Qeyri-adi bir dönəmdən keçirik. 10 gün öncə Bakıda çoxları dəniz kənarında, bağ evlərində dincəlirdi, indi isə sanki soyuq payız aylarındayıq. Düzdü, sentyabrın gəlişi ilə ağacların yarpaqlarının saralması yeni fəslin uzaqda olmadığını car çəkir. Baxmayaraq ki, rəsmən payız fəslinə girməyimizə 16 gün var. Bakıda yağış yağır, sərt külək əsir. Hava elə soyuyub ki, qısaqollardan uzunqollara keçdik. "Badu-kubə"nin küləyi də ki...
Bəlkə də sentyabr qadınlar tərəfindən romantik ayların başlanğıcı olduğu üçün sevilir. Amma bu ayın kişilərin həyatında tam başqa önəmi var. Sentyabr Çempionlar Liqası, Avropa Liqası, həm də Konfrans Liqasının başlaması deməkdi. Həftənin 3 günü Avropanın güclü klublarının mübarizəsini izləmək necə də möhtəşəmdi!
Bu həyəcandan Azərbaycan futbolu da kənarda qalmadı. "Qarabağ" 1 illik fasilədən sonra yenidən Avropa Liqasının qrup mərhələsində iştirak edəcək. Könül istərdi ki, komandamız bu hissləri Avropanın ən nüfuzlu turniri olan Çempionlar Liqasında bizə yaşatsın. Amma qismət Avropa Liqası imiş. Bəlkə də "Qarabağ" burda tarix yazaraq daha çox sevinməyimizə səbəb olacaq...
6 sentyabr, saat 15.10. Heydər Əliyev Beynəlxalq Hava Limanındayam. "Qarabağ"la birgə ölkənin 10 media qurumunun əməkdaşı "Frayburq"la oyun üçün Almaniyaya yollanır. Bəndəniz də "Futbol+"in əməkdaşı olaraq qələm əhlinin sırasında yer alıb. Elə hava limanında olarkən jurnalistlər üçün iş başladı. Qurban Qurbanovdan ayaqüstü 2 suallıq "Frayburq" səfəri ilə bağlı açıqlama aldıq. Havanın soyuq olmasını nəzərə alıb, baş məşqçini çox yormadıq. Onsuz da oyundan öncə mətbuat konfransında soruşmağa çox şey var...
Saat 17.00-da təyyarə hava limanından Bazelə istiqamət götürdü. Bəli, yanılmadız, Bazelə yola düşdük. Frayburqda hava limanı yoxdu. Bu səbəbdən də İsveçrənin adı çəkilən şəhərinə, ordan da Almaniyaya yollanacağıq. Bizi ümumilikdə 7 saatlıq səfər gözləyir. Buna baxmayaraq, həm komanda daxilində, həm də jurnalistlər arasında xoş əhval-ruhiyyə hiss olunur. Əmrah Çəlikəl, Asif Əsgərov, Qurban Qurbanov media mənsubları ilə hal-əhval tutur, futbolçular isə bir-biri ilə zarafatlaşır. Ən çox sevinən isə Kevin Medina idi. Kolumbiyalı müdafiəçi zədədən sonra ilk dəfə komanda ilə birgə səfərə yollanırdı. Elə fürsətdən istifadə edib həm Medinadan, həm də Ağdam təmsilçisinin yeni transferi Julio Romaodan geniş müsahibə götürdüm. Adı çəkilən futbolçuların sual-cavab zamanı həm tərcüməçi Elvar Quliyev, həm də bir-biri ilə zarafatlaşması diqqətimdən qaçmadı.
Yol uzun, vaxt keçmir. Belə olan məqamda maraqlı söhbət başın qarışmasına səbəb ola bilər. "Qarabağ"ın mətbuat xidmətində çalışan Mehman Əşrəfovla Frayburqun gəzməli yerləri haqda danışırdıq ki, Qara Qarayev müdaxilə etdi: