ildə üzərində “Uels, qolf, Madrid” yazılmış məşhur bayrağa gəlincə, bu, əslində “Real”ın sabiq oyunçusunun ideyası idi. Bu sitatın müəllifi odu. Bu üzdən əsas günahkar da odu (gülür). Predraq Miyatoviçi nəzərdə tuturam. Biz AÇ-yə vəsiqə qazanandan sonra uşaq kimi sevinirdik. Birdən-birə kimsə bayrağı gətirib bizə verdi. Bunu, sadəcə, “Real”ın bu məsələdəki mövqeyinin gülünc olduğunu göstərmək üçün etdim.
* Ümumiyyətlə, yığmadakı nailiyyətlərimiz bəzən mənə inanılmaz kimi gəlir. AÇ-2016-da yarımfinala qədər irəliləməyimiz sanki bir yuxu idi. O ana qədər nəhəng turnirləri yalnız televizordan izləyirdik. O turnirdə üzərimizdə heç bir təzyiq yox idi və sadəcə, həmin andan zövq almağa çalışırdıq. 58 ildən sonra DÇ-yə vəsiqə qazanmağımız Uels kimi kiçik ölkə üçün çox böyük hadisə oldu. Pley-off səddini dəf edib final mərhələsinə vəsiqə qazandıqdan sonra sonra fanatlarımızla birlikdə mənim Kardiffdəki “Elevens” adlı barımda toplaşaraq səhərə qədər rəqs etdik. Dünyada neçə yığma uğuru bu cür şəkildə öz azarkeşləri ilə qeyd edir?!
Uşaqlarımın yanında istədiyim qədər olmadığım üçün çox şey itirmişəm
* Karyeramı erkən başa vurmağım futbola marağımın və ya sevgimin itməsi ilə bağlı deyil. Sadəcə, anladım ki, mən artıq futbolda qarşıma qoyduğum bütün hədəflərə nail olmuşam. Heç nəyə görə peşman deyiləm. Karyeramdan artıqlamasıyla razıyam. Yığma karyerama gəlincə, düşündüm ki, artıq yeni nəsil üçün yol açmağın zamanıdı. Ümid edirəm ki, onlara komandadan nələr gözlədiyimizi və oyunlar vaxtı paltardəyişmə otağında necə ab-havanın olduğunu göstərə bildim. Son illərdə də əvvəlki kimi futboldan zövq alırdım. Sadəcə, elə bir an gəlib çatdı ki, ailəmlə daha çox vaxt keçirmək istədim. Uşaqlar çox tez böyüyür. Günlərin birində onlara baxanda anladım ki, böyüdükləri zaman onların yanında istədiyim qədər olmadığım üçün çox şey itirmişəm. Hələ ki bir qədər dincəlmək, ailəmlə sakit həyat sürmək, futbol dünyasından ayrı qalmaq istəyirəm. Bir-iki ildən sonra nə edəcəyimə, hansı işin qulpundan yapışacağıma qərar verəcəm.
ƏLİ RAUFOĞLU