Ötən sayımızda "Neftçi"nin veteran futbolçusu Asəf Namazovun müsahibəsi dərc olunmuşdu.
Həmsöhbətimiz hazırda yığmada köməkçi məşqçi kimi çalışan Arif Əsədovun ünvanına ittihamlar yağdırmışdı. Belə ki, Namazov "Neftçi"nin baş məşqçi olduğu dönəmdə avrokubokda Sloveniya "HİT-Qoritsa"sına məğlubiyyətdə Əsədovun “əlinin olduğunu” deyib.
Football-plus.az olaraq veteran futbolçunun söylədiklərinə reaksiya öyrənmək üçün Arif Əsədovla əlaqə saxladıq:
"Qəzetinizdə Asəf Namazovun haqqımda söylədiyi cəfəngiyyatdan xəbərdaram. Başqaları haqda həmişə yaşına-başına yaraşmayan ifadələr, fikirlər bildirir. Bu insanın məsələlərə obyektiv baxışı yoxdu. Kimlərinsə barəsində xoş söz və həqiqətləri deməsinə rast gəlməzsiz. Həmişə bədlik, neqativlik yayan biri olub. Elə də böyük futbol camiəmiz yoxdu. Hamı kimin hansı keyfiyyətlərə sahib olduğunu yaxşı bilir. Məni bilərəkdən "Neftçi"ni uduzdurmaqda ittiham edən Asəf Namazov harda uğurlu baş məşqçi kimi özünü doğruldub? "HİT-Qoritsa"ya qarşı ilk avrokubok matçında Bakıda minimal hesabla qalib gəlmişdik. Səfərdə də yaxşı oyun gedirdi. Hesab 1:1 olandan sonra Asəf Namazovun yersiz əvəzetmələri, oyunun axarını oxuya bilməməsi və başqa səbəblərdən daha 2 qol buraxmaqla yenildik. Kimin dediklərimə şübhəsi varsa, həmin oyunun iştirakçılarından da açıqlamalar ala bilər. Matçın videoyazısına baxmaqla da başqalarına böhtan, ləkə yaxanın nə qədər səriştəsiz biri olduğunu görəcəksiz. İnsan gərək öncə kənardan öz əməlinə və fəaliyyətinə baxıb səhvlərini görsün. Onda isə bu cəhət yoxdu. Mən ideal biri deyiləm. Amma həmişə kiməsə qara yaxmaq, ittiham etmək kimi iyrəncliklərdən uzaq olmuşam. Heç vaxt, o cümlədən mətbuatda da bu cür gündəmə gəlməmişəm. Gəlin baxaq, görək Asəf Namazov neçə il Azərbaycan futbolunda məşqçi kimi çalışıb, harda uğurlar əldə edib? Heç yerdə. Niyə? Çünki insani və baş məşqçi keyfiyyətləri yoxdu ki, komandanı toparlasın, irəli aparsın. Onun işi ancaq başqalarını, əsasən də uğurlu şəxsləri qınamaqdı. Mən onun paxıllığı ilə bağlı çox fakt deyə bilərəm. Cəmi birini açıqlasam, bu insanın necə biri olduğunu biləcəksiz. Deməli, Canni de Byazi gənc futbolçuları daim diqqət saxlayırdı, biz də bu işdə ona əlimizdən gələni edirdik. Xüsusi marağımızda olan oyunçulardan biri də Musa Qurbanlı idi. İtaliyalı mütəxəssis həmişə deyirdi ki, Musanın böyük potensialı var, ona şans verməyin zamanıdı. Elə oldu ki, "Qarabağ"ın forvardına şans verdik, özünü yaxşı tərəfdən göstərdi, hətta yoldaşlıq oyunlarında qol da vurdu. Bütün futbol camiəsi bunu alqışlayanda, Asəf Namazov açıqlamalarında dedi ki, "yığma məşqçiləri niyə gəncləri irəli çəkir? Axı təcrübəsiz futbolçulara yox, praktikası yüksək olanlara şans verilməlidi". İndi baxın, görün bu insan nə qədər paxıl xislətlidi. Bu gün Musanın necə çıxış etdiyi, çempionatın bombardiri olduğu göz önündəsi. Asəf Namazovun gerçək kimliyi haqda çox şeylər deyə bilərəm. Amma onun səviyyəsinə düşmək istəmirəm və bu mövzunu birdəfəlik bağlayıram".
ABDULLA İSMAYILOĞLU