Tomas Müller son illərdə “Bavariya”da əsas heyətin daimi üzvü sayılmasa da, onu artıq əminliklə klubun əfsanəsi adlandırmaq olar.
Həm tarixə, həm də müasir dönəmə nəzər salsaq, görərik ki, bütün karyerasını bir kluba həsr edən futbolçuların sayı elə də çox deyil. Müller məhz belə oyunçulardandı. 11 yaşında “Bavariya”nın akademiyasına yazılan Tomas 24 il keçməsinə baxmayaraq, hələ də bu kluba sadiqdi. Bir çox rekordları yeniləyən 35 yaşlı Müller Münhen nəhənginin tarixində ən çox oyun keçirən futbolçu statusundadı. Eləcə də ÇL-də o, ötən həftə Xavi Ernandesin rekordunu yeniləyərək bu turnirdə bir klubun heyətində ən çox (152) oyun keçirən futbolçuya çevrildi. Tomas “Bavariya” ilə 12 ölkə çempionluğu qazanıb ki, bunun özü də Almaniya futbolunda rekord göstəricidi. Yığma karyerasını bu yay başa vuran ünlü futbolçu bugünlərdə bundesliqanın rəsmi saytına müsahibə verib. Artıq bu gün böyük səbirsizliklə gözlənilən “Bavariya” – “Bayer-04” oyunu baş tutacaq. Müller həm bu oyun, həm öz performansı haqda danışıb, həm də komanda yoldaşı Harri Keynə tərfi yağdırıb.
- Mövsümə əla başlamısız. Qarşıda sizi “Bayer-04”ə qarşı çox ciddi sınaq gözləyir. Bu oyunla bağlı düşüncələrinizi bilmək maraqlı olardı.
- İlk növbədə fanatlar hər iki komandanın da haqqını verməlidi. Bəlkə də hazırda bundesliqada ən parlaq oyun nümayiş etdirən iki kollektiv üz-üzə gələcək. “Bavariya” son illərdə həm bundesliqada ağalıq edirdi, həm də Avropada ölkəni ən yaxşı təmsil edən klub sayılırdı. Amma “Bayer-04” ötən mövsüm bizi hər mənada taxtdan endirməyi bacardı. Onların qarşısında papağımızı çıxarmalıyıq. Bir sıra rekordları yenilədilər. Özü də məsələ rekordlarda yox, onların buna hansı şəkildə nail olmasındadı. Necə oyunçulara malik olduqlarını və necə futbol sərgilədiklərini görəndə əminliklə söyləmək olar ki, bizi çox çətin bir qarşılaşma gözləyir. “Bayer-04” təkcə gözəl futbolla kifayətlənmir. Onların daha bir özəlliyi ondadı ki, lazım gələndə dözməyi, müdafiəyə çəkilməyi bacarırlar. Təslim olmağı sevmirlər. Son dəqiqələrdə vurduqları qolların sayı heyrət doğurmaya bilməz. Onlara nəsə lazım olanda, belə desək, qapını döyməyə başlayırlar. Kimsə açmayana qədər qapını döyməkdə davam edirlər. Hər dəfə həlledici məqamda mütləq kimsə ön plana çıxır. Buna görə də bizi əvvəldən sona qədər çox həyəcanlı bir görüş gözləyir.
- “Bavariya” nəyin hesabına uğurlu nəticə əldə edə bilər?
- Oyun üçün seçəcəyimiz plandan çox şey asılı olacaq. Məsələn, biz ilk növbədə onların əsas futbolçularını dayandırmaq barədə düşünməliyikmi? Yoxsa ilk növbədə öz oyunumuza köklənib topa nəzarət və meydanda ağalıq etməliyikmi? Strategiyanı müəyyənləşdirməli və məşqlərdə bunun üzərində çalışmalıyıq. Həm də tərəflərdən heç birinin bəhanəsi olmayacaq. Çünki həftəiçi heç birimizdə oyun olmadı. Hər iki komanda əla formadadı və hər oyunda çoxlu qollar vurur. Neytral azarkeşlər üçün də maraqlı oyun olacaq.
- “Bayer-04”ün son çempion statusunda olmasını sizin üçün əlavə motivasiya mənbəyi saymaq olarmı?
