“Portu” bazar günü səfərdə “Gimaraynş”ı 1:0 hesabıyla məğlub etdi.
Bu qələbə Serjio Konseysaonun komandasına Portuqaliya çempionatının rekordunu yeniləmək imkan yaratdı – “əjdahalar” ardıcıl 57 oyunda uduzmayıb. Əvvəlki rekord 1978-ci ildə 56-da dayanan “Benfika”ya məxsus idi.
“Portu”nun seriyası iki mövsümü əhatə edir: bu oyunların 28-i ötən, 29-u cari mövsümün payına düşüb. Belə əzəmətli seriyaya baxmayaraq, komanda ötən il 5 xal geri qalmaqla çempionluq yarışında “Sportinq”ə uduzdu. “Portu” cari mövsümdə liderlik edir, elə həmin “Sportinq”lə xal fərqi 6-ya bərabərdi. Portuqaliyadakı məğlubiyyətsiz oyunlar seriyası ilə bağlı məsələ aydındı. Bəs Avropanın başqa top liqalarında bu baxımdan vəziyyət necədi?
A seriyası: “Milan” – 58 oyun (1991-93)
“Portu”nun ötən əsrin 90-cı illərinin dahi “Milan”ına çatmasına laz az qalıb. Bu komanda 1991/92 mövsümündə heç bir oyunda uduzmadan çempion oldu. Fabio Kapello Arriqo Sakkinin başladığı işi davam etdirdi. Milanlılar 1992-96-cı illər aralığında 5 çempion titulundan dördünü qazandı. Möhtəşəm seriya “Parma” ilə ev oyununda qırıldı – 0:1.
Bundesliqa: “Bavariya” – 53 oyun (2012-14)
Bu seriya Yupp Haynkes dönəmində başladı, Pep Qvardiolanın vaxtında bitdi. Münhenlilər həmin vaxtdan bəri titulu əldən vermir – Almaniyada 2013-dən sonra “Bavariya”dan başqa heç kim çempion olmayıb. Məğlubiyyətsiz oyunlar seriyasının bitməsinin səbəbkarı Qvardiola oldu: baş məşqçi Çempionlar Liqasının 1/4 final mərhələsinin MY ilə cavab oyunu ərəfəsində turnir maraqları baxımından heç bir əhəmiyyət daşımayan “Auqsburq”la görüşə ehtiyat oyunçuları buraxdı və uduzdu (0:1). Bu taktika özünü doğrultdu – “Bavariya” yarımfinala adladı. Düzdü, orda “Real” münhenlilərə “qulaqburması verdi” – 5:0.
Premyer-liqa: “Arsenal” – 49 oyun (2003-04)
Arsen Vengerin məşhur məğlubedilməzləri... “Topçular” 2004-də bircə dəfə də məğlub olmadan çempionluğu qazandı. O illərin “Mançester Yunayted”i hadisələrin belə axarı ilə barışa bilməzdi. Aleks Ferqyusonun komandası londonluların 50 məğlubiyyətsiz oyun həddinə çatmasına imkan vermədi – 2:0. “Arsenal” həmin vaxtdan bəri çempionluğa həsrət qalıb.
La Liqa: “Barselona” – 43 oyun (2017-18)
İndiki “Barsa” ardıcıl 15 oyunda uduzmayıb, ancaq Xavinin komandası La Liqanın rekordundan hələ çox uzaqdı. Bu rekordu kataloniyalılar Ernesto Valverdenin vaxtında müəyyənləşdirib. “Barselona” 2017/18 mövsümündə yalnız bir oyunda uduzmaqla çempionluğu bayram edib. Düzdü, komanda ÇL-də mübarizəni 1/4 finalda dayandırdı.