“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.
Azərbaycan basketbolunda canlanmanın hiss olunduğu heç kimə sirr deyil. Federasiya rəhbərliyində baş verən son dəyişikliklərdən sonra ölkə çempionatı yenidən və daha səviyyəli şəkildə təşkil edilib, xeyli sayda legionerlər cəlb olunub. Sözsüz, həmin əcnəbilərin ölkəmizdə çıxış etməsi yerli gənclərə də onlarla çiyin-çiyinə oynamaqla səviyyələrini artırmaq, püxtələşmək yansı yaradır. Basketbol komandalarının heyətində gələcəkdə perspektiv vəd edən yerlilərin sayı elə də çox olmasa da, müəyyən sayda var. Onlardan biri də NTD-nin və gənclər millimizin üzvü Murad Babayevdi. 2006-cı il təvvəllüdlü Murad ölkə basketbolunun gələcəyi sayılır. Biz də onun atası Yalçın Babayevlə söhbətləşdik, həm Muradın basketbola gəlişindən, həm də bu idman növünün hazırkı vəziyyətindən danışdıq.
- Yalçın bəy, Muradın basketbolu seçməsini, ilk məşqləri necə xatırlayırsız? İlk təklif kimdən gəldi?- Murad basketbola ilk addımlarını hələ 5 yaşında atıb. Xətai rayonunda 171 saylı məktəb var. Bu məktəb həm də idman təmayüllüdü. Orda Emin müəllim uşaqlara bu idman növünün sirlərini öyrədirdi. Emin müəllim indi də məşqçilik fəalliyyəti ilə məşğuldu, Muradla qarşılaşanda hər ikisi çox sevinir. Bir qədər orda məşğul olandan sonra “Sıçrayış” klubuna gəldik. Orda Elşən və Əli müəllimlər məşq keçirdi. İndi onlar “Sabah” klubunda çalışır. İndi Tahir Baxşıyevin köməkçisi kimi çalışan Polad Həsənov da “Sıçrayış”da məşq keçirdi. Uşaqların orda uğuru çox oldu. Elə orda da məşqçilərin diqqətini cəlb etdi, dəvətlər almağa başladı. Belə deyim, mən də istəyirdim ki, övladım idmanla məşğul olsun. Özünün də həvəsi basketbola oldu və qarşılıqlı razılıqla qərar verdik.
- Bu sualın davamı kimi soruşmaq istərdim: niyə məhz basketbol? Adətən, valideynlər övladlarını fərdi idman növlərinə yönəldirlər. Orda həm uğur qazanmaq asandı, həm də deyirlər ki, uşaq güclü olsun. Digər tərəfdən basketbol bizdə elə də populyar deyil...- Mən mütaliə etməyi sevirəm, çalışıram oxuyum, öyrənim. Avropada uşağın inkişafı üçün ona ayrıca otaq ayırırlar. Həmişə çalışıram ki, buna riayət edim. Bir növ uşaq müstəqil inkişaf edir, hiss edir ki, onun özünün məkanı var, müstəqil qərar verməyə çalışır. İkinci diqqət yetirirlər ki, uşaq həmyaşıdları ilə kollektivdə, komandada olsun. Bunun üçün uşaqları komanda oyunlarına cəlb edirlər. Belədə uşaqda ünsiyyət inkişaf edir. Basketbola qədər Murad rəqsə gedirdi. Sonra dostlarım da məsləhət gördü ki, boy-buxununa görə onu boksa, güləşə qoyum. Biz genetik baxımdan ucarboyuq. Onun fiziki göstəriciləri istənilən fərdi idman növünə yarayır. Amma mən istədim ki, oğlum kollektiv idman növüylə məşğul olsun, komanda ilə inkişaf etsin. Amerikada bir çox insanların həyatında basketbol böyük rol oynayır. Bilirsiz ki, orda orta məktəblərdən uşaqlara bu idmanı öyrədirlər. Şərt o deyil ki, peşəkar səviyyədə oynasınlar, psixoloqlar deyir ki, həm kollektiv, həm də səbətin olması inkişafda rol oynayır. Uşaq səbəti hədəf kimi görür, ona çatmağa çalışır. Mentallığımız elədi ki, bəzən valideyn uşağın yerinə seçim edir. Böyüklər qərar verir ki, uşaq hansı