"Maison de la Mutualite" konfrans mərkəzində təşkil olunan tədbirdə AFFA-nın vitse-prezidentləri Elşad Nəsirov, Vaqif Sadıqov və baş katib Sərxan Hacıyev iştirak etdi. Prezident Rövnəq Abdullayevin Konqresə qatılmaması isə müzakirələrə səbəb oldu.
Futbol ictimaiyyətinin bəzi nümayəndələri düşünür ki, Rövnəq bəy vəzifəsini davam etdirmək istəmədiyindən yavaş-yavaş göz önündən çəkilir. Yəni nəinki hansısa beynəlxalq, ölkədaxili tədbirlərə qatılmağı da lazım bilmir.
Bəs AFFA Rövnəq Abdullayevin UEFA-nın təşkilatçısı olduğu Konqresə qatılmamasını necə izah edir? Qurumun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədlini dinləyək:
"Rövnəq müəllim iş qrafikinin sıxlığı səbəbindən nə UEFA-nın Konqresində, nə də püşkatma mərasimində iştirak edə bildi".
Elnur bəydən Bakıdan Parisə yollananların tədbirdə AFFA-nın sabiq baş katibi Elxan Məmmədovla görüşüb-görüşmədiklərini də soruşduq:
"Bəli, Elxan Məmmədov FİFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru kimi Konqresdə idi. Hər kəs tədbirdə çalışdığı qurumu təmsil etdi".
KƏNAN BAHADIR





