Bu il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr, 2022-ci ildə imzaladığı Sərəncamla bu il ölkəmizdə ümummilli lider Heydər Əliyevin yubileyi qeyd olunur.
Heydər Əliyev ölkəmizin təkcə siyasi həyatında böyük rol oynamayıb, həm də idmanımızın inkişafında müstəsna xidmətlər göstərib, idmanımıza və idmançılarımıza həmişə xüsusi qayğı ilə yanaşıb. Azərbaycan voleybolu da bu diqqət və qayğıdan kənarda qalmayıb.
Müstəqilliyimizi bərpa etdikdən sonra ölkədə davam edən müharibə şəraiti, iqtisadi çətinliklər idmana da öz mənfi təsirini göstərmişdi. Bir çox tanınmış mütəxəssislər və idmançılar ölkəni tərk etmiş, karyeralarını Azərbaycandan kənarda davam etdirmək məcburiyyətinə qalmışdılar. Həmin idman adamlarından biri də Faiq Qarayev idi. Cənab İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra bütün mütəxəssisləri və idmançıları vətənə qaytarmağa çalışdı, onları Azərbaycanda işləməyə, ölkə idmanının inkişafına töhvə verməyə çağırdı. Bu istiqamətdə əməli fəaliyyət həyata keçirilməyə başladı. Faiq Qarayev də Türkiyədəki işini yarımçıq qoyub, Azərbaycana qayıtdı. Həm o dövrə qədər, həm də o dövrdən sonra Azərbaycan voleybolunun qazandığı uğurlarda Faiq bəyin böyük xidmətləri var. Bu dəfəki yazımızda hazırda Azərbaycan Voleybol Federasiyasının (AVF) I vitse-prezidenti vəzifəsində çalışan Faiq Qarayevlə söhbətləşib, onun xatirələrini dinləmişik:
“Mən məşqçiliyə başlayanda ulu öndərimiz Heydər Əliyev artıq Moskvada idi. Ona qədər də həmişə Heydər Əliyevin diqqət və qayğısını hiss edirdik. Özüm də görürdüm ki, burda hansısa çətinlik olan kimi Moskvaya zəng vurur, Heydər Əliyevə müraciət edirdilər, o da bu müraciətləri cavabsız qoymurdu. Əlindən gələn köməyi göstərirdi. 90-cı illərin əvvəllərindən etibarən çətinliklər başladı, bir növ xaos dövrü idi. Sonuncu dəfə SSRİ kubokunun qalibi olduq. Sovetlər Birliyinin dağılmasıyla təkcə voleybolda yox, digər idman növlərində də qarışıqlıq başladı. Çempionatlar keçirilmədi, superliqa deyilən bir turnir keçirildi. Tale elə gətirdi ki, mən Türkiyəyə yollanmağa məcbur qaldım. Qızlarımızın da bəzilərini ordakı klublara yerləşdirdik. İnanın mənə, biz bir yetim uşaq kimi ortada qalmışdıq, sanki bizə böyüklük edən yox idi. Baxmayaraq ki, Türkiyədə yaşayırdım, şəraitim yaxşı idi, amma bu çətinlikləri hiss edirdim. Hər axşam “TRT1” kanalını açırdım, Azərbaycanla bağlı xəbər eşitmək istəyirdim. Azərbaycanda baş verən hadisələri həyəcanla izləyirdim. Çoxusu bunu başa düşmür. Novruz bayramında Azərbaycana gəlirdim, vəziyyəti öz gözlərimlə görürdüm, təəssüflənirdim. Ulu öndərin Azərbaycana dönməsiylə hər şey dəyişdi. Mən bilirəm ki, o gələndən sonra çox işləyirdi. Gecəsi-gündüzü yox idi, həmişə xalqın içində olurdu.
Bir dəfə onunla görüşdüm, gördüm ki, hər şeydən xəbərdardı. 1993-cü ildə “Emlak Bankası” klubunun rəhbərliyindən razılıq aldım, qızlarımızı Türkiyəyə dəvət etdim ki, orda təlim-məşq toplanışı keçək. Bunun üçün Naxçıvana avtobus göndərdim. Həmin vaxt ulu öndərimiz də Naxçıvanda idi. Bizim qrupun rəhbəri gedib sərhəddə avtobusu qarşılamağa, ona deyiblər ki, Heydər Əliyev icazə vermir. Nümayəndə heyəti gedib Heydər Əliyevlə görüşüb, o da avtobusdakı komandanın hansı komanda olduğunu soruşub. Ulu öndərə bildiriblər ki, azərbaycanlı voleybolçulardı, dünya çempionatına hazırlıq üçün Türkiyəyə yollanırlar. Heydər Əliyev dərhal xatırlayıb, bildirib ki, bizim bir məşqçimiz Türkiyədə çalışır, mənim adımı çəkib. Bunu mənə klubun rəhbəri Ankarada danışanda yerimdə donub qaldım. Hətta mənə salam göndərmişdi, yaxşı işlədiyimi, işimə davam etməli olduğumu bildirmişdi. Ondan sonra tapşırıq vermişdi ki, komandanı yüksək səviyyədə yola salsınlar. Bu hadisənin özü Heydər Əliyevin idmanı necə diqqətdə saxlamasının göstəricisidi.
