Təbii ki, AFFA-nın Hesabat-Seçki Konfransını səbirsizliklə gözləyən yox idi.
"Football-plus.az" xəbər verir ki, kimin prezident, kimlərin İcraiyyə Komitəsinə üzv seçiləcəyi əvvəldən bilinirdisə, heç bir alternativ yox idisə, səbirsizlənməyə dəyməzdi. Futbol ictimaiyyətini düşündürən əsas məsələ qurumun yeni rəhbərliyinin hansı mesajları verəcəyi, bir də prosesin özü idi. İnsafən, gün macəra həvəskarlarının gözləntilərini doğrultdu. 59 yaşının tamamına bir gün qalmış prezidentlik dönəmi başa çatan Rövnəq Abdullayevin ilk dəfə 17-ci əsrdə işlədildiyi güman olunan “Kral öldü, yaşasın yeni kral!” ifadəsi ilə çoxmənalı mesaj verməsindən tutmuş Elxan Məmmədovun Rövnəq bəyin yenə 16 il əvvəlki qalstuku taxdığını xatırlamasına qədər hər şey orijinal, maraqlı idi. Hər halda, Abdullayev – Məmmədov tandemi tarixə döndü. Köhnə rəhbərlikdən bircə Elşad Nəsirov qaldı ki, deyilənə görə, onun da funksiyası siyasi hakimiyyətlə AFFA arasında körpü rolunu oynamaqdı.
AFFA-nın bütün əvvəlki prezidentləri kimi, Rövşən Nəcəf də “Neftçi”nin “şinelindən çıxıb”. Əlbəttə, mərhum Fuad Musayev paytaxt klubunun prezidenti olmayıb, sadəcə, Bakı şəhər Partiya Komitəsinin 1-ci katibi kimi birbaşa “ağ-qaralar”a himayədarlıq edib, yəni “Neftçi”yə yad olmayıb. AFFA-ya yeni prezident seçkisindən sonra başlayan ictimai müzakirələrdə məhz “Neftçi”yə bağlılıq ana xətt kimi keçir. Sirr deyil ki, çoxları “Neftçi”yə rəhbərlik etdiyi müddətdə “Qarabağ”a müqavimət göstərə biləsi klub qura bilməyən Rövşən bəyin yeni postunda da uğurlu olacağına, yəni ölkə futbolunu ağ günə çıxaracağına inanmır. Əlbəttə, belə mülahizələrin yaşamaq hüququ var. Ancaq gəlin bir məqamı da unutmayaq: prezident ümumi işə rəhbərlik edən adamdı, bir qurumun, klubun, federasiyanın fəaliyyətinin maliyyələşməsində problem yarananda prezidenti suçlamaq yerinə düşür. Fəaliyyətin bütün qalan şaxələrinə, istiqamətlərinə rəhbərlik etmək üçün onun komandası var. İndiki halda AFFA prezidentinin komandası İcraiyyə Komitəsi (İK), departament, komitə və şöbə rəhbərləridi. İK-da yalnız iki futbol adamının yer alması da çoxlarını qıcıqlandırır, çəkindirir. Amma o iki futbol adamı fərqli nəsillərə aid olsalar da, qabiliyyətinə heç kimin şübhə etmədiyi Səməd Qurbanovla Qurban Qurbanovdu. Üstəlik Maqsud Adıgözəlova, Balakişi Qasımova, Zaur Axundova, Sərxan Hacıyevə futboldan uzaq adam demək olarmı? Təbii ki, olmaz.
Amma bir qurumun iş və islahatlar həyata keçirmək bacarığı onun tərkibində neçə futbol adamının yer alması ilə də ölçülə bilməz. Yaxşı, əvvəlki tərkiblərdə futbol adamlarının sayı çox idi, bəs onda niyə futbolumuz, xüsusən də bütün yaş qrupu üzrə yığmalar indiki durumdadı? Həmin futbol adamları niyə zamanında bu yöndə geniş müzakirələr açmadı, 16 il ərzində inkişafa nail ola bilmədi?
Əvvəlki yazılarda vurğulamışam, bu gün bir daha təkrarlamaq istəyirəm: AFFA rəhbərliyi, yeni tərkib xalqa, daha doğrusu, futbol ictimaiyyətinə yaxın olmalıdı. Futboldakı problemləri malalamaqla, ört-basdır etməklə zirvələrə çatmaq mümkün deyil. AFFA-nın divarları arasında münbit müzakirə mühiti olmalıdı, uçurumun harasında olduğumuzu müəyyənləşdirməli, dərhal da çıxış yolları axtarmağa başlamalıyıq. Məntiqlə yeni inkişaf strategiyası çoxdan hazır olmalıydı, axı Rövşən Nəcəfin prezident postuna, başqalarının İcraiyyə Komitəsinə gələcəyi öncədən bilinirdi. Ona görə də vaxtında strategiyanı hazırlamaq lazım idi. 16, AFFA-nın 1992-ci ildə yaradıldığını nəzərə alsaq, tam 32 il boşa verilib, biz hələ də Avropa və dünya çempionatlarının final mərhələsinə yaxın düşəsi komanda yarada bilməmişik, bu müddətdə ölkədə futbolun maliyyələşdirilməsinə milyardlar ayrılıb. Amma ortada “Qarabağ”dan başqa heç bir uğurlu layihə yoxdu. Hər kəs də ağzını açan kimi ondan danışır. Kəsəsi, futbolumuz dəyişməlidi, dəyişməyə məhkumdu. Amma dəyişəcəkmi? Bunu da yeni rəhbərliyin elə ilk addımlarından sonra deyə biləcəyik.