idmana getsin, hansı ixtisası seçsin. Avropada, Amerikada belə deyil. Londonda məktəbdəki müəllimlər birgə qərar verir ki, hansı uşaqda necə keyfiyyətlər var, onu hansı sahəyə yönəltmək daha yaxşıdı. İki valideynin verdiyi qərardansa müəllimlərin konsensus şəklində verdiyi qərar daha faydalıdı. Bir növ mən də həmişə belə məsləhətlərə diqqət yetirirəm. Mən özüm 11-ci sinifdə oxuyana qədər basketbolla məşğul olmuşam, sonra boksa keçdim. Bir müddət Murad da həm basketbola, həm də boksa gedirdi. Sonra Polad müəllim dedi ki, bu iki məşq uşağı yorur, seçim etmək lazımdı. Məşqçiləri də dedi ki, onun basketbolçu kimi gələcəyini görürlər. Beləcə qərarımızı verdik, Murad boksdan uzaqlaşdı. Hazırda biz dünyaya inteqrasiya edirik. Baxmaq lazımdı ki, inkişaf etmiş ölkələrdə hansı idman növünə maraq var. Görürük ki, orda fərdi idman növlərindən daha çox kollektiv idman növləri inkişaf edir. O zaman belə çıxır ki, həmin cəmiyyətlərin inkişafında da bu kollektiv ruhunun da rolu olur. Fərdi idmandansa kollektiv idmanda qazanılan uğurlar daha çox diqqəti çəkir. Biz də qərarımızı belə verdik. Pandemiya dövründə bütün sahələr kimi basketbol da böyük ziyan çəkdi. Polad müəllim çox çalışırdı ki, uşaqlar, heç olmasa, açıq havada məşq keçsinlər, geri qalmasınlar. Bilirsiz ki, zallar qapalı idi. Məşqçilərin bu zəhmətini qiytmətləndirməmək, alqışlamamaq olmaz.

- Bu ildən Azərbaycanda basketbola diqqət artıb, çempionatın səviyyəsi yüksəlib. Siz bu sahəyə daha yaxın biri kimi basketbolumuzun bugünkü vəziyyətini necə dəyərləndirirsiz?- Muradın milli komandaya dəvət almasına çox sevindik. Bilirsiz ki, Murad gənclər millimizin üzvüdü. Bu da bizim üçün böyük stimul oldu. Ötən il bizim gənclər komandamız San Marinoda 3-cü yeri tutdu, bürünc medal qazandı. Bu cür uğurların özü belə gənc basketbolçular üçün böyük stimuldu, deməli, basketbolumuzun gələcəyi var. Bizim üçün böyük qələbədi. Bu il həmin çempionat Bakıda keçiriləcək. Murad və komanda yoldaşları yalnız birinci yerə kökləniblər. Həm peşəkar, həm də həvəskar liqası, eləcə də ali məktəblər arasında çempionat keçirilir. Bunun özü inkişaf üçün böyük addımdı. Dostlarım deyəndə ki, Muradı boksa yönəlt, onlara qulaq asmadım. İndi onlar mənə deyir ki, düzgün qərar verdin. Köhnə evimizin qarşısında park var idi. Orda Murad ağaca səbət asmışdı, təkbaşına məşq edirdi. Yeni evə köçəndə komendantdan icazə istəyirdi ki, evin divarına səbət assın, azyaşlılara basketbol öyrətsin. Həmin vaxt komendant icazə vermədi. Amma Murad milli komandaya dəvət alandan sonra komendant özü getdi bina rəhbərliyindən icazə aldı, özü Murada səbət hədiyyə etdi. Həmin səbət indi həyətdə asılıb, uşaqlar Muradı görən kimi ondan “üçlük” atmağı xahiş edirlər. Beləcə uşaqlarda maraq artır, basketbol populyarlaşır. Basketbol Federasiyasında rəhbərliyin dəyişməsi, Muradın milliyə düşməsi, çempionatın səviyyəsinin və rəqabətin artması bizi sevindirir, gələcəyə ümidlə baxmağa əsaslar verir. Murad “Neftçi”ylə oyunda “üçlük” atanda onu həm Tahir Baxşıyev, həm də komanda yoldaşları təbrik etdi. Yerli oyunçulara diqqət artırılmalıdı, çünki onlar bizim basketbolun gələcəyidi.
