Lionel Messi bugünlərdə növbəti dəfə Barselonaya baş çəkib.
“Football-plus.az” xəbər verir ki, əslində sıradan hadisədi, ona görə ki, argentinalı əvvəllər də həftəsonlarını dəfələrlə Kataloniya paytaxtında keçirib. Bu səfərlər zamanı köhnə dostları Jordi Alba və Buskets ilə şam yeməyinə qatılıb. Ancaq əfsanəvi “10 nömrə”nin “Nou Kamp”a dönüşü ilə bağlı saysız-hesabsız şayiələr fonunda sonuncu səfər görünməmiş dərəcədə ajiotaj doğurdu. Hətta o dərəcədə ajiotaj yarandı ki, klubun idman direktoru Mateo Alemani səfəri şərh etməl oldu, Messi ilə klub menecmenti arasına heç bir təmasın olmadığını bildirdi. Amma indi hamı birağızdan deyir ki, məhz Leo ilə şam yeməyi Busketsin gələcəyi ilə bağlı fikrini qətiləşdirməsinə və ya ən azı “Barsa” ilə yeni müqavilə xatirinə MLS-ə gedişini təxirə salmasına yardım etdi. Yeri gəlmişkən, bu da yenilik deyil. İspaniyada çoxdan yazırlar ki, Xavinin komandada saxlamağı arzuladığı yarımmüdafiəçinin planları Messi ilə sıx bağlıdı. Və argentinalı ABŞ-a yollansaydı, Buskets də onun yolunu tutacaqdı. İndi isə Serxio maaşının önəmli şəkildə azaldılmasına razılıq verməli olacaq. Elə müqaviləsi “Barsa”nın əməkhaqqı cədvəlini ağırlaşdıran Alba da. Jordi güzəştə razılıq verməsə, klub növbəti mövsüm ona 32 milyon avro ödəməli olacaq! Bir sözlə, klubun Messi naminə çoxpilləli planı reallaşdırması lazım gələcək. Bunların sırasına La Masiyanın köhnə binasında Leonun muzeyinin yaradılmasından tutmuş Rafinyanın İngiltərə klublarına satılmasına qədər müxtəlif addımlar daxildi. Adəti üzrə kağız üzərində hər şey asan görünsə də, planın gerçəkləşməsi yolunda çoxlu maneə var. Məsələn, Ferran Torres “Atletiko”dan Karrasko ilə dəyiş-düyüş əməliyyatının tərəfi olmaq istəmir. Bu sövdələşmədən imtina isə kluba maliyyə zərbəsidi. Guya Kristensenlə Kessye də maaşın azaldılmasından imtina edib, halbuki klub indi hər qəpiyini saymağa məcburdu. UEFA-nın “maliyyə feyr-pleyi” ilə bağlı tələbinə uyğun gəlmək üçün kataloniyalılar hətta klub telekanalını bağlayırlar ki, ildə 13 milyona qənaət etsinlər. Və telekanal daxili audit əsasında həyata keçirilən xərclərin azaldılması proqramının ilk qurbanıdı. Bir sözlə, böhranla mübarizə və əfsanənin dönüşü yolunda hər addım atılır.
Xavinin rolu
Amma ədalətin bərpası yolunda gerçəkləşən bu prosesdə hər şey birmənalıdımı, sualsızdımı? “Nou Kamp”ın tribunaları artıq neçə oyundu 10-cu dəqiqədə kumirin adını səsləndirməyə başlayır. Bu da PSJ Çempionlar Liqasında mübarizəni dayandırandan sonra parisli fanatların hər oyunda fitə basdığı Leo üçün əlavə siqnaldı. Ancaq bütün bunlar emosiyaların izharıdı, reallıq isə fərqlidi. Sadə bir məqam: Messi get-gedə qocalır və onun meydandakı varlığı artıq intensiv pressinq baxımından bir adamın əskik olması deməkdi. Bəli, bu məqam Argentinanın ötən il dünya çempionluğunu qazanmasına mane olmadı. Hərçənd Qətər turniri ilə paralellər aparmaq bəzilərinə qəribə görünə bilər. İradlarla müəyyən mənada razılaşmaq olar, DÇ yığmaların qısa zama kəsiyində keçirilən turniridi. Ancaq yenə də ümumi prinsiplər var. Məsələn, yığmada həm köhnə dostları, həm də gənclər Messi üçün yaşıl meydanda canından keçməyə hazır idi. Alba və Buskets kimi veteranların, Pedri, Qavi, Fati və Arauxo kimi istedadlı gənclərin olduğu “Barselona”nın yığmadan fərqi nədi ki? Qavi istisna olmaqla bunların hər biri Leonun Kataloniya paytaxtında keçirdiyi, yetərincə yaxşı təsir bağışladığı mövsümdə yanında olub. Bütün bunlara əlavə kimi indi “Barsa”da Messi ilə eyni komandada oynamağı arzulayan Levandovskinin şəxsində möhtəşəm mərkəz hücumçusu var. Nəhayət, baş məşqçinin inadkar arzusunu da nəzərə almalıyıq. Sirr deyil ki, Leonun doğma klubla heç də yaxşı vidalaşmaması fonunda məhz baş məşqçi yenidən onunla qeyri-formal əlaqələrin qurulmasında həlledici rol oynayıb. Kluba yaxın olan insayderlər iddia edirlər ki, Xavi artıq Messi ilə meydandakı rolunu da müzakirə edib, transfer kampaniyası argentinalının güman olunan dönüşü nəzərə alınmaqla aparılır.