Sonradan mənə qismət oldu onunla görüşdüm. Həmin görüşdə mənə bildirdi ki, Faiq, bir gün gələcək, hamınız Azərbaycana dönəcəksiz. Sonrakı görüşümüzdə o sözləri mənə xatırlatdı. Mən Azərbaycana dönəndə AVF-nin idman zalı pis vəziyyətdə idi. Burada məşq keçmək olmurdu. Zalda dükan, kafe açmışdılar. Onlar hamısı təmizləndi. Adicə su, elementar şərait yox idi. Tezliklə Gənclik Olimpiya Kompleksində məşqlərə başladıq. Xatırlayıram ki, ikinci məşqimizə Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev gəldi. Bizimlə görüşdü, məşqlərin necə keçdiyini və qızların durumunu soruşdu. Çıxışımda qeyd etdim ki, burada yemək yerimiz yoxdur. Xatırlayırsınızsa, orada sağda və solda zal var. Sağda basketbol komandası, solda isə biz məşq edirdik. Basketbol komandasının ovaxtkı baş məşqçisi Rimas Kurtinaytislə yaxşı dostluğumuz var. İkimiz də yemək yerinin olmadığını dedik. Bir həftənin içində bizim üçün mətbəx düzəldi. Rəhbərlik buna tez reaksiya verdi. Üstündə 23 il keçib, mən 2000-ci ildə qayıtmışam. Bizim zəhmətimizin bəhrəsi kimi “Azərreyl” Top-Komandalar Kubokunu qazandı. Bu hadisə təkcə voleybola deyil, bütün idman növlərinə dövlət qayğısının artmasına təkan verdi. Cənab İlham Əliyev Olimpiadaya, mötəbər yarışlara şəxsən yola salırdı. Kuboku qazandıqdan sonra ümummilli lider bizi qəbul etdi, orda hiss etdim ki, bizim bütün görüşləri izləyir. Çünki qızları adbaad tanıyırdı. Deyirdi ki, İnessa Qorxmaz topu belə vurdu, Alla Həsənova, yaxud da Oksana Məmmədyarova bu cür etdi. Görürdüm ki, qızlar özləri də ulu öndərin onları tanımasına təəccüblənir. Mən Turqut Özal rəhmətliklə görüşmüşəm, onun əlindən kubok qəbul etmişəm. Rusiyada “Yeltsin kuboku”nda dəfələrlə Yeltsini görmüşəm. Amma ulu öndər mənim üçün kolorit, xarakter, vətən sevərliyi ilə mənim üçün tamam başqadı. Onun nitqi, natiqliq qabiliyyəti çox mükəmməl idi. İdman haqqında danışanda, oturub qulaq asırdım, görürdüm ki, peşəkar idmaçılardan daha çox məlumatlıdı. Onda bir böyüklük, ağsaqqallıq da görürdüm. Fəxr edirdim ki, bizim belə bir prezidentimiz, rəhbərimiz var. Onunla görüşdən sonra bir neçə gün həmin təəssüratı yaşayırsan. Heydər Əliyevdə qeyri-adi güc, insanlara sevgi var idi. Ulu öndərlə görüşəndən sonra idmançıların bütün yorğunluğu çıxırdı, istəyirdin ki, daha çox işləyəsən, məşq edəsən. “Azərreyl”lə görüşdən sonra neçə ay qızlar bu təəssüratları danışırdılar. İllər keçsə də, onunla görüşümüzü unutmuruq, gənc nəslə də həmin hissləri də ötürürük.
Heydər Əliyev bizim üçün Azərbaycanın simvoludu. Az əvvəl dediyim kimi, təkcə idmanda yox, ümumilikdə yetim kimi ortada qalmışdıq. O bizi ayağa qaldırdı. Bizim indiki prezidentimiz, müzəffər ali baş komandanımız İlham Əliyev də bu yolu uğurla davam etdirir. Azərbaycan artıq bir lider ölkəyə çevrilib. Bizim cənab İlham Əliyevlə də tez-tez görüşümüz olur. Çünki o, həm də Milli Olimpiya Komitəsinin də rəhbəridi. Görürəm ki, cənab İlham Əliyev də əfsanəvi bir insandı. Diqqət yetirin, Azərbaycan voleybolunu, özü də məhz qadın voleybolunu bu səviyyəyə qaldıran məhz İlham Əliyev oldu. Cənab prezidentimiz təkcə siyasət aləmində yox, idman xadimi kimi də lider qabiliyyətinə malikdi. Düzdü, onun tərifdən xoşu gəlmir, amma düz sözü demək lazımdı. Bu il bizim üçün mötəbər ildi, böyük bayramdı. Çünki biz ulu öndərimizin 100 illik yubileyini keçiririk. Ulu öndər bir şəxsiyyət kimi bu dövlətin əfsanəsidi. Gənclər də onu bilsin ki, ulu öndəri yaşatmalıyıq.
Biz də ulu öndərin xatirəsinə turnir keçirməyə hazırlaşırıq. Bu istiqamətdə böyük planlarımız var. Həmin turniri layiqli səviyyədə keçirəcəyik. Rusiyadakı, Belorusiyadakı vəziyyət bir qədər işimizi əngəlləyir, ordan komandalar dəvət edə bilmirik. Amma Türkiyə Voleybol Federasiyası ilə danışıqlar aparmışıq. Orda Heydər Əliyevin, burda isə Atatürkün xatirəsinə turnir keçirmək istəyirik. Türkiyənin müxtəlif yığmaları ilə oyunlar keçirmək planlarımıza daxildi”.
İLKİN SULTANLIYazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.