Avstriya və İsveçlə matçdan sonra Bakıya qayıtmayıb, Romaya üz tutan Canni de Byazini iki gün öncə səhər İcraiyyə Komitəsinin iclasında gördüm.
Açığı, düşünürdüm ki, çalışdırdığı komandanın iki ağır məğlubiyyətindən, qaynata itkisindən sonra 66 yaşlı mütəxəssisi üzgün, pəjmürdə, əhavalı pərişan görəcəm. Ancaq zənnim məni yanıltdı. İtaliyalı nəinki pərişan, məyus idi, əksinə, adam Bakıda olmadığı müddətdə bir qədər də gümrahlaşıb, cavanlaşıb, daha təravətli olub. Bunu onu gözü ilə görən biri kimi deyirəm. AFFA-nın binasından çıxıb xidməti avtomobilinə qədər olan məsafəyə qırgı kimi şığıyan De Byazi yolüstü “açıqlama verməyəcəm” deməklə də onu gözləyən jurnalistləri üzdü. Həmin an özlüyümdə “yəqin kitabı bağlandı, qaldığı evə gedib çantalarını yığandan sonra hava limanına yollanacaq”, - deyə düşündüm. Nə gizlədim, bir qədər də ona görə pis olmuşdum. Yenə özlüyümdə fikrə dalıb “hər nə qədər yığmada uğursuz olsa da, sayılıb-seçilən mütəxəssisdi, Albaniyanı Avropa çempionatının final mərhələsinə aparıb. İtaliyalı olmasına baxmayaraq, Albaniyanın fəxri vətəndaşıdı. O Azərbaycanı belə urvatsız tərk etməməlidi. Onun kimi insanları Bakıdan təm-təraqla yola salmaq lazımdı” düşündüm. O qədər pis olmuşdum ki, iclasın qurtarmasını gözləmədən AFFA-nın inzibati binasını tərk etmək istəyirdim.
Ancaq həmin an aldığım xəbər məni çox sevindirdi. Hətta o qədər sevindim ki, sanki dünyanı mənə bəxş etdilər. Oynamaq, oxumaq, şeir demək, dastan söyləmək istədim, hətta az qala AFFA-nın mühafizə xidmətindən mənə saz tapmalarını xahiş edəcəkdim. Yaxşı ki, özümü tez ələ ala bildim. Yoxsa bu gün “Futbol+”in reportyoru qısa müddət ərzində dəli oldu” sərlövhəsi ilə sosial şəbəkə fenomeni idim. Deyəsən, bir qədər haşiyə çıxdım.
Qayıdım De Byazinin məsələsinə. Məlum oldu ki, onun nəinki “kitabını bağlayıblar”, əksinə, baş məşqçi kimi ötən il yığmaya ardıcıl 5 oyunda qələbə qazandıran 66 yaşlı italiyalıya daha bir məsul vəzifə tapşırılıb. Srağagün bahalı kostyumlarda, tanka oxşar maşınlarda iclasa gələn, pulunu balta kəsməyən kişilər De Byazidən milli üzvlərinə vətənpərvərlik hisslərini aşılamağı istəyiblər. Gülməyin. Nəyə deyirsiz and içim ki, belədi. İnanmırsızsa, AFFA-nın saytındakı xəbəri sizinlə bölüşürəm: “Eyni zamanda, qeyd olunub ki, yığmaya cəlb olunan futbolçuların millinin oyunlarına daha məsuliyyətlə yanaşması, qarşılaşmalara hazırlıq və oyunlar zamanı vətənpərvərlik hisslərinin yüksək olması və klubların da bu prosesdə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməsi vacibdi”. İndi inandız?
Deməli, bundan sonra ayda 5 gün azərbaycanlı olduğuna heç kimin şübhə etmədiyi braziliyalı Riçard Almeyda, xorvat Filip Ozobiç, fars Höccət Haqverdi, yarı anqolalı Eddi Paskual İsrafilov, ukraynalı Anton Krivotsyuk, Dağıstanda dünyaya göz açan Şahruddin Məhəmmədəliyev, Bədavi Hüseynov kimi futbolçular İtaliyanın dövlət kimi təşəkkülündə mühüm rol oynamış, vətənpərvər Daniele Manin barəsində De Byazinin mühazirələrini dinləyəcək, dünya tarixinin ən güclü sərkərdələrindən biri kimi tanınan Qay Yuli Sezarın həyat və döyüş yolunu öyrənəcəklər. Eramızdan əvvəl 74-71-ci illərdə qulları üsyana qaldıran Spartakın dava taktikasını mənimsəyəcəklər.
Avstriya və İsveçə məğlubiyyətlərdən sonra ölkə futboluna rəhbərlik edənlər müxtəlif təhlillər aparıblar, hesabatlar dinləyiblər. Və məlum olub ki, sərkərdə kimi De Byazi üzərinə düşən işi layiqncə görür, sadəcə, onun rəhbərliyi altında döyüşənlərdə, üzr istəyirəm, futbol oynayanlarda vətənpərvərlik hissi yoxdu. Məhz buna görə də Avropada rəzil oluruq, reytinq sıralamasında ikinci “yüzlüy”ün biraddımlığındayıq. İK üzvlərinin bu qərarını alqışlamaq, hətta dəstəkləmək lazımdı. Bizdə futbol da var, yüksək səviyyəli futbolçu da. Oyun qaydalarını da mükəmməl bilirik. Çatmayan vətənpərvərlik hissi idi ki, italiyalı mütəxəssis, hərbi xidmətdə olduğu müddətdə el dili ilə desək, “zampolit” olan kapitan De Byazi yetirmələrinə aşılayacaq. Yəqin bundan sonra müdafiəçi səhvə yol verəndə xarakiri edəcək. Qol vura bilməyən hücumçu özünü asacaq. Uzun ötürmə verə bilməyən yarımmüdafiəçi bir də toya-yasa getməyəcək. Nə bilim, vallah. Bir müddət də bu nağıl ilə zamanı boşa verək, görək sonra nə olur?
P.S. Sabah və ya birisigün yığmanın De Byazinin rəhbərliyi altında “Şahin” hərbi-idman oyunlarına qatıldığını görsəz və ya eşitsəz, təəccüblənməyin. Futbolda uğur vətənpərvərlikdən və poliqondan başlayır!
RƏŞAD