Yaxın keçmişin tanınmış türkiyəli oyunçuları arasında hazırda baş məşqçi kimi çalışanlar heç də az deyil. Onlardan biri də Mehmet Topaldı.
"Football-plus.az" xəbər verir ki, futbolçu kimi hər üç İstanbul nəhənginin şərəfini qorumuş və karyerasını 2022-də bitirmiş 38 yaşlı Topal məşqçiliyə birdən-birə vətəndən kənarda başlamaq qərarına gəldi. O, bu yay Rumıniya təmsilçisi “Petrolul”un başına keçdi. Ployeşti şəhərini təmsil edən bu klub 12 turdan sonra topladığı 18 xalla 16 komandalı Rumıniya çempionatında 6-cı pillədə qərarlaşıb və liderdən 5 xal geridədi. Mehmet Topal yeni macərası və başqa məqamlar haqda “Milliyət” nəşrinə açıqlamalar verib.
* Bu macəra təxminən 5 ay öncə başladı. “Petrolul” rəsmiləri mənimlə ilk dəfə həmin vaxt əlaqə qurdular. Futbolla vidalaşandan sonra əsas arzuma çataraq ailəmlə doyunca vaxt keçirdim. Özümə söz vermişdim ki, ən azı bir-iki ili ailəmə həsr edəcəm. Çünki təxminən 23-24 ildi bu işin içində olan və ən üst səviyyədə oynamağa çalışan bir adam kimi həm fiziki, həm də psixoloji cəhətdən yorulmuşdum. Təkliflər var idi, amma mən tələsmək istəmirdim.
* Əslində məşqçiliyə birbaşa vətəndən kənarda başlayacağımı istisna etmirdim. Bu, hədəflərimdən biri idi. Ona görə də qarşıma bu cür gözəl layihə çıxan kimi onu dəyərləndirmək qərarına gəldim. Yaxşı ki, bu addımı atdım. Komandamız yüksəlişdədi. Düzdü, müəyyən sıxıntılarımız var. Amma bu sıxıntıları aşmaq üçün əlimizdən gələni edirik. Görünür, “Petrolul”da başlamaq mənim qismətimdə var imiş. Bu qərarıma görə qətiyyən peşman deyiləm.
* Birmənalı şəkildə deyə bilərəm ki, məşqçi olmaq futbolçu olmaqdan daha çətindi. Futbolçu olanda yalnız özünə və komandanın performansına cavabdehlik daşıyırsan. Daim özünə nəzarət etməlisən. Amma məşqçi olanda klubda hər kəsi, az qala mühasibi də nəzarətdə saxlamalı olursan. Çünki bütün insanlar gözünüzün içinə baxır və sizdən uğur gözləyir. Burda əsas məsələ bütün işçilərlə birlikdə ailə ab-havası yaratmaqdı. Bunu bacardıqda uğur qazanmaq mümkün olur. Yəni işin texniki tərəfi daha çətindi. Yuxusuz gecələrimiz çox olur. Ona görə də futbolçu olanda bunun qədrini bilmək lazımdı.
* Mən nəzərə inanan insanam. İyuldan bəri məğlubiyyətsiz seriya yaxalamışdıq. Artıq burda hər kəs seriyamızdan danışmağa başlamışdı. Mən də bu söz-söhbətləri eşidən kimi gözə gəlməyimizdən qorxdum. Elə də oldu və son oyunda seriyamız qırıldı. Hərçənd çox yaxşı oynamışdıq. Üstəlik hakim də bəzi anlaşılmaz qərarlar verdi. Amma eybi yox, bu məğlubiyyətdən lazımi dərslər çıxarıb yolumuza davam edəcəyik. Ümid edirəm ki, artıq gözlər üzərimizdən götürüləcək və yeni bir seriyaya start verəcəyik.
* Həyatım boyunca hədəfi olmayan heç bir gəmiyə minmədim. Bir yerdə çalışıb mübarizə aparıramsa, o işin haqqını vermək məcburiyyətindəyəm. Futbolçularla ilk toplantıda “hamınızın çempionluğa inanmasını istəyirəm” dedim. Bəlkə də oyunçular arasında bunu gülüşlə qarşılayanlar və ya öz-özünə “məşqçimiz xəyallar dünyasında yaşayır” kimi düşüncəyə qapılanlar oldu. Çünki biz illik büdcə baxımından Rumıniya çempionatının ən zəif iki-üç klubundan biriyik. Amma həftələr irəlilədikcə oyunçular bəzi şeyləri anlamağa başladılar. İlk 10 həftəlik performansımızdan sonra onlar da artıq inanmağa başladılar. Düzdü, bəzən maddi problemlər bizə çətinliklər yaradır. Amma bacardığımız qədər işin futbol tərəfində qalmağa və əlimizdən gələni etməyə çalışırıq. Bu mövsüm üçün əsas hədəf ilk “6-lığ”da düşərək pley-offa vəsiqə qazanmaqdı.
