Bu il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən il sentyabrın 29-da imzaladığı sərəncamla bu il ölkəmizdə ümummilli lider Heydər Əliyevin yubileyi qeyd olunur.
Heydər Əliyev ölkəmizin təkcə siyasi həyatında böyük rol oynamayıb, həm də idmanımızın inkişafında müstəsna xidmətlər göstərib, idmanımıza və idmançılarımıza həmişə xüsusi qayğı ilə yanaşıb. İdmanın başqa sahələri kimi, voleybolumuz da Heydər Əliyevin diqqət və qayğısı ilə əhatə olunub.
Həmin vaxt dövlət səviyyəsində diqqət və qayğı olmasaydı, voleybolumuz qısa müddətdə uğur qazana bilməzdi. Tanınmış mütəxəssis Faiq Qarayevin Türkiyədən vətənə dönməsiylə Azərbaycan voleybolu yeni inkişaf mərhələsinə qədəm qoydu. 2002-ci il martın 10-da voleybolumuz böyük tarixi uğura imza atdı. Qarayevin çalışdırıdığı “Azərreyl” Top-Komandalar Kubokunu qazandı. Həlledici “Dördlər finalı” Azərbaycanda, paytaxt Bakıda keçirildi. “Azərreyl”in voleybolçuları “doğma divarlar”ın, dolu tribunaların da dəstəyi ilə “Top-Komandalar Kuboku”nu başları üzərinə qaldırdılar.

“Azərreyl”in 2002-ci ildə “Top-Komandalar Kuboku”nu qazanmış heyəti belə idi: voleybolçular - Alla Həsənova, Yelena Parxomenko, Oksana Parxomenko, Oksana Məmmədyarova, Valeriya Korotenko, İnessa Qorxmaz, Alla Teterina, Yelena Şabovta, İlahə Ağayeva, Yelena Siminyagina, Səbinə Əjdərova, Marina Kuzmina; baş məşqçi - Faiq Qarayev, köməkçi məşqçilər - Aleksandr Çervyakov, Vyaçevslav Çerneykin; həkim - Zinyət Orduxanova, fizioterapevt - Dinara Əjdərova, menecer - Qriqori Frişman.
“Qızıl heyət”in aparıcı üzvlərindən olan Yelena Parxomenko ilə keçmişə səyahət etdik, ötən günlərə qayıtdıq. Söhbət əsnasında “Azərreyl”in ümummilli lider Heydər Əliyevlə görüşünə də toxunduq.

“Heç şübhə etmirəm ki, azərbaycanlı voleybolsevərlər məni yaxşı tanıyırlar. 20 ildən artıq Azərbaycanın voleybol yığmasının şərəfini qorumuşam. Azərbaycan klublarından isə “Azərreyl”də, “Lokomotiv”də və “Azəryol”da oynamışam. Karyeramın hər bir uğuru, hər bir qələbə mənim üçün dəyərlidi. Amma sözsüz ki, “Azərreyl”lə qazandığımız uğurları fərqləndirməliyəm. Çünki bu uğur təkcə bizim həyatımızda yox, ümumilikdə Azərbaycan voleybolunun tarixində yeni bir səhifə idi. Bununla da Azərbaycandan voleybolun inkişafına yeni bir təkan verildi. “Azərreyl”in heyətində 2001/02 mövsümündə “Top Komandalar Kuboku”nun qalibi olduq. Yeri gəlmişkən, həmin möhtəşəm hadisə də indiki kimi, mart ayına təsadüf edirdi. O günləri xatırlayanda indi də həyəcanlanıram. Çox gözlər hisslər keçirirdik, qələbə qazanmaq möhtəşəm idi. Final görüşümüz Serbiyanın “Yedinstvo” komandası ilə oldu. Bizim möhtəşəm heyətimiz, mübariz kollektivimiz var idi. Həlledici qarşılaşma zamanı bizə dedilər ki, bizi tribunadan İlham Əliyev və onun həyat yoldaşı Mehriban xanım izləyəcək. Ümummilli liderimiz Heydər Əliyev də komandayla yaxından maraqlanırdı, bizi dəstəkləyirdi. Oyunlarımıza Heydər Əliyev də baxırdı, azarkeşlik edirdi. Bütün bunlar bizə əlavə motivasiya verirdi. Heydər Əliyevlə görüşümüz oldu. Həmin görüşdə bir daha bildik ki, ümummilli lider komandamızı yaxşı tanıyır, oyunlarımıza baxıb. Heydər Əliyev biz idmançılara əsl dost münasibəti göstərirdi, onunla görüşümüz xeyli səmimi və isti keçdi. Tarixi görüş zamanı bizə xatirə hədiyyələri təqdim olundu. Hədiyyələr Heydər Əliyevin imzası olan qızıl saatlar idi. O əziz hədiyyəni indi də ən qiymətli əşya kimi saxlayıram. Deyərdim ki, bu, mənim üçün bütün zamanların ən qiymətli hədiyyəsidi. Oğlum da bu hədiyyəni çox əzizləyir, ikimiz üçün də yüksək qiymətə malikdi. Biz isə “Azərreyl” komandasının adından ulu öndərə top bağışladıq. Bu zaman Heydər Əliyev özünün də bir vaxtlar voleybolla məşğul olduğunu dedi. Belə bir möhtəşəm insanla tanış olmağıma, görüşməyimə çox sevinirəm. Xoşbəxtəm ki, belə imkan qazanmışam”.
İLKİN SULTANLIYazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu” istiqaməti üzrə hazırlanıb.