Fərqli futbol
Məhz elə bu mərhələdə suallar başlayır. O cümlədən iki taktika versiya ilə bağlı suallar. Versiyalardan birinə görə, Xavi Messiyə deyib ki, ondan ənənəvi mövqedə - hücum üçlüyünün sağında yararlanmaq fikrindədi. Digər qaynaq isə iddia edir ki, söhbət taktiki sxemin 4-3-1-2-yə dəyişməsindən gedir. Belədə meydanda iki hücumçu olacaq, Leo yarımmüdafiəçilər kvartetində klassik “9 nömrə” rolunu yerinə yetirəcək. Bunlardan biri o birinə zidd deyil. Messi əvvəllər də formal cəhətdən sağda qərarlaşsa da, müntəzəm meydanın mərkəzinə - oyun qurucusu mövqeyinə çəkilirdi. Müxtəlif məşqçilər və müxtəlif sistemlər ilə klubda da belə olub, yığmada da. Ancaq iş ondadı ki, Xavi baş məşqçi postuna gələndən sonra başqa futbolu praktikadan keçirir. Məsələn, Dembelenin gələcəyi sual altında olanda məşqçi deyirdi ki, ona bir, ən yaxşısı iki vinger lazımdı. Nəticədə komandada eyni vaxtda Dembele, Fati, Torres, Rafinya toplaşdı. Messi belə oynamır. Yəni yuxarıda xatırladılan kvartetdə bir-iki əlavə fiqur var, sxemi və oyunçuların rolunu isə argentinalı üçün uyğunlaşdırmaq lazım gələcək. Və bu müdafiənin sağ cinahındakı problem fonunda olacaq, Dani Alvesin gedişindən sonra həmin mövqedə uyğun hücumameyilli müdafiəçi tapılmır. Bir müddət əvvəl deyirdilər ki, “Barsa” maliyyə durumu üzündən belə futbolçu axtarmayacaq, sağda vəziyyətdən asılı olaraq zəruri vərdişlərə malik Kunde və ya Arauxo oynayacaq. Ancaq uğursuz oyunlar seriyası, xüsusən də kataloniyalıların sağ cinahını yaran “Rayo Valyekano” ilə oyunun nəticəsi mövqeni dəyişməyə məcbur etdi. Belə nüansların sayı çoxdu. Pedri, Qavi, Buskets, De Yonq və Kessye arasında necə balans tapılacaq, onları oyun vaxtı baxımından incitməmək mümkün olacaqmı? Bütün bunlar hər nə qədər dahi olsa da, bir adamın kluba gəlişinə görə yaranacaq çətinliklərdi. Və hər kəs də Xuan Laportanın heç kimin klubdan vacib olmamasıyla bağlı sözünü xatırlayır. Burda isə sabiq kapitanın müqaviləsini qeydiyyatdan keçirmək naminə kimisə qurban vermək lazım gələcək. Üstəlik Messi özü də tam iki il əvvəl ayrıldığı komandaya qayıtmır. Sözsüz, Parisdəki ilə müqayisədə daha uyğun atmosferə düşəcək, ona görə ki, “Barsa” doğma evidi, burda dost-tanışlarının sayı yetərincə çoxdu. Ancaq oyun əlaqələrini cilalamaq üçün həm Leoya, həm Xaviyə, həm də bütün komandaya vaxt lazımdı. İyunda 36 yaşını tamamlayacaq futbolçunun bu qədər vaxtı varmı? Özü də Messi üçün indi əsas orientir 2024-cü ildə keçiriləcək Amerika Kubokudusa. Ardından, cəmi bir il sonra elə həmin MLS variantı da mümkündü. Argentinalı gedərsə, hazırda onsuz oynamağa öyrəşən “Barselona” yenidən formalaşmalı olacaq. Odu ki, əfsanənin dönüşü ilə bağlı tarixçə illər sonra da rəqabətədavamlı olacaq komandanın qurulması baxımından heç də məntiqli deyil. Düzdü, vacib və mübahisə doğurmayan fakt da var. Messi elə dahidi və elə oynaya bilər ki, biz uzun müddət onun dönüşünü xatırlamalı olaraq. Bu dönüş hətta birmövsümlük olsa da.