* Açığı, bu mövsüm sıx təqvim və işlərin çoxluğu üzündən Türkiyə çempionatını elə də yaxından izləyə bilmirəm. Yalnız evdə boş vaxtlarımda oyunların icmalına baxmaq fürsətim olur. Amma superliqada qeydə alınan nəticələri, adətən, burdakı futbolçular özləri mənə deyir. Çünki bizim çempionatı böyük maraq və sevgi ilə təqib edirlər.
* Burda ən xoşuma gələn şeylərdən biri oyunda fasilələrin çox olmamasıdı. Yəni oyun çox da dayanmır. Dünyanın aparıcı çempionatlarına nəzər salsaq, orda səviyyənin yüksək olmasının əsas səbəblərindən biri oyunların gedişində fasilələrin hədsiz az olmasındadı. Ümid edirəm ki, zaman ötdükcə Türkiyə çempionatında da bu baxımdan inkişaf olacaq.
* Mirça Luçesku Rumıniya yığmasının başına keçdi. Onunla bəzən telefonda söhbətləşirik. Ayrı-ayrı oyunlar haqda müzakirələr aparırıq. Bizim oyunumuzu izlədikdə onunla həm komandanın, həm də oyunçuların durumu haqda danışıram. Türkiyə yığmasında bir müddət onun başçılığı altında oynamışam. Mənim üçün həm özəl məşqçilərdən, həm də özəl insanlardan biridi. Onun məsləhətləri, təcrübəsi bizim üçün önəmlidi.
* Həyatda hər şey mümkündü. Sadəcə, buna inanmaq lazımdı. 13-14 yaşımda mənim də böyük arzularım var idi. Futbolda qazandığım və anladığım əsas təcrübə odu ki, mümkünsüz heç nə yoxdu. 3 fərqli komanda ilə Türkiyə çempionu olmuş yeganə futbolçuyam. İndi də 3 komanda ilə məşqçi kimi çempion olmaq əla olardı. Düzdü, bu rekord artıq Mustafa Dənizlidədi. Amma mən də rekordu 4-ə yüksəltməyə çalışacam. Mustafa hocamızı keçmək lazımdı (gülür).
* Mən “Beşiktaş”da oynadığım dönəmdə Semih Kılıçsoy diqqətimi çəkmişdi. O vaxt “altyapı”da oynayırdı və tez-tez onun oyunlarını izləyirdim. Həmin vaxtdan onu çox bəyənirdim. İnanılmaz istedada və özəlliklərə malik futbolçudu. Çətin dönəmdən keçir. Oynamamaq bir futbolçu üçün ən pis şeydi. Amma səbirli olmalıdı. Az oynamağı özünə dərd etməməlidi. Bundan sonra edə biləcəklərinə köklənməlidi. Yenidən əsas heyət üzvünə çevrilməyə çalışmalıdı. Semihə xüsusi simpatiyam var. Onu canlı izləyərrkən heyranlığımı gizlədə bilmirdim.
* Futbolçu kimi premyer-liqada oynamaq arzuma çata bilmədim. Ümid edirəm ki, heç olmasa, məşqçi kimi bu arzuma çatacam. Rumıniyada tənqidin səviyyəsi Türkiyədəki qədər yüksək deyil. Təbii ki, burda da hər gün efirlərdə idman verilişləri var. Amma futbolçular psixoloji cəhətdən rahatdı. Bizim ölkədə idman verilişləri həddən artıq çoxdu. Hərəsində də bir iddia ortaya atılır. Hər kəsin futbolla bağlı bir fikri var və hər kəs öz fikrinin düzgünlüyünə əmindi.
* Karyeram ərzində bir çox ünlü məşqçinin rəhbərliyi altında oynamışam. Hamısından bəzi özəllikləri mənimsəməyə çalışmışam. Bəzən bu təcrübələrimdən həm meydanda, həm də ondan kənarda faydalanıram. Özüm üçün örnək saydığım məşqçi Unay Emeridi. Həyatımda çox böyük bir yeri var. İş intizamı və iş əxlaqı, sadəcə, inanılmaz səviyyədədi. Çalışma tərzini örnək aldığım nadir məşqçilərdən biridi. Türkiyəli məşqçilərin də məndə yeri ayrıdı. Mustafa Dənizli ilə Yusuf İncədalı ilk növbədə qeyd edərdim. Fatih Terimi də xüsusi vurğulaya bilərəm. Ona böyük hörmətim var. Məni ilk dəfə yığmaya dəvət edən məhz o olmuşdu.