Tanıtma
Xuan Manuel Asensi Ripol
Doğum tarixi: 23.09.1949
Mövqeyi: yarımmüdafiəçi
“Barselona” karyerası: 1970-81
397 rəsmi oyunda 101 qol vurub
Titulları: İspaniya çempionu (1974), İspaniya kubokunun (1971, 1978), Kuboklar Kubokunun (1979) qalibi
Xuan Manuel Asensi “Barselona”ya qayıdıb. Qayıdıb ki, “Barselona” Oyunçularının Assosiasiyasının prezidenti postunu tutsun. Ötən əsrin 70-ci illərində komandanın kapitanı olan Asensi bu postda Ramon Alfonsedanı əvəz edəcək.
- Uzun illər ərzində “Barsa”dan ayrı düşmüşdüz.
- Bəli, ayrılıq dövrü bitdi. Valensiyada yaşasam da, daim məni “Barsa” ilə bağlayırdılar. Ramon nizamnaməyə görə getməli olduğundan mənə seçkiyə qatılmağı təklif etdilər. Bu təklifi xanımımla müzakirə etdim. Yalnız onunla, çünki oğlum Birmingemdə işləyir, qızım isə Dublində oxuyur. Belə qərara gəldik ki, razılıq versəm, bizə Barselonada yaxşı olacaq, sabiq komanda yoldaşlarımı görəcəm.
- Artıq 73 yaşınız var. Özünüzü iş başına dönən təqaüdçü kimi hiss edirsiz?
- Yox. Hərçənd əvvəlki ilə müqayisədə çox işləyirəm, çünki iş çoxdu, hər gün işə gəlirəm. Bu atmosfer məni cavanlaşdırır, elə hiss edirəm ki, yenidən oynayacam, bu düşüncə xoşuma gəlir. Alikantedən ona görə gəlməmişəm ki, özümü burda göstərim, ancaq orda yaşayım. Bilməli olduğum çox şey var, gündəlik işimdi.
- Nəsillərin dəyişməsi alınmadı. Ona görə ki, siz Alfonsedadan cəmi bir neçə il kiçiksiz.
- Bizdə yaş fərqi cəmi bir ildi. Seçki prosesi hamı üçün açıq idi, istəyən namizədliyini irəli sürə bilərdi, ancaq heç kim bunu etmədi.
- Necə oldu ki, heç kim bu vəzifəni arzulamadı?
- Bilmirəm. Əsas komandanın oyunçusu olmaq lazım idi, yaş senzi də aşağı salınmışdı. Futbolu sevirsizsə, iş başına qayıtmaq istəyirsizsə, irəli hərəkət etmək istəyirsizsə, onda...
- Hansı layihələriniz var?
- Əsas dörd ideyadı. Bunlardan birincisi əsas komandanı səfər oyunlarında müşayiət etməkdi. Bu ideyanın mahiyyəti ondan ibarətdi ki, “Barsa”nın əsas komandasının yollandığı yerlərdə yaşayan sabiq oyundaşlarımızı bir araya gətirək.
- Həllini tapmayan məsələlərdən biri də əfsanələr komandasının yaradılması layihəsidi.
- Onlar bizim sabiq yoldaşlarımızdı, münasibətləri qaydasına salmalıyıq. Bu artıq klub rəhbərliyi səviyyəsində olan məsələdi.
- İqtisadi məsələ var. Onların əldə etdiyi gəlir kluba qaytarılmır.
- Mənə belə dedilər. Pula görə acıqlanmağı sevmirəm. İcma mədəniyyətini və birliyi dəstəkləməlisiz. Danışıqlar masası arxasından konsensusa nail olmadan qalxmaq mənə bir qədər mənasız görünür. Mən həll yollarını tapmadan danışığı bitirmirəm.
- Üçüncü ideyanız nə idi?
- Ən yaşlı üzvlərə yardım etmək üçün xüsusi fond yaratmaq, onlara ən acı durumlarda, ölüm hallarında dəstək vermək. Tədbirlər keçirəcək, pul yığacağıq.
- Sabiq futbolçuların durumu indi yaxşıdımı?
- İqtisadi cəhətdən əlbəttə. Əvvəllər onlar belə pullar almırdılar.
- Sizin futbol yolunuz uzun olub.
- 17 yaşımdan peşəkar səviyyədə oynamağa başlamışam, 33 yaşımda təqaüdə çıxmışam. Həmin vaxtlar 30 yaşı olan futbolçular artıq butsunu mıxdan asırdı. İndi isə futbolçuların qayğısına yaxşı qalırlar, onlar uzun müddət oynamaq üçün yaxşı qidalanırlar. Vaxtilə çalışdırdığım Pepa Reynaya baxın, onun artıq 40 yaşı var!
- Futbolçu oynamaq istəyirsə, öz qayğısına qalmalıdı.
- Bəli, əlbəttə. Axı sən oynamağa qadir deyilsənsə, komanda sənlə vidalaşacaq.
- Futbolçuların ətrafında maraqlı adamlar dolaşır.
- Çox adam dolaşır, həmişə də belə olacaq. Çünki çox pul var və onu xərcləmək lazımdı. Əvvəllər SEAT alırdılar, indi isə “Porsche” alırlar. 30 yaşınızda gələcəyə hazır deyilsizsə, çətinlikləriniz olacaq.
- Həyatınızı necə qaydaya saldız?
- Uzun illər ərzində La Masiyada məşqçi oldum, ardından bir il Sequnda B-də yarışan “Oriuela”ya rəhbərlik etdim. Ordan getdim, ona görə ki, işim mənə məyusluq yaşadırdı. Klub prezidentinə qəzəbləndim. O inşaatçı idi, futboldan heç nə bilmirdi.
