Çempionşipin son turunda səfərdə ''Midlsbro''nu yenməklə 2 oyunluq məğlubiyyət seriyasına son qoyan ''Hall Siti''də Acun Ilıcalının, nəhayət, kefi kökəlib.
Klubun sahibi olan məşhur türkiyəli şoumenin srağagün ''Hall Siti''nin məşqində iştirakı, üstəlik futbolçularla birgə oynaması diqqəti çəkib. Bu xəbər, eləcə də oyundan qısa bir görüntü klubun rəsmi saytında paylaşılıb. Amma ikitərəfli oyun zamanı Acunun komandasının qalib gəlməsi, yoxsa məğlub olması haqda məlumat verilməyib. Bundan başqa, 52 yaşlı türkiyəli iş adamının son addımı da maraq doğurub. O, ''Hall Siti'' fanatlarına jest etmək qərarına gəlib. Belə ki, çəkilişlə müəyyənləşəcək 500 ingiltərəli fanat Acunun maliyyə dəstəyi ilə 5 günlüyə Antalyaya - istirahətə aparılacaq. Qonaqlar 5 gün ərzində Antalyanın ən bahalı otelində qalacaq və Türkiyənin mədəniyyəti, gözəl təbiəti ilə tanış olacaqlar.
Bu arada Acun ''Fənərbaxça''da çıxış edən yaxın dostu Məsut Özil, eləcə də ''Qalatasaray''lı Rayan Babel kimi tanınmış oyunçuları ''Hall Siti''yə gətirəcəyi ilə bağlı şaiyələrə münasibət bildirib: ''Məsutun ''Hall Siti''yə keçməyəcəyini əminliklə deyə bilərəm. Mənim yaxın dostlarımdandı və Türkiyədə xoşbəxt olduğunu bilirəm. Bu üzdən ona ''İngiltərəyə yenidən qayıtmaq istərdinmi'' sualını ünvanlaya bilmərəm. Zatən cəmi 15 ay öncə İngiltərədən gəlib. Ailəsi ilə birlikdə Türkiyədə gözəl bir həyat qurub. ''Fənərbaxça'' ilə yaşadığı problemlərə və əsas komandadan kənarlaşdırılmasına gəlincə, əminəm ki, bu məsələ ən qısa müddətdə yoluna qoyulacaq. Babellə bağlı durum isə bir qədər fərqlidi. Onunla qış transfer dönəmində görüşmüşdüm. Əslində onu kluba gətirmək üçün gözəl fürsət yaranmışdı. Fatih Terimlə münasibətlərim çox yaxşıdı. O, Babelin ayrılmasına icazə vermişdi. Amma sonradan yeni məşqçi gəldi və Babelin komandada qalmasını istədi. Biz də onun qərarına hörmətlə yanaşdıq. Ümumiyyətlə, qışda 1-2 tanınmış futbolçu almaq şansımız var idi. Sadəcə, onları almağa vaxtımız çatmadı. Bununla belə, yay üçün ciddi planlarımız var və heyəti daha səviyyəli oyunçularla gücləndirəcəyik''.