Premyer-liqanın son turunda “Liverpul” “Tottenhem”i 4:3 hesabıyla məğlub etdi.
"Football-plus.az" xəbər verir ki, “qırmızılar”ın baş məşqçisi Yürgen Klopp həmin oyundakı davranışı və oyundan sonrakı açıqlamasıyla böyük qalmaqala səbəbkar olub.
Hər şeydən belə görünür ki, almaniyalı mütəxəssis cəzadan qaça bilməyəcək. Əvvəlcə onun referi Pol Tirni ilə bağlı fikirlərini bir daha xatırladaq:
“Hakim Pol Tirni ilə aramızdan nə keçdiyini bilmirəm. Onun dediyinə görə, qarşılıqlı münasibətlər baxımından problem yoxdu, ancaq bu həqiqət deyil. Onun mənə belə münasibət bəsləməsinin səbəbini anlamıram. Bəli, qolu hədsiz emosional şəkildə qeyd etdim, ancaq hakimin mənə sarı vərəqə göstərərkən dedikləri normal söz deyildi”.
“Qırmızılar”ın əksər azarkeşləri baş məşqçinin sözləri ilə razıdı, axı əvvəllər də komandanın bu hakimin işi ilə bağlı iradları olub. Ən parlaq hadisələri xatırlayaq. Tirni 2017-nin yanvarından bəri “Liverpul”un premyer-liqadakı 23, ölkə kubokundakı 2 oyununu idarə edib.
“Qırmızılar” onun idarə etdiyi ilk 8 çempionat oyununun 7-də qalib gəlib. Ancaq 2020-nin iyulunda “Arsenal”a 1:2 hesablı məğlubiyyətdən sonra Kloppun yetirmələri 15 mümkün qələbədən altısını qazanıb. İlk böyük qalmaqal “Liverpul” “Aston Villa” ilə qarşılaşanda – Tirni Viynalduma qarşı kobudluğu gözdən qaçıranda baş verib.
Koronavirus qadağalarına görə komandalar boş “Enfild”də oynadığından məşqçi ilə hakimin danışığı açıq-aydın eşidilib. Klopp Tirnini Viynalduma qarşı kobudluğu qeydə almadığına görə qınayanda hakim ona belə cavab verib:
“Gözdən qaçırdım, Yürgen. Futbolçular kimi, mən də səhvə yol verirəm. Bununla barış”.
Növbəti ilin yanvarında Tirni yenidən “qırmızılar”ın rəqibinin xeyrinə mübahisəli qərar verib. Premyer-liqanın 19-cu turunda “Liverpul” MY ilə qarşılaşırdı. Hesab 0:0 olarkən Mane təhlükəli hücuma çıxsa da, hakim oyunu dayandırdı, hərçənd sona hələ 6 saniyə qalırdı. Məlum olduğu kimi, hakimlər, adətən, belə vəziyyətlərdə futbolçuların epizodu başa çatdırmasına imkan yaradır.
Klopp ilə Tirni arasındakı ən səs-küylü qalmaqal isə 2021-ci ilin dekabrında, elə həmin “Tottenhem”lə oyunda baş verib. Onda Tirni Robertsona qarşı “sürüşmə” fəndinə görə Keyni qovmamış, Endryu özü belə fəndə əl atanda isə ona “qırmızı” göstərmişdi. Elə həmin oyunda hakim Jotaya qarşı kobudluğu da qeydə almadı, baxmayaraq ki, penalti nöqtəsini göstərmək olardı. Klopp oyundan sonra Tirniyə məşhur ifadəsini ünvanladı:
“Mənim hakimlərlə bağlı problemim yoxdu, yalnız sənlə var”.
Girişdə də vurğuladığımız kimi, Klopp Tirniyə ünvanladığı sözlərə görə sanksiyadan qaça bilməyəcək. “The Mirror”un yaydığı xəbərə görə, İngiltərə Futbol Assosiasiyası (İFA), çox güman, onu uzun müddətə diskvalifikasiya edəcək. Qurum Klopp ilə Tirni arasındakı “qaynar” mübahisənin audioyazısını dərc etməyi və bundan məşqçi əleyhinə dəlil kimi yararlanmağı planlaşdırır. İFA artıq Kloppa “münasib olmayan davranış” ilə bağlı ittiham da ünvanlayıb. İndi baş məşqçi cümə gününə qədər hərəkətlərinə görə izahat verməlidi.
Reaksiyalar
Piter Uolton, sabiq hakim: “Enfild”də kimsə Klopp üçün stress əleyhinə oyuncaq, məsələn, rezin kərpic və ya buna bənzər nəsə tapmalıdı. Çünki onun stressdən qurtulmaq üçün yararlandığı hakimlərin matçda iştirakı başqa məqsəd daşıyır. Onun “Tottenhem”in qapısına vurulan qələbə topunu bayram etmək üçün “Enfild”in yan xətti boyunca 4-cü hakim Con Bruksun gözü önündə qaçması xüsusən hörmətsiz hərəkətdi. Klopp həmin qolu “Tottenhem”in ehtiyat oyunçuları önündə də bayram edə bilərdi, çünki “Liverpul” məhz bu komandanı məğlub etmişdi. Amma baş məşqçi hakimləri hədəf seçdi.
İndi lazım olan Kloppun diskvalifikasiyası və ya cərimələnməsi deyil – bunlar əvvəllər də olub və onun davranışına təsir etməyib. İFA ictimaiyyətə bəyan etməlidi ki, rəsmi şəxslər hörməti haqq edir, Klopp isə bunu bacarmır. Premyer-Liqa rəhbərliyi də eyni sözü deməlidi”.
Kris Satton, “Seltik”in sabiq forvardı: “Kloppun ehtirası xoşuma gəlir. Havaya qalxan yumruqlar, ironiyalı gülüş... Ancaq xoşuma gəlməyən uşaq hərəkətləri də var. Məsələn, “Liverpul”un qələbə qolunu ehtiyat hakim Con Bruksun önündə qeyd etməsi, Pol Tirninin qərəzli olduğunu deməsi, referinin yardımçısı Qeri Besviki qorxutması. Və biz yenə Kloppun pis davranışı, oyunu evində izləyən milyonlarla azarkeş üçün arzuolunmaz nümunə rolunu oynaması haqda danışırıq.
Yalnız ona ümid etmək qalır ki, Klopp hərəkətlərinin videoyazısını izləyəndə peşman olacaq. İFA bütün bunları nəzarət altına almalıdı. Cərimə yetərincə çəkindirici amil deyil. Yalnız diskvalifikasiya işə yaraya bilər”.