La Liqada yenicə çempionluğu rəsmiləşdirən “Barselona” ilə bağlı qalmaqallı xəbər var.
“Football-plus.az” xəbər verir ki, bilindiyi kimi, İspaniya çempionatının Rusiyada yayın hüququna malik olan şirkət internet üzərindən fəaliyyət göstərən “Okko Sport”du. Bazar günü keçirilən “Barselona” – “Real Sosyedad” oyunundan öncə “Okko Sport”un rəsmi “teleqram” səhifəsində bir video yerləşdirildi. Orda “Barsa”nın iki üzvü – Aleks Balde ilə Serxi Roberto rusiyalı fanatlara salamlarını çatdırır. Balde “Rusiyada yaşayan bütün “Barselona”sevərlərə böyük salamlar. Yaxın müddətə görüşərik” deyirsə, Roberto “əziz rusiyalı fanatlar, dəstəyinizə və enerjinizə görə çox sağolun. Siz də bu böyük qələbənin bir parçasısız. Ümid edirəm ki, birlikdə hələ çox titullar qazanacağıq” ifadəsini işlədir.
14 saniyəlik bu video böyük əks-səda doğurdu. Ona “Şaxtyor”, Ukrayna Futbol Assosiasiyası (UFA) və hətta “Barsa”nın forvardı Robert Levandovski də neqativ münasibət bildirdi. “Şaxtyor”un adından klubun baş direktoru Sergey Palkin açıqlama verdi:
“Məlum video ilə bağlı məyusluğumuzu dilə gətirmək istəyirik. Bunun yolverilməz bir addım olduğunu düşünürük. Ümid edirik ki, “Barselona” indi Rusiya kimi bir ölkəyə dəstək nümayiş etdirməyin mümkünsüzlüyünü anlayacaq. Klubun səhvini anlayacağına və gələcəkdə belə addımlardan çəkinəcəyinə inanırıq”.
UFA daha sərt bəyanat yayaraq “Barsa”nın oyunçularının addımını rüsvayçılıq adlandırıb. Qurum “Barsa”nı təkcə idman nəticələrinə yox, həm də sülh və demokratiyaya əsaslanan Avropa dəyərlərinə önəm verməyə çağırıb. Ukraynanın məhz bu dəyərlər uğrunda mübarizə apardığı xatırladılıb. Kiyev “Dinamo”su isə bir qədər də irəli gedərək “Barsa”lılara Rusiya çempionatında oynamağı məsləhət görüb: “Biz “Barsalı” oyunçulara ürəkdən məsləhət görürük ki, sevimli rusiyalı fanatlara daha yaxın olmaları üçün Rusiya çempionatında iştirak üçün müraciət etsinlər”. Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin birinci günündən etibarən bütün Polşa hökuməti kimi rusların əleyhinə bir neçə dəfə açıqlamalar verən Robert Levandovskinin məsələyə necə reaksiya verəcəyi də maraq doğururdu. Məşhur forvard “Real Sosyedad”la oyundan sona fikirlərini bildirdi. Amma onun konkret nə demək istədiyi aydın olmadı: “Bu video haqda sonradan xəbər tutdum. Düzünü desəm, bir qədər təəccübləndim. Klubda bu məsələni aydınlaşdırmağa çalışdım. Bilirəm ki, bu, “Barselona”nın rəsmi mövqeyi deyil. Sadəcə, media ilə görüşdə rəsmi yayın hüququna malik olan şirkət üçün atılmış bir addımdı. Belə məqamlarda kimlə söhbət etdiyini də bilmirsən. Düzdü, bu, bəhanə ola bilməz. Çünki yaxşı düşünülmüş bir addım deyil. Hər şey çox pis göründü. Amma bilirəm ki, “Barselona” yaranmış məsələ ilə bağlı yeni bir addım atmağa hazırlaşır”.
“Barsa” “alovu” bir qədər söndürməyə çalışıb. Klubdan qeyd edilib ki, bu video La Liqa rəhbərliyinin təşkil etdiyi bir tədbirdə çəkilib. Həmin tədbirdə “Okko Sport”un əməkdaşları da iştirak edirdi. Çox güman, video məhz onların xahişi ilə araya-ərsəyə gəlib. Eyni zamanda Kataloniya nəhənginin rəhbərliyinin fikrincə, Balde və Roberto onları dar ağacından asmaq üçün heç nə etməyiblər.Yəni klub oyunçuların qınaq obyektinə çevrilməsini dəstəkləmir. Hər halda, bu, Rusiya mətbuatının versiyasıdı.