- Yalçın bəy, bəs hansı problemlər sizi narahat edir, onların həllini arzulayırsız?- İndi hamı məşqçi işləyir, bu sahəyə sanki nəzarət zəifdi. Uşaqlar öz məşqçisini sevməli, ondan nümunə götürməlidi. Murad həm Tahir Baxşıyevi, həm də Anar müəllimi özünə kumir kimi görür. Elə məsələlər olur ki, məşqçi uşağa acıqlanmalı, yol göstərməlidi. Biz məşqə gedəndə də bizim üçün ən böyük mükafat məşqçinin tərifi, xoş sözü idi. Heç kim məşqçidən tənqid eşitmək istəməz. İndi baxırsan ki, bəzən elə insanlar məşqçi olur, təəccüblənirsən. Buna həm Elm və Təhsil Nazirliyi, həm də Gənclər və İdman Nazirliyi yoxlamalı, nəzarət etməlidi. Məşqçilər çox diqqətlə seçilməlidi. Hər adama uşaq etibar etmək olmaz. Uşağın tərbiyəsinin böyük bir hissəsi məşqlərdə, komandada formalaşır. Muradın komandasında əksəriyyəti ondan böyükdü. Mən də diqqət yetirirəm, görürəm ki, Murada hörmətlə yanaşır, düzgün yol göstərirlər. Bir valideyn kimi buna çox sevinirəm. Bu cür məsələlərə diqqət yetirilməsini çox arzulayıram. Eyni zamanda həyətlərə diqqət yetirməliyik. Uşaqlara oynamaq üçün yer saxlamırlar. Bir kiçik meydança olur, onu da avtomobil dayanacağı edirlər. Uşaq harda oynamalıdı? Heç olmasa, məktəblərdə dərnək məşğələləri olmalıdı ki, dərsən sonra qalıb bir saat hansısa idman növü ilə məşğul olsunlar.
- Son sualım idman və təhsillə bağlıdı. Bunları bir arada yürütmək olurmu?- Hazırda Murad Nəsimi rayonunda, 164 saylı məktəbdə təhsil alır. Mən özüm də ali təhsil alanda hiss edirdim ki, müəllimlər idmanla məşğul olan adama hörmətlə yanaşırlar. Olur ki, uşaq yığmanın təlim-məşq toplanışına gedir, dərs buraxır. Müəllimlər buna anlayışla yanaşır, bəzən dərsdən sonra əlavə məşğul olublar. Bu diqqəti alqışlayıram. Cənab nazir Emin Əmrullayev də bu yaxınlarda çıxışında belə məqamlara toxunub. Bildirib ki, istedadlı idmançılara yol açmaq, onların inkişaf etməsinə dəstək vermək lazımdı. Onların imtahansız ali məktəbə qəbul edilməsiylə biz heç nə itirmərik. Kollec təhsili ali təhsilinin bir parçası sayılmalıdı, idmana həvəsi olan uşağı çox sıxmaq olmaz. Çünki uşaq küsüb həm idmanı, həm də təhsili yarımçıq qoya bilər. Murad əlaçı deyil, amma həm davamiyyəti, həm də oxuması normaldı. Hamıdan ali təhsil almağı tələb etmək olmaz. Avropada belədi. Məşqçi işləmək istəyən idman kollecini bitirmək kifayət edir. Çünki ali təhsil almaq istəyən idmandan uzaq düşə bilər. Muradın ən böyük arzusu MBA-da oynamaq, ondan sonra da Azərbaycanda basketbol təmayüllü internat məktəbi açmaqdı. Regionlarda çox gözəl istedadlı uşaqlar var, onların həm təhsil almasına, həm də basketbol oynamasına şərait yaratmaq, dəstək olmaq lazımdı.
İLKİN SULTANLIYazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.