- Əlbəttə. Bu mövsüm biz daha motivasiyalıyıq. Son illərdə müəyyən dönəmlərdə bizdə nəsə alınmayanda çox da narahat olmurduq. Bilirdik ki, sonda istəyimizə çatacağıq. Bəlkə də belə şeylər üzündən motivasiyanı bir qədər itirirdik. Hərçənd son illərə nəzər salsaq, oyunumuzdan tam razı qaldığımız bir mövsüm yoxdu. İstisna kimi yalnız Hans-Diter Flikin dönəmini göstərmək olar. Motivasiya baxımından çox da problem yaşamırdıq. Sadəcə, bu, fərqli cür motivasiya idi.
- Sizin oyununuzda da müəyyən yüksəliş hiss olunur. Bu mövsüm 250 dəqiqədən az meydanda olsaz da, artıq 5 qolun vurulmasında yaxından iştirak etmisiz. İlk həftələrdə öz performansınızı necə qiymətləndirirsiz?
- Ümumi götürəndə hər şey qaydasındadı. Əhval-ruhiyyəm yerindədi. Düzdü, tam istədiyim qədər şans qazandığımı söyləyə bilmərəm. Amma sonradan meydana çıxsam belə, demək olar, hər matçda oynayıram. Hər oyunda əlimə düşən fürsətdən maksimum yararlanmağa çalışıram. Həm özümü göstərməyə, həm də komandaya yardım etməyə can atıram. Hücumameyilli futbolçu olduğum üçün qol vurmağa və ya qolun vurulmasında yaxından iştirak etməyə çalışıram. Digər tərəfdən, heyətimiz səviyyəlidi. Rəqabət güclüdü. İrəlidəki 4 mövqe üçün 8-9, hətta 10 futbolçu rəqabət aparır. Hərəsinin öz keyfiyyətləri var və hər biri də meydana çıxıb komandaya yardım etməyə can atır. Bununla belə, dediyim kimi özümü yaxşı hiss edirəm və mövsümün qalan hissəsinə ümidlə baxıram. Qarşıda bizi vacib həftələr gözləyir.
- Komandanın veteranlarından biri kimi bu heyətdə xüsusi statusunuz var və gənclər üçün örnək təşkil edirsiz. Bu rolun öhdəsindən necə gəlirsiz?
- Bəli, belə bir statusa malikəm. Amma ona görə yox ki, onu kimsə mənə verib. Sadəcə, ona görə ki, mənə verilən hər rolu böyük istəklə, ehtirasla yerinə yetirirəm. Təbii ki, müsbət mənada komanda yoldaşlarıma bacardığım qədər təsir etmək, örnək olmaq istəyirəm. Çünki bu, həm mənim, həm də komanda üçün yaxşı haldı. Gənc futbolçu ilə münasibət, ünsiyyət qurduqda ona istər-istəməz öz potensialını açmağa, özünü sübut etməyə və qazanılan zəfərlərdə müəyyən rol oynamağa yardım etməyə çalışırsan. Mən məhz buna səy göstərirəm. Amma düşünməyin ki, hər təcrübəli futbolçu eyni anda həm başqalarına yardım edə, həm də öz oyununa köklənə bilir. Elə təcrübəli oyunçular var ki, özlərinə kifayət qədər əmin deyillər. Ona görə də inofrmasiyanı, təcrübəni başqaları ilə bölüşməyə həvəsli deyillər. Ancaq məndə bu baxımdan heç bir problem yoxdu və çalışıram ki, bu məsələlərdə heç kimin mənə qarşı şübhəsi qalmasın.
- Bundesliqada bir çox rekordların müəllifisiz. Bu yaxınlarda isə “Bavariya” tarixində ən çox oyun keçirən futbolçu statusuna yiyələndiz. Bu qədər göstəriciyə nail olmaq necə hissdi?
- Təbii ki, mənə çox xoşdu. İnsan çəkdiyi əziyyətin, zəhmətin bəhrəsini görəndə buna yalnız sevinir. Açığı, bu göstəricilərə nail olacağımı gözləmirdim. Peşəkar karyeraya başlayanda 15 il sonra ola biləcək şeyləri düşünmürsən. Bu, elə bir uzun dönəmdi ki, hər addımı planlaşdırmaq olmur. Geriyə boylananda deyə bilərəm ki, uzun illər bu cür yüksək səviyyədə oynaya bilməyimlə fəxr edirəm. Çünki bunun mənə nəyin bahasına başa gəldiyini, arxasında necə çətinliklərin dayandığını bilirəm. Amma keçmişdəki nailiyyətlərimin mənə sabah və ya qarşıdakı məşqlərdə bir faydası dəyməyəcək. Hər növbəti addım üçün yeni adrenalin mənbəyi tapmağa çalışırsan. Məsələn, mənim üçün azarkeşlərlə dolu olan “Alyants Arena”da oynamaq həmişə belə bir adrenalindi. Həmin anları yaşamaq üçün məqşlərdə işləməyə dəyər. İndiqəqədərki nailiyyətlərin önəmlidi, amma bundan sonrakı nailiyyətlər daha maraqlıdı.
