İrəvanda davam edən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi tarixi rəzalətlə yadda qaldı. Bayrağımızın yandırılmasının əks-sədası hələ də səngimir. Düşmən ölkəyə AAAF-ın mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev də yollanmışdı.
“Futbol+”in qonağı olan həmkarımızla söhbətdə detallar üzərində gəzişdik:
“Aprelin 13-də Bakı - Tiflis reysi ilə yola düşdük. Bizi Gürcüstanda Ermənistanın xüsusi xidmət orqanlarının nümayəndələri qarşıladı. Onlarla qısa söhbətdən sonra birlikdə təyyarə ilə İrəvana getdik. Hava limanında da təhlükəsizlik tədbirləri görülmüşdü. Ordan avtobusa əyləşərək qalacağımız otelə hərəkət etdik. Həmin şəxslər bizi son ünvana sağ-salamat çatana qədər müşayiət etdi. İlk gün istirahət etməliydik. Şəhərə çıxmaq planımız yox idi. Bununla yanaşı, mühafizə xidməti oteldən kənara çıxmamağı tövsiyə etdi. Türkiyə təmsilçiləri ilə yanaşı qalırdıq. Maraqlıdı ki, qardaş ölkənin nümayəndə heyəti də gücləndirilmiş rejimlə qorunurdu. Digər ölkələr üçün isə belə deyildi. İctimaiyyətlə aramızda belə möhkəm səddin qurulması həm də ermənilərin türklərə nifrətinin, qəzəbinin və kininin təzahürüdü. Qidalanma üçün otaqları tərk edərkən də nəzarət altında olurduq. Növbəti gün daha hərəkətli keçdi. Oteldən çıxıb avtobuslarla məşq zalına yollandıq.
Daha öncə mətbuata açıqladığım hadisə də elə orda baş verdi. Sən demə, bizdən sonrakı qrup Ermənistan təmsilçiləriymiş. Onlar təyin olunan vaxtdan 5-10 dəqiqə tez zala daxil oldu. Həmin an idmançılar yarışa hazırlaşırdı. Ermənilər məşqimizi izləyirdi. Hətta təhlükəsizliyimizi qoruyan şəxslər də təəccüblənmişdi. Onlar heyətimizin lazım olandan daha artığını bacardığının şahidi oldu. Təxminən 4 ay idi məhz bu yarışda uğur qazanmaq üçün hazırlaşırdıq. Hədəf qızıl medal qazanmaq idi. Fikrimcə, qarşı tərəf performansımızla bağlı başqa dairələrə informasiya ötürdü. Gözü qorxan ermənilər müqəddəs bayrağımızın İrəvanda dalğalanmasını həzm edə bilməyəcəyi üçün belə addım atdı”.
Həmkarımız daha sonra təzyiqlə üzləşdiklərini söylədi:
“Məşqdən otelə qayıtdıq. Bir neçə saat sonra isə həmin xoşagəlməz hadisə yaşandı. Bundan xəbər tutan kimi dövlətə məlumat verdik və qərarı gözləməyə başladıq. Yarışdan geri çəkilmək haqda qərar veriləndən sonra təzyiq başladı. Oteldən çıxmağımıza mane olmaq istədilər. Səhərə kimi və ertəsi gün çoxsaylı müraciət oldu. Həm Ermənistanın daxilindəki, həm də beynəlxalq qurumlar bizi qərardan imtina etməyə çağırsalar da, dinləmədik. Çünki dövlətimiz ən yüksək səviyyədə məsələ ilə məşğul olmağa başlamışdı və qərar qəti idi. Təzyiqin işə yaramayacağını anlayandan sonra yenidən xüsusi xidmət orqanlarının müşayiəti ilə vətənə yola düşdük. Təyyarə ilə geridönüşün təhlükəli olduğunu deyib, bizi avtobusla apardılar. Gürcüstan, sonra isə Azərbaycan, Bakı... Ümumiyyətlə, bir ölkədə ən yüksək post sahibinin (baş nazir Nikol Paşinyanı nəzərdə tutur – red.) gözü önündə başqa dövlətin milli rəmzi yandırılırsa, bu ölkədən nə gözləmək olar? Onlar bizimlə söhbətdə hadisənin ümumi ictimaiyyətin yox, bir nəfərin şəxsi düşüncəsi kimi formalaşdığını deyirdi. Belə hərəkətin bir daha baş verməyəcəyinə dair vəd verirdilər. Nə xeyri? Bayraq müqəddəsdi, toxunulmazdı, şanlı və ucadı. Ermənistan orda bizdən daha çox həmin bayrağı mühafizə etməliydi. Bundan sonra orda hansısa turnir, çempionat və başqa tədbirlərdə iştirakla bağlı planlar ola bilməz. Nəinki biz, hətta beynəlxalq aləmdə də belə hadisələr qınanmalı, lazımi tədbirlər görülməlidi.
Öz adımıza məsul orqanlara, bütün cavabdeh qurumlara müraciət edərək irad bildirmişik. Şikayətçi olduğumuz məsələlər araşdırılır. Avropa səviyyəsində yarışların təxribatsız təşkili yönündə tutarlı ola bilməyən dövlətin daha böyük tədbirlərə evsahibliyi etməsi məntiqsizdi. Ümid edirik ki, qısa zamanda Ermənistanla bağlı cəza tədbiri görüləcək. Biz ora getməklə qorxmadığımızı, çəkinmədyimizi göstərdik - İrəvandayıq və gücümüzü idman sahəsində göstərmək üçün gəlmişik. Onlar bunu başa düşmədi”.
KƏNAN BAHADIR