Frayburq haqda maraqlı məqamları əvvəlki yazıda oxucularla bölüşmüşdüm. İndi isə keçirəm oyun günü yaşananlara...
Səhər saatlarında şəhərdə futbol ab-havası hiss olunmurdu. Sanki komanda uzun illərdi avrokuboklara qatılır və bu artıq adamlar üçün adiləşib. Küçələrdə hansısa afişaya və ya plakata rast gəlmədik. Lakin yerli vaxtla 17.00-dan sonra Frayburqun mərkəzində fərqli ab-hava var idi. Şəhər qırmızıya bürünmüşdü. Hər 4 nəfərdən üçünün əynində qırmızı rəngli forma görmək olardı. 18.00-dan şəhərin mərkəzindən adamlar tramvayla “Meza” adlanan əraziyə - oyuna baxmaq üçün yollanırdılar. Şəhərdə azərbaycanlılarla da rastlaşdıq. Avropanın fərqli şəhərlərində təhsil alan tələbələr “Qarabağ”ın oyunu üçün Frayburqa gəlmişdilər. Şəhərdə bir az gəzəndən sonra oyuna 3 saat qalmış stadiona gedəcəkdilər.
Saat 19.00-da “Europa-Park” stadionundaydıq. Bu arena mənə BOS-u xatırlatdı. Adamlar “Meza” tramvay dayanacağına gəlib, ordan 1 km məsafəni qət edərək arenaya daxil olurlar. Heç kim də narazılıq etmir. Oyunun başlamasına 1 saat qalmış arenanın ətrafı dolmuşdu. Hər kəs yemək yeyir, içki içirdi. Belə də olmalıydı. Bura Avropanın ən inkişaf etmiş ölkələrindən olan Almaniyadı.
Təbii ki, stadiona azərbaycanlılar da gəlmişdi. Təxminən 200-ə yaxın soydaşımız oyunu tribunadan izləyirdi. Onların təşkilatlanmasına Almaniyadakı səfirliyin nümayəndələri yardım etmişdi.
Hakimin start fitinə yarım saat qalmış azarkeşlər klub himnini oxumağa başladı. Bu mənzərəni görməyə dəyərdi. Komandalar meydana çıxanda “Frayburq”un fanklubu böyük ağ-qırmızı rəngli bayraq açdı. Bayraq qapıarxası tribunanı bağladı. Aşağı hissədə isə bu sözlər yazılmışdı: “Biz geri döndük”.
Matçın əvvəlində şok yaşadıq. Ginter yerdə uzanmışdı, zədəsi ciddi idi. Həkim müdaxilə etdi. Elə bildik ki, o meydanı tərk edəcək. Lakin ekranda yazıldı: “potensial penalti yoxlanılır”. Hakim monitora baxandan və 11 metrlik cərimə zərbəsi təyin edəndən sonra Ginter ayağa qalxdı. Sən demə, Toral ona qarşı qaydanı pozub. Qrifonun zərbəsinin istiqamətini Şahruddin tapsa da, top qapıdan keçdi. Bir qədər sonra Kadi topu itirdi, Doan isə “Qarabağ”ın sol cinahını alt-üst edərək Şahruddini məyus etdi. Almanlar dəli kimi sevinirdilər. Belə bir düşüncə formalaşmışdı ki, “Frayburq” Azərbaycan çempionunu darmadağın edəcək. Belə düşünməyə əsas da var idi. “Qarabağ” qapı istiqamətinə ilk zərbəni yalnız 22-ci dəqiqədə vurdu. Hesabda öndə olan “Frayburq”un azarkeşlərinin sevinci yerə-göyə sığmırdı. 27-ci dəqiqədə bütün azarkeşlər ayağa qalxıb komandanı alqışladı. Çünki fanklub rəhbəri “Frayburq” üçün ayağa qalx!” göştərişi vermişdi. Hamıya bəllidi ki, bundesliqa klubunun loqosunun rəngləri ağ-qaradı. Belədə “Bello Çao”nun səslənməsi bizə qəribə gəlməməliydi. Çünki harda rəngləri ağ-qara olan klub varsa, orda bu möhtəşəm əsər səslənməlidi.
39-cu dəqiqədə isə arenaya süküt çökdü. Veşoviç rəqibi məyus etmişdi. Lakin VAR işə düşdü, oyundankənar vəziyyətin olub-olmadığı yoxlanılırdı. Almeyda dördüncü hakimi hər vəchlə inandırmağa çalışırdı ki, qoldu. Sonda onun istədiyi oldu...
İkinci hissənin ən maraqlı anları Qurban Qurbanovun köməkçisi Elçin Rəhmanovla bağlı idi. Gənc mütəxəssis tez-tez hakimin qərarına etiraz edirdi. Bunu görən belçikalı Vim Smet ona xəbərdarlıq etdi. Bundan 5 dəqiqə sonra Şahruddin qaça-qaça ehtiyat oyunçular skamyasına gəlib Rəhmanovun qulağına nələrsə söylədi. Bundan sonra Qurban Qurbanov meydana Romao ilə Almeydanı buraxdı.
81-ci dəqiqədə isə bütün azərbaycanlıların qanı qaraldı. Zubir yerdə qalsa da, hakim oyunu davam etdirdi. Buna etiraz edən Elçin Rəhmanov sarı vərəqə ilə cəzalandı. 87-ci dəqiqədə Qurban Qurbanov səhvə yol verən Torala əsəbləşdi. Baş məşqçi qaydanı pozan müdafiəçiyə qışqıraraq “sərt oynama” dedi. Oyunun son dəqiqələrində isə Bədavi uzun ötürmələrlə hücum qurmağa çalışırdı. 2-3 cəhd alınmayandan sonra Qurbanov əsəbi şəkildə “yerlə oyna” dedi. Matç bitən kimi baş məşqçi 4-cü hakimə yaxınlaşıb penalti epizodu ilə bağlı etiraz etdikdən sonra Ştrayxla 30 saniyə söhbətləşdi. Alman məşqçi “Qarabağ”ın oyunçularını da bir-bir təbrik etdi.
Beləliklə, “Frayburq” qələbə qazandı. “Qarabağ” ilk hissədə yaxşı oynamasa da, fasilədən sonra bundesliqanın liderini qapısına qapanmağa məcbur etdi. Oyundan sonra da azarkeşlər stadionun qarşısına yığışıb, gözəl mübarizəyə görə “Qarabağ”a təşəkkür etdilər. Biz isə səhər ölkəmizə döndük: yenə avtobusla Bazelə, ordan da təyyarə ilə Bakıya. Almanlar həm azarkeş mədəniyyətinə, həm də futbolçuların fərdi keyfiyyətinə görə Azərbaycan çempionunu üstələdi. Qurban Qurbanovun həmişə dediyi kimi, Avropada futbolun səviyyəsi tam başqadı. “Frayburq”la oyunda şahid olduq ki, onlar bizdən ən azı 10 il öndədilər. Bazel hava limanında “Qarabağ”ı alqışlayan vətəndaşlar haqda deməyə söz tapa bilmirəm. Onlar bu jestlə möhtəşəmliklərini nümayiş etdirdilər...
İLKİN SULTANLI, Frayburq-Bazel-Bakı