- “Bavariya” ilə müqavilənizin son ilindəsiz. Karyeranızda hələ də qırmadığınız və can atdığınız bir rekord varnı?
- Xeyr, can atdığım və qırmaq istədiyim rekord yoxdu. Rekord qırmaq mənim üçün önəmli deyil. Məni maraqlandıran yalnız yaxşı oynamaq və komandaya fayda verməkdi. Bəli, “Bavariya” ilə müqaviləmin müddəti gələn yay başa çatacaq. Ona görə də bu qısa müddətdən maksimum faydalanmağa çalışacam. Ondan sonra isə nə olacağını bilmirəm. Çünki müqavilə məsələsində nə mən nə istədiyimi bilirəm, nə də klub. Bunun, ümumiyyətlə, indi müzakirə edilməsinin tərəfdarı deyiləm. Başa düşürəm ki, insanlar öz gələcəkləri barədə düşünməyi xoşlayırlar. Mənim vəziyyətim fərqlidi. Karyeramın sonuna yaxınlaşıram. Buralar məim üçün çox doğmadı. “Zabener” küçəsi, mənim qonaq otağım... 2000-ci ildən başlayaraq, demək olar, hər gün bura gəlirəm. Burda hər şey xoşuma gəlir. Amma dediyim kimi soyuqqanlılığımı qorumağa çalışıram. Gələcəkdə nə olacağını bilmədiyim üçün indiki hər anımdan zövq almağa çalışıram.
- Harri Keyn yenə də əla formadadı və “Bavariya”lılar qarşıdakı oyunda da ondan çox şey gözləyir. Onun performansı barədə nə düşünürsüz?
- Keyn mükəmməl özəlliklərə malikdi. Onun əldə etdiyi göstəricilərə heç də hər futbolçu nail ola bilməz. Keynin belə məhsuldarlığıı qətiyyən təsadüf deyil. Çünki o, hücum zamanı hansı istiqamətə açılmaq lazım olduğunu bilir. Düzgün mövqe seçir və fürsət düşən kimi topu qapıya göndərir. Rəqiblərə rəhm etməyən hücumçudu. Hər iki ayağından əla istifadə edir və zərbələri eyni dərəcədə güclü alınır. Zərbələri həm texniki, həm də taktiki cəhətdən ən yüksək səviyyədə yerinə yetirir. Top ayağına düşən kimi onu necə gəldi qapıya vurmur. Qapıçının mövqeyinə baxaraq nisbətən boş olan küncü müəyyənləşdirir. Sonra da elə bir güc və dəqiqliklə zərbə endirir ki, top həmin küncə istiqamətlənir. Qapıçılar belə zərbələr qarşısında çarəsiz qalır. Əslində bu, fenomenal bir şey deyil. Amma Keynin bitirici kimi özəlliklərindən bu dərəcədə yüksək səviyyədə istifadə etmək bacarığının olması əladı.
- Onu indiyə qədər birlikdə oynadığınız ən yaxşı hücumçu adlandırmaq olarmı?
- Belə müqayisələr yersizdi. Məsələ onların hansının daha güclü olmasında deyil. Siz soruşun ki, onlardan hansı konkret bu komanda yoldaşlarına uyğun gəlir? Və ya hansı konkret bir rəqibə uyğun gəlir? Yoxsa ümumilikdə kimin kimdən güclü olduğunu müzakirə etmək düzgün deyil. Çünki həmişə mütləq bir futbolçunun digərindən fərqli özəllikləri olur. Biri driblinqdə güclüdü, digəri daha sürətlidi. Sözsüz, bu aspektlərdə Keyni üstələyən futbolçular var. Amma bitiricilik baxımından hazırda ondan güclü futbolçu yoxdu!