- Siz təkcə Pepe Reynanı yox, Xavini də çalışdırmısız.
- Mən onun ilk məşqçisi olmuşam. Bir il. Biz məşqçilər oyunçuları yönəldirik, ancaq futbolçular özləri karyerasının memarı olur. Xavi çox ciddi və nəzakətli uşaq idi. Məndə belə hissiyyat var idi ki, o, La Liqaya yüksələ bilər, ancaq belə böyük karyerasının olacağını düşünmürdüm.
- Xavi yeganə şagirdiniz olmayıb.
- Klub rəhbərliyində iki nəfər var ki, vaxtilə “Xuvanile”də mənlə olub. Əla komandamız var idi. Qəbri nurla dolsun, Fransesk Arnau, Xavi Roka, Kike Alvares, Pablo Sans, Minqo, Selades, İvan de la Penya, Roxer Qarsiya, Arpon, Xuan Karlos Moreno, Qarsiya Pimyenta, Xavi Moreno... Hər şeyi qazandıq.
- Və siz getdiz.
- Qəzəbli getdim. Həmişə hesab etmişəm ki, həyatda addım-addım qalxmaq lazımdı. Kanteranın bütün kateqoriyalarından keçdim, “Xuvanile”dən sonra növbəti addım sequndada yarışan “Barsa B” olmalıydı. Çox həyəcanlaydım, ancaq rəhbərlik Xuande Ramosla anlaşdı. Özümü çox pis hiss etdim, kluba qəzəbləndim.
- Oyunçu, məşqçi olmusuz, indi isə artıq prezidentsiz.
- Yeni səviyyədi. Həyat belədi. Zaman öz axarıyla gedir. Mən evə qayıtmışam. Məni çox isti qarşıladılar. Klub məni həvəsləndirdi, “Barselona”da hələ də tanınıram, çox cəlbedici durumdu.
- Bugünkü “Barsa” tam fərqlidi.
- Tam belədi. Həm “Barsa”, həm də futbolun ətrafında olan hər şey fərqlidi. Məsələn, VAR vəziyyəti çox dəyişib.
- Ədalətsizliklərin də sayı azalıb.
- Bu həqiqətdi. Əvvəllər səfər oyunlarında ayaqlarımıza vururdular, hakimlər komandanı boğurdu... Onda qəribə hadisələr baş verirdi, indi – müasir televiziyada isə bunlar yoxdu. Ancaq VAR başıma girmir, adama elə gəlir ki, hakim fit çalmır.
- İki dəfə fit çalır.
- Məhz belədi, siz hər şeyə fərqli baxmalı olursuz və bu da oyunun vaxtını artırır. Əvvəllər 90-cı dəqiqədə oyunu bitirirdilər, indi isə 8, 10 dəqiqə artırırlar...
- İndiki “Barsa” daha titulludu?
- Mənim vaxtımda da əla komandamız var idi və mən bilmirəm ki, niyə çempionluqlar qazana bilmirdik.
- Ona görə ki, hər cür hadisə yaşanırdı.
- Hə, çox şey olurdu... “Kordoba” ilə oyundakı penalti...
Qeyd: İspaniya çempionatının 1971/72 mövsümünün sondan əvvəlki turunda “Barsa” şübhəli penalti üzündən səfərdə autsayder “Kordoba”ya uduzdu. Növbəti oyunda “Malaqa”ya da 0:1 uduzmaqla mövsümü yalnız 3-cü yerdə bitirdilər, “Valensiya” ilə “Real”dan geri qaldılar.
- Belə şeylər çox titul qazanmağa mane olurdu?
- Bəlkə də. Komandada yaşanan dəyişikliklərin də buna təsiri olurdu. İndi bizdə mentallıq başqadı. Kroyff çox böyük iş gördü. Həmin vaxt onu çox tənqid etdilər, indi isə hamı belə oynayır. Əvvəllər geriyə ötürmə verəndə bizi fitə basırdılar... İndi isə topu geriyə - qapıçıya verirlər və deyirlər ki, oyun məhz belə qurulur...
- Assosiasiyanızın nə qədər üzvü var?
- 700 və ya buna yaxın, bizi dəstəkləyənlərin sayı da 400-dən artıqdı, ancaq onların səs hüququ yoxdu.
- Fərq yalnız bundan ibarətdi ki, onlar “Barsa”da oynamayıblar?
- Bəli, “Barsa”nın heç bir komandasında. Kənardan olan adamlar az pul ödəyir.
- Assosiasiya öz üzvlərinə hansı yardımı göstərir?
- İstənilən şəkildə: bəzilərinə iş tapmaq lazım gəlir, bəziləri bədbəxt hadisə ilə üzləşir... Bəzi məhkəmə işləri də bizim təşkilatdan keçib gedir.
- Dani Alvesin işi də?
- Alves “Barsa”nın sosyosunun üzvüdü, ancaq bizim qurumun üzvü deyil. Ona dəstəyimiz lazımdısa, biz hazırıq.
- Bu incə məsələdi.
- Söhbət məcələnin incəliyində deyil, başqa detaldadı: o, məşhur oyunçudu, bizim Alvesə dəstək verəcək qədər pulumuz yoxdu. O hətta karyerasını da bitirməyib. Bu klub rəhbərliyi səviyyəsində olan məsələdi və mən əminəm ki, klub lazım olan yardımı edəcək. Klub bizdən də futbolçuya yardım göstərməyi xahiş etsə, göstərəcəyik.