Ötən yazımda “Zirə”nin “Şerif”lə qarşılaşmasından bəhs etmiş, qəsəbə təmsilçisinin şanslarını dəyərləndirməyə çalışmışdım.
Bu dəfə də oxucularımın qarşısında üzüm ağ, alnım açıq oldu. Çünki “Zirə” ilə bağlı təhlilim doğruldu, Rəşad Sadıqovun çalışdırdığı komanda səfərdən qələbə ilə döndü. Özü də qələbə topunu Davit Volkov vurdu. Bu məqamı xüsusiylə qabartmağım heç də səbəbsiz deyil. Diqqətli oxucularımız həmin yazıda Volkovla bağlı hissəni yaxşı xatırlayarlar. Türkün sözü, altını cızaraq qeyd etmişdim ki, gürcüstanlı futbolçu “Sabah”da özünü göstərə bilmədi, onun oyunu Rəşad Sadıqovun komandasında daha yaxşı alınır. Elə ilk oyundaca bu ehtimal özünü doğrultdu. Volkov əlinə düşən yeganə fürsəti yaxşı dəyərləndirib, “Zirə”nin qoluna imza atdı. Bu qol da “Şerif”i məğlub etmək üçün yetərli oldu.
Bəli, zaman-zaman “Zirə”ni praqmatik oyun üslubuna, müdafiəyə çox həvəs göstərməsinə görə tənqid etmişik. Azarkeşlərin məhsuldar, baxımlı hücumlarla zəngin oyun izləmək istəyi təbiidi. Elə mən də belə oyun tərzinə könül verənlərdənəm. Amma son illərdə futbol hamımızın gözünün qabağına dəyişir. Adlı-sanlı məşqçilər belə “faydalı olan məqbuldu” prinsipi ilə heyət və taktikə qurur, nəticə qazanmağı əsas vəzifə sayırlar. Hazırda davam edən Avropa çempionatı buna bariz nümunədi. Dağdan ağır, heyəti ulduzlarla zəngin Fransa millisi az qalırdı avtoqollarla finala çıxsın. Heyətində Mbappe kimi hücumçu olan “xoruzlar” hücum futbolu sərgiləmirdi. Deşamı tənqidlərdən qoruyan tək bir əsas var idi ki, o da Fransanın nəticə qazanması idi. Amma ispanlarla oyunda vəziyyət “fransızca” olmadı. Bundan sonra Fransa mətbuatının da Deşamı tənqid etməyə haqqı var. Di gəl ki, Fransanın bundan sonra belə oyun sərgiləməyəcəyinə heç kim təminat verə bilməz. O cümlədən də cansıxıcı oyun üslubu ilə nəticə qazanmağı hədəfləyənlər öz yolundan dönməyəcək.
Azərbaycan premyer-liqası uzun marafondu, biz o yarışda Rəşad Sadıqovdan və komandasından rəngarəng oyun, vaxtını daha çox hücumda keçirmək, qol axtarışında olmaq tələb edə bilərik. Əminəm ki, edəcəyik də. İndiki halda isə Rəşad bəy üçün önəmli olan səfərdə məğlub olmamaq və cavab görüşü ərəfəsində üstünlük qazanmaq idi. “Zirə” Tiraspolda bunu bacardı. 90 dəqiqə ərzində Moldovanın adlı-sanlı komandası “Zirə”nin qapısına bir-iki dəfə yaxın düşə bildi. Xüsusən də ilk hissənin sonlarında yaranan vəziyyət xeyli təhlükəli idi ki, “Şerif”in legionerləri həmin epizodlarda peşəkardan daha çox həvəskar futbolçuya bənzədilər. Elə yaxşı ki, belə də oldu. Allah göstərməsin, “Şerif” hesabı açsaydı, indi biz “Zirə”nin mərhələ perspektivləri barədə nikbin fikirlər söyləməyə çətinlik çəkəcəkdik. Onda Sadıqovun komandasının necə səliqə ilə müdafiə olunması, Tiaqo Silvanın “çərçivə”də inamlı dayanması heç yada da düşməyəcəkdi.
Uzun sözün qısası, “Zirə” üzərinə düşəni edib. Belə qarşılaşmalarda ilk görüşdə sərfəli nəticə qazanmaq həm də psixoloji üstünlük yaradır. Rəşad Sadıqovun komandası “Şerif”in heyətinin oturuşmamasından maksimum istifadə etdi və Bakıdakı görüşə qalib kimi hazırlaşmaq fürsətini əldən vermədi. “Zirə”nin qələbəsi həm də ona görə əlamətdar oldu ki, Azərbaycan klubları avrokubok mövsümünə əla başladı, başqaları üçün də stimul yarandı. Özünəinam bu cür məsul yarışlarda çox vacibdi. Qələbə sayəsində UEFA-nın reytinq cədvəlində də xal ehtiyatımızı artırmışıq, 25-ci pilləyə yüksəlmişik.
Bütün bunlar Azərbaycan futbolu adına müsbət məqamlardı. İnanırıq ki, “Zirə” cavab görüşündə də səfərdəki kimi inamlı və intizamlı çıxış edəcək, başladığı işi sona çatdıracaq. Uğurlu başlanğıcın davamını gətirmək lazımdı, eyforiyaya qapılmaq əsla olmaz. Çünki 1:0 elə də böyük üstünlük də deyil. Ya vəlvələdən, ya zəlzələdən qonaq komanda bir qol vursa, onda hər şey bizim əleyhimizə çevrilə bilər. Belədə “Zirə” vərdiş etmədiyi oyun üslubuna əl atıb, qol vurmaq üçün irəli atılmağa məcbur qalar. Bu səbəbdən də ehtiyatı əldən vermədən yeni fürsətlər yaratmaq, onlardan da maksimum yararlanmaq vacibdi. Əsas odu ki, yaxşı başlamışıq.
AMAL